Bu gün Bakıda Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 100 illik yubleyi ilə bağlı parad keçirilir. Paradda ölkə başçısı cənab İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə yanaşı, Azərbaycanda səfərə gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. İctimaiyyət nümayəndələri Bakının azad edilməsi ilə bağlı belə bir tədbirin, paradın keçirilməsini yüksək qiymətləndirirlər. Millət vəkili Fazil Mustafa "Sherg.az"a deyib ki, Qafqaz İslam Ordusunun şərəfinə, bu ordunun komandanı Nuru Paşanın şərəfinə, Bakının azadlığının 100 illiyinə həsr edilmiş belə bir tədbir yüksək qiymətləndirilməlidir:
"Azərbaycanı, Bakını Azərbaycan əsgəri ilə birlikdə türk əsgəri xilas edib, burada mindən artıq şəhid veriblər, erməni vandallarından qisasımızı alıblar. Onların ruhu qarşısında biz də Azərbaycan dövləti olaraq, millət olaraq borcumuzu hər zaman xatırlamalıyıq, şükranlığımızı ortaya qoymalıyıq. 15 sentyabr bizim şərəf tariximizdir. Düz 100 il əvvəl sentyabrın 15-də Bakının azad edilməsinə Azərbaycanın xilası tarixi kimi baxılmalıdır. Bakı işğaldan azad edilməsəydi, Azərbaycan dövlətinin rəsmən tanınması mümkün olmayacaqdı”.
Millət vəkili xatırladır ki, Nuru Paşanın komandanlığı altında Qafqaz İslam ordusu Bakını azad edəndən sonra Azərbaycan höküməti Bakıya köçdü:
"Bundan sonra Fətəli xan Xoyski hökümətin fəaliyyəti ilə bağlı idarəçiliyi əlində saxlayan ingilis işğalçı qüvvələrinin komandanına inandırıcı məlumatlar verə bildi. Bakı işğaldan azad olunmasaydı, Azərbaycan bayrağının bu ərazidə qaldırılması mümkün olmayacaqdı. Ona görə də 15 sentyabr bizim üçün çox önəmli bir tarixdir. Bu tarixin qeyd olunması mütləqdir. Bu məsələyə həm də o zaman həyatını itirmiş yüzlərlə türk əsgərinə qarşı bir vəfa borcu olaraq baxılmalıdır. Onlar uzaq diyarlardan gələrək Azərbaycan əsgərini təlimləndirərək, onlarla birlikdə belə əhəmiyyətli bir hadisədə iştirak ediblər”.
Millət vəkili hesab edir ki, bu həm də bizim təkrar olunan tariximiz ola bilər: "İnsanlar anlamalıdırlar ki, bu cür dar günlərdə biz Anadolu türklərinin yardımına çatdığımız kimi, onlar da bu duyğunu daşımalıdır. Buna görə də həmin hadisədə iştirak edən hər kəsin xatirəsinə dəyər verməliyik. Sevindirici haldır ki, ölkə rəhbərliyi bu istiqamətdə çox gözəl bir addım atdı. Bakının işğaldan azad olunmasının 100 illiyində Bakıda parad keçirilməsi qərarını verdi. Paradın keçirilməsi ilə bağlı qərar yerində atılmış, gözəl addım idi. Bununla biz Bakının azad edilməsində şəhid olanların ruhuna sayğımızı ifadə etdik"
Anar