600 min sənədsiz mənzildən 485 minini qeydiyyata almaq mümkündür

Amma bu proses 3-5 günün işi deyil



Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, Bakının Nəsimi rayon bələdiyyəsinin, "Bələdiyyə həyatı” qəzetinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) təşkilatçılığı ilə "Əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları” mövzusunda seminar keçirilib.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə öz çıxışında bildirib ki, Azərbaycanda yerli özünüidarəetmənin inkişafını təmin etmək üçün strateji məqsədlər müəyyənləşdirilməli, yerli özünüidarəetmənin gələcək inkişafının başlıca məqsədləri insan potensialının artırılmasına və hər bir bələdiyyə qurumunda əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilməlidir. Tədbirdə Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanovun

"Əmlak vergisi: yeniliklər və problemlərin həlli yollari” mövzusunda çıxışı dinlənilib. O, çıxışında bələdiyyə sədri əmlak vergisinin yığımında bələdiyyənin qarşılaşdığı problemlərə toxunaraq, bu məqsədlə bələdiyyə tərəfindən yeni layihələrin həyata keçirildiyini qeyd edib. Sədrin sözlərinə görə, ilk olaraq bələdiyyənin internet resursu təkmilləşdirilib və əmlak vergisinin ödənişini həyata keçirmək üçün onlayn ödəmə həyata keçirilib. N.Qaraxanov çıxışının sonunda təkliflə çıxış edib. O bildirib ki, sənədsiz mənzil sahibləri vergiyə cəlb olunmalıdır. Bələdiyyə sədrinin təklifinə görə, vətəndaşlar onların xüsusi mülkiyyətində və ya istifadəsində olan mənzillərə görə vergi ödəməlidirlər. Maddəyə bu fikrin salınmasının bələdiyyələrin büdcə gəlirlərinə xeyli təsiri olacaq. Nazim Qaraxanov çıxışında əmlak vergisinin yığımında bələdiyyənin qarşılaşdığı problemlərə toxunaraq, bu məqsədlə bələdiyyə tərəfindən yeni layihələrin həyata keçirildiyini qeyd edib. "Bələdiyyə həyatı” qəzetinin baş redaktoru Vüqar Tofiqli əmlak vergisinin yığımı ilə bağlı yeniliklərdən danışıb. Tədbirdə mövzu ətrafında Milli Məclisin Regional Məsələlər Daimi Komitəsinin sədri Arif Rəhimzadə, Milli Məclis üzvləri, bələdiyyə sədrləri, QHT təmsilçiləri çıxış edərək digər bələdiyyələrin bu sistemi tətbiq etməsini və bələdiyyələrin qarşılaşdığı problemlərin aradan qaldırmaq məqsədi ilə yerli özünüidarəetmə strategiyasının hazırlanmasına ehtiyac olduğunu vurğulayıblar. Tədbirin sonunda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) təşkilatçılığı ilə işıq üzü görən "Bələdiyyələrin statusu: hüquq və vəzifələri” adlı kitab təqdim edilib.

Nazim Qaraxanovun sənədsiz mənzil sahiblərinin vergiyə cəlb olunması ilə bağlı səsləndirdiyi təklifi dəyərləndirən Vüqar Tofiqli "Şərq”ə açıqlamasında deyib ki, bu gün Bakıda olan sənədsiz mənzillərin təxmini sayı 600 minə yaxındır. Bu evlərin isə 485 minini sənədləşdirmək mümkündür: "Amma bu proses 5 günün işi deyil. Uzun müddət vaxt lazımdır. Problemin birdəfəlik həll edilməsi üçün Vergilər Məcəlləsində dəyişiklik edilməsi kifayətdir. Yəni "Vətəndaşın xüsusi mülkiyyətində və ya onun istifadəsində olan mənzillərə görə verginin ödənməsi” maddəsi Məcəlləyə salınsa, təxminən 3 milyon kvadrat metrlik ərazinin qeydiyyatı deməkdir. Bu zaman da bələdiyyəyə kifayət qədər vergi daxil olmuş olacaq. Hansı ki, bu günə qədər bələdiyyə həmin vəsaitləri itirib. Odur ki, bundan sonra həmin vəsaitin bələdiyyə büdcəsinə keçirilməsi üçün vətəndaşın xüsusi mülkiyyətində və ya onun istifadəsində olan mənzillərə görə verginin ödənməsi vacibdir. Təsəvvür edin ki, Məmmədqulu Səməd Vurğun küçəsi 12-də qeydiyyatdadır. Amma onun qeydiyyatda olduğu mənzilin sənədi yoxdur. Buna baxmayaraq evin bütün kommunal xərclərini ödəyir. Məntiqlə belə çıxır ki, bu adam həmin evdə qeydiyyata düşüb, işıq, qaz, su pulunu ödəyirsə, deməli, ev elə onun mülkiyyəti hesab olunmalıdır. Ona görə də, Vergilər Məcəlləsinə edilən müvafiq dəyişikliklə də bu məsələnin birdəfəlik həll ediləcəyini düşünürəm. Belə olan təqdirdə bələdiyyələr maliyyə, vətəndaşlar da vaxt itirməzlər”.

Şəymən