Yeni komandan Muradovun səhvlərini təkrarlamasın! 

“Əks halda o da Azərbaycan xalqının yaddaşında qara hərflərlə qalacaq”

“Hələ təsdiqlənməsə də, ehtimal var ki, Rüstəm Muradovu Aleksey Avdıyev yox, başqa hərbçi əvəz edəcək. Amma istənilən halda ciddi dəyişiklik olmayacaq”.
Bu sözləri Qarabağdakı sülhməramlı kontingentin komandanı Rüstəm Muradovun xidməti vəzifəsinin başa çatması barədə “Sherg.az”a danışan hərbi ekspert Ədalət Verdiyev eyib.
O, Muradovun yaddaşımızda mənfi qaldığını bildirib: 
“Dəyişiklik ancaq daxili fəaliyyəti tənzimləyə, kontingentdə nizam-intizam yarada bilər. Lakin siyasi yenilənmə olmayacaq. Bunu gözləmək əbəsdir. Siyasi qərarlar daha yuxarı səviyyədə qəbul olunur. Onu da deyim ki, Muradov ilk dövrlərdə erməni silahlılarını torpaqlarımızdan “təmizlədi”. Amma sonra bunun əksini müşahidə etdik. Ard-arda təxribatlar törədildi, o cümlədən Qarabağa qanunsuz yüklər daşındı. Həmçinin sülhməramlının beş yaşlı erməni qızı ilə qondarma rejimin bayrağını əlində tutarkən yayılan fotosu da bizi qıcıqlandırmağa hesablanmışdı. Biz dəfələrlə etirazımızı bildirsək də, müsbət nəticə olmadı. Yeni rəhbərlik bunları nəzərə almalıdır. Əks halda o da Azərbaycan xalqının yaddaşında qara hərflərlə qalacaq”.