Türkoloji Qurultayda iki Türk alimi - Əli bəy Hüseynzadə və Fuad Köprülü Bakıda nə söylədi?

Akif Aşırlı,

Əməkdar jurnalist

Tiflisdə nəşr olunan " Yeni fikir " qəzeti 1926-cı ilin fevralın 26-dan martın 6-dək Bakıda kecirilən Birinçi Bakı Türkoloji Qurultayının açılışından sonunadək silsilə yazılar, təhlilər , müsahibə və reportajlar çap edib. Bu yazılarda maraqlı məqamlar, fikir yürütmək ücün xeyli faktlar və mülahizələr var. Həmin dövrün qəzet materiallarının təhlili onu göstərir ki, Sovetlər Birliyinin əsas diqqət yönəltdiyi məsələlərdən biri Qurultaya göndərilən Türkiyə nümayəndələrinin mövqe və baxışlarının öyrənilməsi və ideoloji baxımından ictimayyətə catdırılmasıdır.

Türkiyə Cümhuriyyətinin Bakıya göndərdiyi professorlar Əli bəy Hüseynzadə və Fuad Köprülünün " Yeni fikir " qəzetinə müshibələri də bu məqsəd daşıyır. Maraqlılığını nəzərə alaraq hər iki alimin Azərbaycan mətbuatına verdiyi açıqlamaları şərhsiz təqdim edirik. 

Professor Əli bəy Hüseynzadə:

Azərbaycanın bu günkü iqtisadi-mədəni vəziyyəti ilə onun çar vaxtında olan vəziyyətini müqayisə edərkən, hər yerdə qismən gözə çarpmaqda olan böyük fərqi qeyd etməyə bilməm.

Mən Azərbaycanın çar zamanındakı həyatını şəxsən görmüşəm. Bu gün gördüyüm fəaliyyət bəni heyrətə salmaqdadır.

Azərbaycan kütləsinin bu günkü fütühatı və tərəqqisini görürkən, qəlbimin şadlıq və məmnuniyyətlə döyünməsini gizlətməm. Çünki bu kütlənin bütün bəşəriyyətlə birlikdə tərəqqi etməsi fəaliyyətin əsas qayəsini təşkil edər.

Əli bəy Hüseynzadə türkoloji qurultayın yekunlarından bəhs edərkən söyləmişdir ki, qurultay türk-tatar xalqlarının həyatı ilə əlaqədar olan bir çox məsələləri həll etdi:

- Qurultayın türk-tatar xalqlarının həyatında böyük rol oynayacağına şübhə olamaz.

Əlifba məsələsində şəxsən mən əsaslı inqilab tərəfdarıyam. Bu məsələnin Türkiyədə hanki şəklə girəcəyi qarşımızda duran gələcək göstərəcəkdir.

Professor Köprülüzadə ilə müsabihə

(Xüsusi müxbirimizdən)

Professor Köprülüzadə Məhəmməd Fuad bəyi «Yeni Avropa» otelindəki odasında ziyarətə getdiyim zaman bəni daima gülən üzüylə qəbul etdi. Vaxtın səhər olmasına rəğmən professor tədqiqat ilə məşğul idi. «Yeni fikir» namına müsahibə yapmaq istədiyimi özünə anlatdığım vaxt təkrar güldü. Bana ikram etdiyi bir papirosla bərabər özü də bir papiros yakarak - buyurunuz dedi. Mən haman cibimdən dəftəri çıxararaq əlimdə hazırlamış olduğum sualları qiymətli zamanı öldürməmək üçün sormağa başladım.

- Lütfən professor, türkoloji qurultay haqqındakı fikirlərinizi öyrənə bilərəmmi?

- Türkoloji qurultayın elmi qiyməti çox mühüm olduğu kibi ümum-nöqtədən şayən diqqətdir. Biluxüsusa, türk xalqlarının intibahı elm və mədəniyyət yolunda irəliləmək istədiyini göstərir.

- Türkoloji qurultaydan nə kibi faidələr bəklənə bilər?

- Bundan belə türkoloji sahəsində yapılacaq işlərə türk alimlərinin də iştirakını, böyük və müntəzəm təşkilat vücudə gəlməsini və nəticə etibarilə bu elmin sürətlə tərəqqi və inkişafını təmin edəcəkdir. Bundan sonra məsələ əsl və mühüm bir nöqtəyə təmas edəcəkdir. O da ziyalılar arasında hər zaman görüşülən ümum bir dil vücudə gətirmək məsələsi idi.

- Lütfən professor, ümum ədəbi bir dil vücudə gətirmək mümkünmüdür?

- Türk xalqlarının ümumiyyətlə, bir-birlərinin dillərini anladıqları bu qurultayda meydana çıxmamışdır. Türklər arasında bir-birini çox yaxın bir elmi lisan vücuda gəlməsi, eyni istilahların qəbul edilməsi pək mümkündür.

- Hürufat haqqındakı fikriniz?

- Hürufat haqqında sərih bir fikrim yoxdur. Çünki bu elmi olmaqdan ziyadə əməl mahiyətində bir məsələdir.

- Şuralar ölkəsindəki türklərin tərəqqiyyatı haqqında nə deyə bilərsiniz?

- Elm və mədəniyyət yolundakı tərəqqi pək mühüm, qüvvətlidir. Şübhəsiz get-gedə daha da qüvvətlənəcəkdir. Zata, buna hacət yoxdur. Qurultay buna ən son və ən doğru iadə olmuşdur.

Professoru bundan ziyadə rahatsız etmək, qiymətli zamanını öldürmək istəmədim.

Müsaidəsini alaraq getməyə hazırlaşarkən əlim Köprülüzadənin masasında duran «Yeni fikir» qəzetəsinə ilişdi.

- Nasıl dedim, professor «Yeni fikir»i təqib edirsinizmi?

- Suala cavab verdi və əlavə etdi:  

- Gündən-günə təkamülü görməkdəyəm.

Artıq professoru kitabları ilə baş-başa buraxaraq yanından ayrıldım.

«Yeni fikir» qəzeti 1926-cı il 2 mart.