Zakir Həsənov Türkiyədə möhtəşəm qarşılandı
Bakı-Ankara hərbi planının ümumi ştrixləri müzakirə mövzusu olub
Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov qardaş ölkənin Milli müdafiə naziri Hulusi Akarla görüşüb. Müdafiə Nazirliyindən verilən xəbərə görə, görüşdən əvvəl təntənəli qarşılama mərasimi olub. Hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçib, dövlət himnləri səsləndirilib. Zakir Həsənov şərəf kitabını imzalayıb. Daha sonra nümayəndə heyətlərinin də iştirakı ilə görüş olub.
İşgüzar görüşlərdə regional təhlükəsizlik, eləcə də Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Türkiyəli nazir qonaqları salamlayaraq Azərbaycanla Türkiyə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi qeyd edib. Akar qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib. General-polkovnik Zakir Həsənov da öz növbəsində Vətən müharibəsində qardaş Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstəyə görə minnətdarlığını ifadə edib. Nazir iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrdə olduğu kimi hərbi əməkdaşlığa da müstəsna təsirini xüsusi vurğulayıb. Birgə təlimlərdə hərbçilərimizin qazandığı təcrübənin əhəmiyyətinə toxunan tərəflər bu cür tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini qeyd ediblər. Görüşlərdə vurğulanıb ki, Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə Türkiyə ilə hərbi əməkdaşlığı daha da genişləndirir. Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul olunub. Qəbulda Türkiyənin Milli müdafiə naziri Hulusi Akar da iştirak edib.
Müdafiə naziri Zakir Həsənovun Türkiyə səfərini “Şərq”ə dəyərləndirən siyasi şərhçi Aqşin Kərimov deyib ki, nazirin səfəri son zamanlar MDB məkanında cərəyan edən hadisələr, eləcə də Ukrayna böhranı fonunda Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq prioritetlərini yeni müstəviyə salmağa hesablanıb. Analitikə görə, regional “oyun lövhəsində” mühüm damada dayanan Türkiyə həssas situasiyanın miqyasının böyüməsi səbəbi ilə strateji dəqiqliklərə ehtiyac duyur. Bunun üçün strateji müttəfiqi Azərbaycanın da təkliflər paketini dinləmək istəyir:
“Akarın Həsənovu səfərə dəvət etməsinin səbəblərini bu tezisdə axtara bilərik. Zakir Həsənovun türkiyəli həmkarı Hulusi Akarla görüşdə Türkiyənin Azərbaycana silah ixracının həcmini genişləndirmək üçün müzakirələr apardığı istisna deyil. Türkiyənin Cənubi Qafqazda hərbi iştirak səviyyəsini artırmaq, Azərbaycandakı Türkiyə Xidmət Qrupu Komandanlığının fəaliyyətini genişləndirmək məsələləri də nazirlərin gündəliyində olub. Bura kəşfiyyat məlumatlarının mübadiləsindən tutmuş, digər koordinasiyalı işlər daxildir. Təhlükəsizliyin konfiqurasiyası birgə hərbi təlimlərin intensivliyini aktual edir. Bu mənada Akar-Həsənov görüşündə həmin təlimlərin proqramı və ona mahiyyətcə yeni xarakter verilməsi məsələsi, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-Gürcüstan perspektiv birgə hərbi təlimləri müzakirə olunub”.
Ekspertə görə, Ermənistanın qeyri-konstruktiv mövqeyinin davam edəcəyi təqdirdə, Bakı-Ankara hərbi planının ümumi ştrixləri müzakirə predmeti olacaq:
“Türkiyənin Cənubi Qafqazda hərbi-siyasi aktivliyinin paralelində digər bölgələrdə cərəyan edən hadisələr Ankara qarşısında yeni təhlükəsizlik və strateji çağırışlar qoyur. Türkiyə bu çağırışların öhdəsindən gəlmək üçün strateji müttəfiqi Azərbaycanla birgə hərəkət edir. Akar-Həsənov görüşü Ermənistana da siqnaldır”.