103 manata görə qoca qarını öldürən gənc MƏHKƏMƏDƏ




84 yaşlı qadını iplə boğaraq öldürməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü İlham Aslanovun cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Dövlət ittihamçısı cinayət işinin sənədləri ilə tanış olmadığını bildirirək məhkəmədən vaxt istəyib.
Məhkəmənin hazırlıq iclası martın 15-də davam edəcək.
Qeyd edək ki, qətl keçən il Qubada baş verib. Quba Rayon Polis Şöbəsinə şübhəli şəxs qismində gətirilmiş Amsar kənd sakini 1998-ci il təvəllüdlü İ.Aslanov izahatında cari il mart ayının 21-də qarət məqsədi ilə şəhər sakini, 84 yaşlı Gülpəri Musayevanın evinə girməsini və onu iplə boğaraq öldürməsini etiraf edib.
O, həmçinin bildirib ki, öldürdüyü 84 yaşlı qadının evindən 103 manat pul aparıb.
Hüquq-mühafizə orqanı əməkdaşlarının iştirakı ilə G.Musayevanın meyiti eksqumasiya edilib.
Hadisəni törədən İ.Aslanov tutularaq istintaqa cəlb edilib.