1 paketdə 24 qanun layihəsi...

Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması sürətləndirilir



"Fevralın 3-də Prezident İlham Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması haqqında fərman imzaladı. Qanun layihələrinin əksəriyyəti palatanın yaradılması məsələsini əhatə edəcək. Xahiş edirəm ki, qanun layihəsinin müzakirəsində diqqətli olaq. Komitələrdə müzakirə olunub, qanunlar yüksək səviyyədə hazırlanıb. 1 paketdə göndərilən 24 qanun layihəsinin hesabatının verilməsini təklif edirəm. Ondan sonra müzakirələrə başlayaq”.

Bu sözləri Milli Məclisin dünən keçirilən iclasında, spiker Oqtay Əsədov səsləndirib.

Qeyd edək ki, iclasda ümumilikdə 43 məsələ müzakirə olunub.

Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin bütün funksiyaları Maliyyə

Bazarlarına Nəzarət Palatasına keçəcək

Bundan sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı qurumun yaradılması və fəaliyyəti, strukturları barədə məlumat verib. R.Aslanlı bildirib ki, Palatanın yaradılmasında əsas məqsəd pul siyasəti funksiyası ilə maliyyə bazarlarının tənzimlənməsi funksiyası arasında ziddiyyətləri biri-birindən ayırmaqdır. Onun sözlərinə görə, bütövlükdə Palatanın kredit təşkilatları, sığorta sektoru, qiymətli kağızlar bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını həyata keçirəcəyi nəzərdə tutulur.

R.Aslanlının sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin bütün funksiyaları Maliyyə Bazarlarına Nəzarət Palatasına keçəcək. Palatanın idarə olunması və maliyyələşdirilməsinə gəlincə, R.Aslanlı bildirib ki, publik hüquqi şəxs tamamilə əməliyyat və maliyyə müstəqilliyinə malik olacaq: "Maliyyə müstəqilliyi dedikdə o nəzərdə tutulur ki, Palata öz fəaliyyətini dövlət büdcəsi və ya hər hansı dövlət fondlarından ayrılan vəsait hesabına deyil, tənzimlənən subyektlərin ödədikləri haqlarla maliyyələşdirəcək. Palata ikisəviyyəli idarəetmə strukturuna malik olacaq. Ali idarəetmə orqanı ölkə başçısı tərəfindən formalaşdırılacaq və Direktorlar Şurası adlanacaq. Cari əməliyyat idarəetməsini isə İdarə Heyəti həyata keçirəcək. Direktorlar Şurası Palatanın fəaliyyətinin bütün strateji aspektlərini müəyyən edəcək, onun təşkilatı struktur, daxili prosedur və qaydalarını müəyyən edəcək, normativ aktların qəbulu ilə məşğul olacaq. Direktorlar Şurası, həmçinin maliyyələşmə və büdcə prinsiplərini müəyyən edəcək. İdarə Heyəti isə gündəlik fəaliyyəti təşkil edəcək”.

"Problemli kredit məsələsi həll olunmalıdır”

Daha sonra iclasda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihələri haqqında məlumat veriblər. Layihələr əsasında müzakirələrə başlanıb. Millət vəkili Əli Məsimli bildirib ki, ölkədə problemli kredit məsələsi həll olunmalıdır. Onun sözlərinə görə, bu gün ölkənin maliyyə bazarında kifayət qədər problemlər var: "Mərkəzi Bankın yürütdüyü yanlış maliyyə siyasəti burada rol oynayır. Hesab edirəm ki, yeni palatanın Mərkəzi Bankla koordinasiyalı şəkildə fəaliyyəti mövcud problemlərin aradan qaldırılmasına təkan verəcək. Hər iki qurum çalışmalıdır ki, maliyyə bazarında olan çatışmazlıqlar istehsalat sahəsinə keçməsin. Bununla yanaşı, pul kredit siyasətinin sərtliyi bir qədər də artsa maliyyə blokunda olan problemlər, iqtisadiyyatın real sahələrinə keçə bilər. Problemli kreditləri həll etmədən ikinci kateqoriyaya aid olan bankların sağlamlaşdırılması çətin olacaq. Bunu tez həll etmək lazımdır. Qısa müddət ərzində ciddi problemlərin aradan qaldırılması və sağlamlaşdırılması istiqamətdə addımlar atılmalıdır”.

"Dollarla kredit götürən insanlar, artıq bu problemdən beziblər”

Deputat Vahid Əhmədov isə bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının formalaşması çox tez zamanda başa çatmalı, sədri təyin edilməli, nizamnaməsi təsdiq olunmalıdır: "Mərkəzi Bank və palataya daxil olan funksiyalar dəqiq yerinə yetirilməlidir. Bir neçə dəfə bank sistemi ilə bağlı islahatların vacib olduğunu bildirmişik. Problemli kreditlər, dollarla verilmiş kreditlərin taleyi tez zamanda həllini tapmalıdır. Bunu hökumət, Mərkəzi Bank, təzə palata həll edəcək. Danışıqlar müsbət həllini tapmalıdır. Biz bankların bağlanmağının tərəfdarı olmamışıq. Bankların təmərküzləşmə prosesinə getməsinə tərəfdar olmuşuq ki, onlar aşağı faizlə sahibkarlara kreditlər versinlər. Təəssüf ki, bir neçə bankın bağlandığını müşahidə etdik. Bu da insanlar üçün problemlər yaratdı”.

Millət vəkili qeyd edib ki, maliyyə bazarlarına nəzarət mexanizmi dəqiq işlənib hazırlanmalıdır və bununla bağlı qanunun qəbul edilməsinə ehtiyac var.
V.Əhmədov dollarla kredit probleminin hələ də həllini tapmamasından şikayətlənib: "Dollarla kredit məsələsi çox ciddi problem olaraq qalmaqdadır. Artıq insanlar bu problemdən beziblər. Bu məsələ birdəfəlik həll olunmalıdır. Bununla bağlı dəfələrlə biz müvafiq orqanlarla danışıqlar aparmışıq. Artıq Mərkəzi Bank, ya da hökumət məsələni həll etməlidir. İnsanları bu problemdən qurtarmaq lazımdır”.

Deputat kazinoların yaradılmasını təklif etdi: "Pullarını gedib başqa ölkələrdə uduzunca, gəlib Azərbaycanda uduzsunlar”

"Prezident İlham Əliyevin fərmanı ilə Maliyyə Bazarına Nəzarət Palatasının yaradılması ölkə iqtisadiyyatının inkişafı üçün uğurlu addımdır”. Bu sözləri millət vəkili Qüdrət Həsənquliyev söyləyib. Onun sözlərinə görə, Maliyyə Bazarına Nəzarət Palatasının yaradılması bank sektorunda böyük dəyişikliyə gətirib çıxaracaq: "Burada əsas məsələ Palatanın ictimaiyyətə açıq olmasıdır. Palata ictimaiyyətlə çalışmalıdır. Palatanın yaradılması insanların banklara olan inamını da artıracaq. Düşünürəm ki, Palata həm ölkə başçısının etimadını qazanacaq, həm də üzərinə düşən vəzifələri yüksək səviyyədə həyata keçirəcək”. Deputat vurğulayıb ki, ölkə başçısının "Əmanətlərin tam sığortalanması” haqqında Fərmanı da müsbət qərardır: "Bu addım insanların əmanətlərinin banklara etibar etməsinə səbəb olacaq”. Millət vəkili, həmçinin turizm zonalarında kazinoların yaradılması təklifini də irəli sürüb: "Bir çox ölkələr kazinolar vasitəsilə ölkəsinə turist cəlb edirlər. Gürcüstan kazinolar vasitəsilə ölkəsinə çoxlu sayda turist cəlb edə bilib. Biz də bu təcrübədən istifadə edərək, turizm bölgələrində kazinolar yarada bilərik. Hətta ilkin olaraq həmin kazinolara öz vətəndaşlarımızın buraxılması qadağan da oluna bilər. Pullarını gedib başqa ölkələrdə uduzunca, gəlib Azərbaycanda uduzsunlar”.

"Maliyyə amnistiyası elan olunmalıdır”

"Azərbaycanda maliyyə amnistiyası elan olunmalıdır” - deyən deputat Fəzail Ağamalı isə bildirib ki, cinayət yolu ilə əldə edilmiş pullar istisna olmaqla, digər hallarla bağlı maliyyə amnistiyasının tətbiqinə ehtiyac var: "Maliyyə amnistiyası Azərbaycana maliyyə axınını təmin edə bilər. Bu isə iqtisadi inkişafı daha da gücləndirə, yerli istehsalı genişləndirə bilər”.

Vitse-spiker Ziyafət Əsgərov isə millət vəkilinin təklifinə sualla reaksiya verib: "Təklif edirsiniz ki, cinayət yolu ilə əldə edilmiş pullar istisna olmaqla, maliyyə amnistiyası elan olunsun. Cinayət yolu ilə əldə edilmiş pullardan başqa, nəyin maliyyə amnistiyasına ehtiyac var ki?”

"Vətəndaş bankdan pul çıxaran kimi onun pulu oğurlanır”

Hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Siyavuş Novruzov deyib ki, cənab Prezident tərəfindən Milli Məclisə paket şəklində təklif olunmuş qanun layihələri çox önəmlidir. Onun sözlərinə görə, iqtisadi blokun inkişafı, dövlət büdcəsinə gəlirlərin gəlməsi, maliyyə nəzarətinin həyata keçirilməsi üçün bu qanunların qəbul olunması vacibdir: "Son dövrlər bəzi

qurumlarda, dövlət strukturuna daxil olmayan kommersiya banklarında müxtəlif hadisələr baş verdi.

Buna nəzarət mexanizminin olmaması nəticəsində Azərbaycan vətəndaşlarının bir qrupu əziyyət çəkdilər. Banka olan inam sistemi yavaş-yavaş sıradan çıxmağa başladı. Halbuki, Azərbaycan dövləti maliyyə sisteminin sabitliyini illərlə qoruyub saxlamaqla yanaşı, əhalidə banklara inam yaratmışdı. Hesab edirəm ki, banklara inamı bərpa etməliyik. Vətəndaşlar əmanətlərini sərbəst şəkildə bankda yerləşdirə bilməlidirlər. Bu, bir tərəfdən vətəndaşların gəlirlərini artırır, bank sisteminə inam yaradır, bankların digər şəxslərə kredit verməsinə köməklik göstərir, digər tərəfdən isə, cinayətkarlığın qarşısını alır”. Son dövrlər evlərin qarət olunması, pulların oğurlanması geniş şəkildə yayılıb. Vətəndaş bankdan pul çıxaran kimi onun pulu oğurlanır. Düzdü, bunun qarşısını almaq üçün hüquq-mühafizə orqanları çox ciddi cəhd göstərirlər. İqtisadi blokun inkişafı həm maliyyə sisteminin tənzimlənməsi, həm də bank sisteminin möhkəmlənməsi üçün çox vacibdir”.

"Bəzi insanlar qruplar şəklində pul yığırdılar...”

Deputat vurğulayıb ki, öncələr qeyri-rəsmi şəkildə bəzi yerlərdə mərc oyunları həyata keçirilirdi: "Bəzi insanlar qruplar şəklində pul yığırdılar. Amma oradan dövlətə heç bir vergi daxil olmurdu. Bu, ayrı-ayrı şəxslərin varlanmasına gətirib çıxarırdı. Qanuna edilən dəyişikliklə bunun qarşısını alırıq”.

S.Novruzov qeyd edib ki, əmanətlərin tam sığortalanması çox vacibdir: "Əvvəllər 30 min manat əmanət sığortalanırdı. Əgər bir vətəndaşın kifayət qədər vəsaiti var idisə, o, məcburiyyət qarşısında qalıb 6-8 adamın adına pul yerləşdirirdi ki, sığortalanmanı təmin etsin. Bu da sonradan qalmaqallara səbəb olurdu. Əmanətlərin 100 faiz sığortalanması həyata keçirilərsə, bütün vətəndaşlar özlərində saxladıqları, istifadə etmədikləri vəsaitləri banklara yerləşdirəcəklər”.

Müzakirələrdən sonra iqtisadi islahatlar paketinə daxil olan 24 qanuna dəyişikliklər qəbul edilib.

Anar Bayramoğlu