“Onlar bilirlər ki, heç kim 10 manatın arxasınca düşüb axıra qədər gedəsi deyil”
10 manatdan yığıb, ciblərini dolduranlar var
Sahib Məmmədov: “İnternet vasitəsi ilə iş axtaranlar dələduzların “toruna” düşür”
“Onlar bilirlər ki, heç kim 10 manatın arxasınca düşüb axıra qədər gedəsi deyil”
“Onlar bilirlər ki, heç kim 10 manatın arxasınca düşüb axıra qədər gedəsi deyil”
İnternet vasitəsilə iş axtaran bir qrup insan dələduzluq hadisəsi ilə qarşılaşıb. Fırıldaqçılar insanları dolandırmaq üçün "Guess” ayaqqabı fabrikinin adından istifadə edib. "Qafqazinfo”ya müraciət edən sakinlər əmək sığortası üçün şirkətə qabaqcadan pul ödədiklərini, ancaq bir neçə saat gözləsələr də, şirkətdən bir xəbər çıxmadığını söyləyib.
Şikayətçilərin iddiasına görə, "Guess” ayaqqabı fabrikinə işçi tələb olduğu barədə yerləşdirilən elanda aylıq əməkhaqqı 500 manat göstərilib. İşə düzəlmək istəyən insanlardan isə qeyd olunan bank hesabına əmək sığortası üçün bankomat vasitəsilə 30 manat ödəmək tələb olunub. Sakinlər də 30 manat məbləğində pulu ödədikdən sonra qərarlaşdırılan ünvanda toplaşıb. Ancaq deyilən vaxtdan 3 saat keçsə də, onları fabrikə aparmaq üçün hər hansı bir avtobus gəlməyib. Fırıldaqçılığa məruz qalanlar əvvəl əlaqə saxladıqları nömrələrə zəng vursalar da, cavab verən olmayıb. Sözsüz ki, gün ərzində hər birimiz ictimai yerlərdə, nəqliyyat vasitələrində, eləcə də, qəzetlərdə və internetdə müxtəlif iş elanlarına rast gəlirik. Bəs necə edək ki, işbazların "işçi ovu”na düşməyək?
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov baş verən hadisənin birmənalı olaraq dələduzluq faktı olduğunu və cinayət məsuliyyəti daşıdığını deyib: "Fırıldaqçılara qarşı ciddi cəza sanksiyası tətbiq olunmalıdır. Kimlərsə hansısa fabrikin adından və ya telefon nömrələrindən istifadə etməklə insanları dolandırıb və öz hesablarına pul köçürtdürüblər. Bu birmənalı olaraq cinayət işidir və şikayətçilər müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Hüquq-mühafizə orqanları da fakt üzrə araşdırma aparmalı və dələduzluq maddəsi ilə cinayət işi açılmalıdır. Ortada pul köçürülən konkret bir hesab olduğu üçün fırıldaqçıları tapmaq asan olacaq. Ondan sonra da polis həmin məbləğin zərərçəkmişlərə geri qaytarılmasını təmin etməlidir. Amma hesab xaricdən açılıbsa, o zaman cinayətkarları tapmaq çətin olacaq”.
İnternet vasitəsilə iş axtaran insanların əksər vaxtlarda dələduzluğa məruz qaldığını vurğulayan Liqa sədri deyib ki, yalançı işə düzəltmə firmaları insanları çağırıb, anket doldurtdururlar və 10-15 manat da ödəniş tələb edirlər: "Əmək qanunvericiliyinə və Azərbaycanın tərəfdaş çıxdığı Beynəlxalq Əməkdaşlıq Konvensiyasına görə, işədüzəltmə büroları göstərdikləri xidmətə görə işçidən pul almamalıdır. Çox təəssüf ki, bu gün fəaliyyət göstərən özəl işə düzəltmə xidmətlərində bu prinsip pozulur. Eyni zamanda da işədüzəltmə bürolarının bir çoxu fırıldaqçılıqla məşğul olurlar. Onlar şirnikləndirici elanlar verərək iş axtaranların diqqətini cəlb edirlər. İşçi müraciət etdikdə isə anket doldurmalarını tələb edirlər və bunun müqabilində 5-10 manat pul alırlar, sonra işçini yola salırlar ki, biz sizinlə əlaqə saxlayacağıq. Bunun üzərindən aylar keçir, həmin şəxsə zəng olunmur. Şəxs onlarla maraqlananda isə onlar bu gün-sabah deyə-deyə həmin pulu qaytarmırlar. O qədər bezdirirlər ki, həmin şəxs görür ki, aldanıb əl çəkir. 10 manata görə şikayət etmək, məhkəmə davası açmaq da istəmir. Çünki məhkəməyə iddia verəcəksə, bu, daha böyük xərc tələb edir və işədüzəltmə firmaları bu vəziyyətdən sui-istifadə edirlər. Onlar bilirlər ki, heç kim 10 manatın arxasınca düşüb axıra qədər gedəsi deyil. Şikayət olmayanda onların fırıldağının da üstü açılmır. Beləliklə də hərədən 10 manat yığıb, ciblərini doldururlar”.
S.Məmmədovun sözlərinə görə, bu işlə məşğul olan insanlar bir ünvanda bənd almırlar. 3-4 aydan bir ofis dəyişdirirlər: "Ofisləri də bir kompüter və masa arxasında oturan bir qızdan ibarət olur. Tez-tez yerlərini dəyişirlər ki, aldadıb pullarını aldığı adamlar axtaranda onları tapa bilməsin”.
Bəzən insan alverinin qurbanlarını da bu cür müəssisələrin yoldan çıxartdığını vurğulayan hüquq müdafiəçisi hesab edir ki, işədüzəltmə müəssisələrinin fəaliyyətləri nəzarətə götürülməlidir: "Beynəlxalq Miqrasiya Təşkilatının eksperti olduğum üçün bu cür seminarlarda çox iştirak edirəm. Ən yaxşı halda işədüzəltmə firmalarının qurbanları 5-10 manatlarını itirir. Eləsi olur ki, xaricdə iş vədlərinə inanır və sonradan insan alverinin qurbanına çevrilir. Yüksək gəlirli iş təklifi ilə xüsusilə də, cavan qızlar ölkədən çıxarılır və xaricdə fahişəliyə cəlb olunur. Firmalar bir sıra hallarda 25 yaşına qədər cavan qızları işə götürürlər, ya da işə düzəlmək istəyən şəxsin xarici görünüşünə baxaraq işə göndərirlər. Bu artıq şübhələnmək üçün əsas verir. Belə bir şərt Əmək Məcəlləsinin tələblərinə də ziddir. Yaxşı olar ki, vətəndaşlarımız yüksək maaş təklif edən iş elanlarını araşdırmadan inanmasınlar. Hər şeyi dövlətin, hüquq-mühafizə orqanının üzərinə yükləmək də doğru deyil. İnsanlar öz şüurlarından yararlanmalıdır. İndiki halda problemin qarşısını almaq üçün maarifləndirmədən ciddi yol görmürəm. Amma istənilən halda hər şey vətəndaşların ehtiyatından asılıdır. Bu problem mətbuat, televiziya, radio orqanlarında dəfələrlə müzakirə edilib, xəbərdarlıqlar olunub. Amma nədənsə, gənclərimiz bu cür çağırışlara başdansovdu yanaşır və "tora düşür”.
Şəymən