Təyyarə böhranı Netanyahu üçün seçki kampaniyasında fürsətə çevrildi - FOTO

İsrail Baş naziri Benyamin Netanyahu dünən Flydubai təyyarəsində baş verən insidentdən seçki kampaniyasında istifadə etməyə başlayıb.

Sherg.az "Milliyet"ə istinadən xəbər verir ki, Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasından gözlədiyi dəstəyi ala bilməyən və sorğularda müxalifətdən geri qalan Netanyahu hadisədən dərhal sonra Ben-Qurion hava limanına gedərək evlərinə qayıdan sərnişinləri qarşılayıb.

FZ 1073 reysi ilə bağlı insident zamanı sərnişinlərdən biri hücumun qarşısının alınmasında mühüm rol oynayıb. Netanyahu həmin şəxsi qucaqlayaraq media qarşısında hadisə ilə bağlı açıqlamalar verib.

İsrail mətbuatında bu addımın Netanyahuya təhlükəsizlik məsələlərini seçki kampaniyasının əsas mövzularından birinə çevirmək imkanı verdiyi bildirilir.

Digər tərəfdən, insidentdən sonra yayımlanan Lazar Araşdırma sorğusuna görə, Netanyahu liderliyindəki blokun 51 mandat, müxalifət blokunun isə 53 mandat əldə etdiyi göstərilib. İsrail parlamentində hökumət qurmaq üçün 120 yerdən ən azı 61 mandat tələb olunur.