“1 milyon 200 min dollar pulum olsaydı, banka niyə qoyurdum ki?”

Vaqif Əsədov: “Elə bir pul olarsa, xərcləməyə yer taparam. O qədər problemlərimiz var ki...”



2016-cı il yanvarın 18-də lisenziyası ləğv edilən "Bank of Azerbaijan” ASC-də Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovun 1 milyon 200 min dollar əmanətinin batması məsələsi son günlər mətbuatın müzakirə obyektinə çevrilib.

Bu barədə "ölkə.az”a danışan "Bank of Azerbaijan” ASC-nin sabiq əməkdaşı deyib ki, bankın lisenziyası ləğv olunandan sonra Vaqif Əsədov həmin əmanətləri götürməyi qərara alıb: "Ancaq bankda Vaqif Əsədovun pullarını qaytarmaq üçün bu qədər vəsait yoxdur”. Hətta bankdan pulunu ala bilməyən Vaqif Əsədovun xidməti avtomobili ilə Hafiz Məmmədovun yolunu kəsdiyi və aralarında ciddi münaqişənin yarandığı haqda da müxtəlif məlumatlar yayılıb.

Xatırladaq ki, lisenziyası ləğv edilən "Bank of Azerbaijan” ASC "Bakı” futbol klubunun prezidenti, "Baghlan Group FZCO”-nun prezidenti Hafiz Məmmədova məxsus olub.

Yayılan xəbərlərə aydınlıq gətirən Vaqif Əsədov haqqında yazılanları təkzib edib və belə bir hadisə baş vermədiyini deyib: "Bu yazılanlar cəfəngiyyatdır. Əgər o qədər pulum olsa, xərcləyərəm, banka niyə qoyuram ki?.. Onu da deyim ki, ölkə qanunvericiliyini çox gözəl bilirəm və hər zaman qanunun tələbləri üzrə hərəkət etməyə üstünlük verirəm. Əgər kiminləsə mübarizə aparsam, bunu sivil yolla edərəm”. Hafiz Məmmədovun qabağını kəsmə məsələsinə gəldikdə isə polkovnik deyib ki, bu cür xəbərlərin yayılmasında məqsəd qalmaqal yaratmaqdır: "Hafiz Məmmədovla üzbəüz gəlsəm, tanımaram. İkincisi də, əgər söhbət saxlanmalı olan nəqliyyat vasitəsindən gedirsə, göstəriş verərəm, saxlayarlar. Niyə bunu özüm edirəm? Hafiz Məmmədovun sadəcə adını eşitmişəm ki, belə bir iş adamı var və yaxşı insandır. Allah canını sağ eləsin. Heç biz üz-üzə gəlsək, biri-birimizi tanımarıq. Pula gəlincə isə bildirirəm ki, elə bir pul olarsa, xərcləməyə yer taparam. O qədər problemlərimiz var ki...”. Yayılan məlumatların tam əsassız və yalan olduğunu qətiyyətlə təkrar edən V.Əsədov deyib ki, bu cür xəbərlər adətən informasiya qıtlığından yayılır: "Yaxud da kiminsə yol polisi ilə bağlı problemi olduğu üçün belə bir yalan informasiyanı yayıb. Yəqin düşünüb ki, belə bir xəbər hazırlayarsa, mən onlara zəng edərəm və təkzib üçün hansısa vədlər verərəm. Mənim isə heç vaxt belə şeylərlə işim olmayıb. Xalqımızın müdrikliyinə, cəmiyyətimizin savadlı olmasına, oxucularımızın hər şeyə düzgün qiymət vermələrinə inanıram. Hər halda yazılanların cəfəngiyyat olduğunu hər kəs anlayır. Bu cür məlumatların fəaliyyətimə kölgə salmaq məqsədi ilə yayıldığı açıq-aşkardır. Əks halda, bir telefon açıb, mövqeyimi ala bilərdilər. Məgər məni tapmaq çətindir?”

Şəymən