Xaricdə kadr hazırlığı
Bu siyasət məhz Heydər Əliyevin dövründə ən yüksək səviyyəyə qalxıb
"O kadrların böyük qismi Azərbaycan təhsilində yeni keyfiyyət mərhələsi yaratmağı bacardılar"
Azərbaycan tarixinin Heydər Əliyev dövrü taleyüklü məqamları ilə bütöv bir mərhələ, epoxadır. Zaman etibarilə bizlərə çox yaxın olduğu üçün bu gün həmin dövrün tarixi qiymətini, dəyərini bəlkə də düzgün ifadə etmək bir qədər çətindir. Ümummilli lider Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirdi. Müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında həmişəlik öz layiqli yerini tutdu. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı bütün həyatı boyu hər zaman xalqını, vətənini düşünüb.
Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınıb. Ulu Öndər bir dövlət başçısı kimi Azərbaycanın ən çətin, üzücü anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərib, ölkəsini bəlalardan qurtarmağı bacarıb. Azərbaycanı inkişaf etdirmək, şöhrətləndirmək, xalqın tükənməz potensialını üzə çıxarmaq Heydər Əliyevin ən böyük amalı idi. Bu dahi insan düşüncələri zəngin olduğu qədər də tükənməz enerjiyə malik idi. Heydər Əliyevi minlərdən, milyonlardan fərqləndirən üstün cəhət bu idi ki, o, məmləkətin inkişafı üçün zəruri olan məqamları görə bilirdi. Qarşıya konkret məqsədlər qoyurdu və insanları bu məqsədlər naminə səfərbər edirdi, qüvvələri səmərəli şəkildə istiqamətləndirirdi.
Ulu Öndər bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşırdı. Bu da təsadüfi deyildi. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsindədir. Məhz buna görə də Ümummilli Liderimizin rəhbərliyi ilə respublikamızın iqtisadi bazasının gücləndirilməsi əhalinin gün-güzəranının yaxşılaşdırılması, elm və təhsilin inkişafı ilə paralel aparılırdı. Heydər Əliyevin rəhbərliyi dövründə illər Azərbaycanın tarixinə elmin və təhsilin, mədəniyyətin tərəqqi dövrü kimi daxil oldu. Təkcə paytaxtımızda deyil, respublikamızın ucqarlarında da yüzlərlə məktəb, kino, teatr, klub, mədəniyyət evi, kitabxana, uşaq bağçası tikildi. Mədəniyyətin bütün sahələrində görünməmiş uğurlar qazanıldı. Bu qayğı sayəsində neçə-neçə görkəmli bəstəkar, rəssam, şair, yazıçı, heykəltəraş yetişdi. Onlara fəxri adlar verilməsi, Bakıda və Moskvada yubileylərinin keçirilməsi ənənə halını aldı. Ümummilli Lider hələ Azərbaycana birinci rəhbərliyi dövründə təhsilin inkişafına böyük önəm verirdi. Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və həmin şəbəkənin zəngin maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənardakı ali məktəblərə gənclərin göndərilməsi, respublika elmlər akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması gələcəkdə milli müstəqillik üçün zəruri intellektual zəmin yaratmışdı. Ulu Öndər yaxşı bilirdi ki, yüksək ixtisaslı mütəxəssislər yetişdirilməsi istənilən ölkədə dövlət müstəqilliyinin əsasını təşkil edən ən mühüm amillərdən biridir. Buna görə dahi öndər cəmiyyətin inkişaf zəminini düzgün olaraq təhsildə və maarifçilikdə görürdü, bu sahənin inkişafına diqqət və qayğısını əsirgəmirdi. Keçmiş sovetlər dövründə Ulu Öndər Azərbaycan təhsilinin tərəqqisinə mane olan bir sıra amilləri aradan qaldırmışdı. Mövcud potensialı ölkənin gələcək inkişafının elmi əsaslar üzərində qurulmasına, respublikanın mədəni intellektual resurslarının gücləndirilməsinə, Azərbaycan üçün layiqli vətəndaşların yetişdirilməsi işinə səfərbər etmişdi. Məhz həmin illərdə respublikada məktəblərin, ali və orta ixtisas müəssisələri üçün yeni binaların tikintisi geniş vüsət almışdı. Təhsil infrastrukturu tamamilə yeniləşdirilmiş, ixtisaslı kadrlar hazırlayan ali və orta ixtisas məktəbləri açılmışdı. Respublikanın müxtəlif bölgələrində 800-ə yaxın məktəb tikilərək istifadəyə verilmişdi. Ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin ümumi sayı 12-dən 17-yə, tələbələrin sayı 70 mindən 100 minə qədər artmışdı. O illərdə Azərbaycanın əldə etldiyi mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılmasıdır. Bu məqsədi uğurla həyata keçirmək üçün Heydər Əliyev hər il azərbaycanlı gənclərin təhsil almaq üçün böyük qruplarla keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoymuşdu. O dövrdə SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlı göndərilmiş, hər il xaricə 800 tələbə yola salınmışdı. Ümummilli Lider Heydər Əliyev öhdəsinə düşən bütün işləri yüksək səviyyədə reallaşdırdığı üçün məhz 1983-cü ildə SSRİ-də məktəb islahatı da Nazirlər Soveti sədrinin birinci müavini kimi ona tapşırılmışdı.
1993-cü ilin iyununda Bakıya qayıdan Ümummilli Liderin xüsusi diqqət yetirdiyi məsələlərdən biri təhsil sisteminin yaxşılaşdırılması ilə bağlı idi. Buna görə də Ulu Öndər təhsilin milli tərəqqinin gerçək amilinə çevrilməsi üçün geniş islahatlar proqramının hazırlanaraq reallaşdırılması vəzifəsini qarşıya qoydu. 1998-ci ilin martında "Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə dövlət komissiyasının yaradılması haqqında" sərəncamı imzalaması isə bu sahədə təkmil qanunverici bazanın formalaşdırılması, təhsil konsepsiyasının hüquqi əsaslarının yaradılması məqsədindən irəli gəlmişdi. Çox qısa müddətdə komissiyanın hazırladığı "Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı" geniş müzakirələrdən sonra 1999-cu ilin iyununda imzalanaraq qüvvəyə minmişdi. Həmin proqram ölkəmizdə təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması ilə yanaşı, milli təhsil ənənələrinə sadiq qalmasını da təmin etdi. Heydər Əliyevin "İnsan təhsilin əsasını orta məktəbdə alır. Ona görə də bütün təhsil sistemində orta məktəb xüsusi yer tutmalıdır" - konseptual göstərişini əsas tutaraq ümumi orta təhsil sistemində də bu müddət ərzində ciddi irəliləyişlər əldə olunub. Ümumi təhsildəki ən ciddi yeniliklərdən biri yeni əlifbaya keçilməsi - latın qrafikalı əlifbanın reallığa çevrilməsi idi. Heydər Əliyevin "Bizim bu günümüz, gələcəyimiz məhz latın əlifbası ilə bağlıdır" - tarixi çağırışı təhsil sistemində özünün tam həllini tapıb. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara "Prezident təqaüdü"nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir. Ulu Öndər Heydər Əliyev ana dilinin inkişaf etdirilməsi sahəsində də mühüm tədbirlər həyata keçirib. Ümummilli Liderimizin fikrincə, ana dili azərbaycançılığın təməl prinsipi idi. Buna görə də xalqa milli-mənəvi dəyərlərini aşılamaq üçün ona ilk növbədə öz dilini qorumağın, inkişaf etdirməyin vacibliyini yaxşı bilirdi.
Ulu Öndərin elm və təhsilin inkişafında müstəsna xidmətləri ilə bağlı "Şərq"ə danışan millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu deyib ki, böyük dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizdə ən çox inkişaf edən sahələrdən biri də elm və təhsil sahəsi olub. Deputat bildirib ki, 1970-ci illərdə Azərbaycanda müasir mətkəblərin tikilməsi, kənd məktəbləri ilə şəhər məktəbləri arasında fərqin aradan qaldırılması, ixtisaslı-pedaqoji kadrların hazırlanması məhz Heydər Əliyevin elm və təhsilə göstərdiyi diqqətin sayəsində mümkün olmuşdu: "Savadlı gənclərin təhsil aldıqdan sonra istehsalatın və əmək fəaliyyətinin avanqard hissələrinə cəlb etməsi həm də elmin və təhsilin təşviqi kimi qiymətləndirilməlidir. Ancaq şübhəsiz ki, o dövrdə Azərbaycanda təhsil müəssisələrində təhsil almaq nə qədər üstün hesab edilsə də, SSRİ-nin daha böyük respublikalarında təhsilin səviyyəsi bir qədər fərqlənirdi. Bu cür universitetlər SSRİ-nin aparıcı ali təhsil ocaqları hesab olunurdu. Rusiyada, Ukraynada, Belarusiyada yerləşən universitetlər sovet təhsil sisteminin daha çox diqqət mərkəzində olduğuna görə müqayisədə daha modern və innovativ təhsil verməyi bacarırdılar. Üstəlik, bu təhsil ocaqlarının bir qisminin də həmin dövrdə beynəlxalq əlaqələri daha geniş idi. Bu fərqi hiss edən böyük dövlət xadimi Heydər Əliyev Azərbaycandan məhz SSRİ-nin aparıcı universitetlərinə tələbələrin göndərilməsi ilə bağlı xüsusi plan hazırladı. Bu, keçmiş müttəfiq ölkələrdə çox az nümunələrdən biri idi. Beləliklə, istedadlı Azərbaycan gəncləri məhz Bakıda ali məktəblərə qəbul imtahanlarını verərək Rusiyanın və SSRİ-nin aparıcı universitetlərində təhsil almaq hüquqi qazanırdılar. Xüsusi vurğulamaq lazımdır ki, məhz Bakıda Azərbaycan dilində imtahan verərək Rusiyaya oxumağa gedirdilər. Çünki Azərbaycan kəndlərindən, rayonlarından gələn gənclərimiz rus dilində arzuolunan səviyyədə savadlarını nümayiş etdirə bilmirdilər. Ona görə də Azərbaycan dilində imtahan verir və sonradan təhsil aldıqları universitetlərdə rus dilini mükəmməl öyrənirdilər. O kadrların böyük qismi Azərbaycan təhsilində yeni keyfiyyət mərhələsi yaratmağı bacardılar. Onlar təhsil aldıqdan sonra Azərbaycana qayıtdılar. Eyni zamanda bununla Azərbaycanda savadlı mühəndislər, hərbçilər, elm xadimləri yetişdi. Sovet elminin ən müasir nümunələrini, kimya, tibb, biologiya, neft sənayesi sahəsində yenilikləri öyrənərək Azərbaycanda tətbiq etməyi bacardılar. Beləliklə, Azərbaycanda elm və təshil yeni səviyyəyə qalxdı".
H.Babaoğlu qeyd edib ki, o dövrdə elmi, təhsili irəli aparan gənclərimizə, alimlərimizə xüsusi mükafatlar verilirdi: "Əksər hallarda belə mükafatlar Moskvadan alınmaqla, yəni SSRİ-nin paytaxtından yönləndirilməklə Azərbaycan gənclərinə verilirdi. Kənd təsərrüfatı, pambıqçılıq, taxılçılıq və digər sahələrə, laboratoriyaların qurulmasına, yeni növlərin yaradılmasına, maşınqayırma sənayesinə, müasir neft avadanlıqlarının istehsalı kimi məsələlərə xüsusi diqqət ayrılırdı. Nəticə etibarı ilə həmin dövrdə onlarla gəncimiz SSRİ-nin yüksək mükafatlarına, adlara layiq görülürdülər".
Millət vəkili vurğulayıb ki, müstəqillik dövründə də Ülu Öndərin diqqət göstərdiyi sahələrdən biri də elm və təhsil olub: "Müstəqil Azərbaycanın təhsil sisteminin əsasları məhz böyük dövlət xadimi Heydər Əliyevin dövründə qoyuldu. Əgər biz bu gün qürurla dünyanın ən aparıcı universitetlərində təhsil alan Azərbaycan gənclərini görürüksə, bax, bu məktəbin əsası da Heydər Əliyevin təhsilə olan münasibətinin göstəricisidir. Ümummilli Lider gənclərlə görüşlərdə 1990-cı ilin əvvəllərində müxtəlif səbəblərdən fərqli istiqamətlərə yönəlmiş gənclərin fəaliyyətinin cazibə mərkəzi kimi elm, təhsil, idman və incəsənəti göstərmişdi. Bu da müstəqillik dövründə elm və təhsildə yeni, əsaslı bir dönüş yaranmasına səbəb olmuşdu. Azərbaycanda müasir tələblərə cavab verən hərbi sənaye və yeni istehsal sahələri mövcuddursa, bu da məhz Heydər Əliyevin dövründə formalaşan elm və təhsilin bazasında yaranıb".