Türkiyə xalqı birdir, bütündür



PKK və onların dəstəkçiləri qətiyyən istəklərinə nail ola bilməyəcəklər

  "Türkiyə dövləti böyük bir ərazidə baş vermiş dəhşətli zəlzələdən dolayı ciddi problem yaşayır. Amma bu, o demək deyil ki, dövlət çökdü, zəiflədi. Ordu, polis, kəşfiyyat və bütün digər qurumlar daha gücləndirilmiş rejimdə öz vəzifələrinin başındadır". Bu barədə "Şərq"ə açıqlamasında Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib. Zəlzələni fürsət bilən daxili-xarici güclərin Türkiyə dövləti əleyhinə planlar hazırlamasını, PKK təhlükəsinin yenidən dirçəlməsi ilə bağlı yayılan xəbərləri şərh edən professor bildirib ki, Türkiyə zəif bir ölkə deyil: "Türkiyədə zəlzələlər çox olub və fəsadları zamanla aradan qaldırılıb. Budəfəki zəlzələdən sonra da hər kəs öz işinin başındadır. Əlbəttə, belə məqamlarda müəyyən düşmən güclərin fəaliyyətə keçməsi də mümkündür. PKK terrorçuları Türkiyəni vurmaq üçün hər zaman fürsət gözləyiblər. Terrorçulardan da başqa cür davranmasını gözləmək olmaz. Ümumi bəladan faydalanaraq öz çirkin əməllərini reallaşdırmağa çalışan PKK və onların dəstəkçiləri qətiyyən istəklərinə nail ola bilməyəcəklər. Türkiyə Silahlı Qüvvələri ölkəni hədəf alan bütün terrorçuları dərhal zərərsizləşdirmək gücündədir". 
  T.İsmayıl vurğulayıb ki, belə məqamda Türkiyə üzərində oyunlar oynayan, planlar quran xarici ölkələr də öz niyyətlərinə çatmayacaq: "Türkiyədə etnik qarşıdurma yaratmaq cəhdləri əbəsdir və qeyri-mümkündür. Türkiyə xalqı birdir, bütündür. Zəlzələdən sonra türk xalqının sərgilədiyi həmrəylik hamımızı duyğulandırdı. Azərbaycan birinci yerdə olmaqla bütün türk dünyasından da qardaş Türkiyəyə davamlı yardımlar göndərilir. Hətta uzun müddət problem yaşadıqları Yunanıstan və İsrail kimi ölkələr də Türkiyəyə ilk əl uzadanlardan oldu. Əslində belə də olmalıdır. İstər ölkə daxilində, istərsə də xaricdə, fəlakətlər zamanı fitnə-fəsad yaratmaq, qarışıqlıq arzulamaq namussuzluq və vicdansızlıqdır. Təbii ki, siyasi mübarizələr hər zaman davam edəcək".