Böhran “Statoil”i də vurdu, ixtisarlar başlayıb

Mirvari Qəhrəmanlı əməkdaşların iş tapmaqda çətinlik çəkəcəyini düşünmür



Norveçin "Statoil” neft-qaz şirkəti Azərbaycanın energetika sektorunu tərk edir. "Statoil Azerbaijan” şirkətindən mətbuata verilən məlumata görə, artıq şirkətdə ciddi ixtisarlar baş verib:

"Şirkətin 40-a yaxın əməkdaşı var idisə, hazırda 10-12 nəfər qalıb. Şirkətin (nümayəndəliyinin - red.) Bakı ofisi tamamilə bağlanıb, lap kiçik işçi qrupu qalıb. İctimaiyyətlə əlaqələr və digər bu kimi şöbələr bağlanıb. İşdə qalanlar rəhbər şəxslər və mühasibatlıq bölməsinə aid olanlardır”.

Xatırladaq ki, "Statoil” Azərbaycan bazarına 1992-ci ildə daxil olub və bir sıra iri enerji layihələrində iştirakçısı olub.

Mənbənin verdiyi xəbərə görə, Norveç nəhəngi səhmlərinin Malayziya şirkətinə satmaqda maraqlıdır. Əməliyyatın dəyəri hələlik məlum deyil.

Neftçilərin Hüquqlarını Müdafiə Liqasının sədri Mirvari Qəhrəmanlı isə hesab edir ki, Norveçin "Statoil” neft-qaz şirkətinin Azərbaycanın energetika sektorunu tərk etməsi kifayət qədər üzücü haldır: "Statoil”in adı hər zaman yaxşı şirkətlər sırasında hallanıb, işçilərin hüquqlarını pozan şirkətlər sırasında yox”.

Hüquq müdafiəçisinin sözlərinə görə, "Statoil” şirkətində ümumilikdə 37 əməkdaşla hasilatın pay bölgüsü sazişində iştirak edir. Onların içərisində də azərbaycanlı işçilərlə yanaşı, əcnəbilər də olub: "Statoil” neft-qaz şirkətinin Azərbaycanın energetika sektorunu tərk etməsini hər nə qədər istəməsək də, buna təbii baxmalıyıq. Çünki heç bir şirkət əbədi olaraq qalmır. Onlar bəzən bütünlükdə sektoru tərk edir, ya da öz fəaliyyətlərini başqa ölkələrdə davam etdirirlər. Bəzən də səhmlərini hansısa şirkətə satırlar”.

"Statoil” neft-qaz şirkətində çalışan əməkdaşların sonrakı taleyinə gəldikdə isə M.Qəhrəmanlı burada elə bir ciddi problem görmədiyini deyib: "Statoil”də çalışan insanlar xüsusi sertifikata sahibdirlər. Onlar bu müddət ərzində yüksək səviyyədə bilik və bacarığa nail olub, lazımi qədər təcrübə toplayıblar. Ona görə də, həmin insanların iş tapmaqda çətinlik çəkəcəklərini zənn etmirəm. Çox güman ki, həmin insanları "Statoil” Norveçə və ya fəaliyyət göstərəcəkləri digər ölkələrə dəvət eləsinlər.

Şəymən