Avropa İttifaqı Şurasının COEST İşçi Qrupunun nümayəndələri Xankəndidə olublar - FOTO

Oktyabrın 2-də Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti Xankəndi şəhərində olublar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf-a verilən məlumata görə, xarici diplomatlar əvvəlcə Xankəndi şəhərində aparılan genişmiqyaslı bərpa, yenidənqurma və tikinti-quruculuq işləri ilə tanış olublar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qonaqlara, şəhərdə həyata keçirilən quruculuq işləri, infrastruktur layihələri və sosial obyektlər barədə ətraflı məlumat verib.

Bildirilib ki, şəhər işğaldan azad edildikdən sonra burada genişmiqyaslı quruculuq işlərinə başlanılıb. Bu çərçivədə Zəfər parkı, Biznes Mərkəzi və Xankəndi Konqres Mərkəzi inşa edilib, Mədəniyyət Mərkəzi və Zəfər Muzeyi bərpa olunub. Həyata keçirilən layihələr şəhərin müasir simasının formalaşmasına, sosial-iqtisadi inkişafına və ictimai həyatının canlanmasına xidmət edir.

Daha sonra qonaqlar Zəfər meydanına gələrək buradan şəhərin mənzərəsini seyr ediblər.

Səfər çərçivəsində diplomatlar Qarabağ Universitetində də olublar. Universitetin əməkdaşları tərəfindən qarşılanan qonaqlar ali təhsil müəssisəsinin infrastrukturu, tədris imkanları, kitabxanası və fəaliyyəti ilə yaxından tanış olublar. Onlara universitetin yaradılması, inkişaf perspektivləri və həyata keçirilən təhsil layihələri barədə ətraflı məlumat verilib.

Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov Qarabağ Universitetində keçirilən görüşdə bildirib ki, işğaldan azad edildikdən sonra Böyük Qayıdış proqramı çərçivəsində Xankəndi şəhərinə və Kərkicahan qəsəbəsinə sakinlərin köçü həyata keçirilib. Keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdaraq burada yeni həyata başlayıblar.

Qeyd olunub ki, Xankəndinin inkişafında Qarabağ Universitetinin,tələbələrin xüsusi rolu var. Hazırda universitetdə 3 300-dən çox tələbə təhsil alır. Tələbə sayının ildən-ilə artması şəhərin ictimai, mədəni və sosial həyatına da müsbət təsir göstərir. Xankəndi günü-gündən inkişaf edir, şəhərdə həyat canlanır. Səfərin sonunda xarici diplomatlar Xankəndidən Ağdam rayonuna yola düşüblər.