Millət vəkili hadisə yerindən “Şərq”ə danışdı

“Erməni quduzları Tərtərdə bir ailədə atanı, ananı, oğulu, indi də nəvəni yaralayıblar”




"Tərtərin Qapanlı kəndində sünnət toyu zamanı Ermənistan separatçıları toy məclisi olan evi gülləbaran edib”. Bu barədə "Şərq”ə sözügedən rayonun deputatı Sahib Alıyev hadisə yerindən bildirib. Onun sözlərinə görə, kəndin 3 mülki sakini yaralanıb:

"63 yaşlı Müşkinaz Tanrıverdiyeva, 67 yaşlı Mədinə Əhmədova və azyaşlı Zəhra Əlizadə xəsarət alıblar. Mədinə xanım qolundan yüngül yaralanıb. Müşkinaz xanım isə hazırda Bərdə diaqnostika mərkəzindədir. Vəziyyəti orta ağır olaraq qalır. Amma böhranlı vəziyyət arxada qalıb. Nəvəsi Z.Əlizadənin isə güllə boynunu sıyırıb keçib”.

Millət vəkili atəşə tutulan ailənin taleyindən də söz açıb: "Ümumiyyətlə, bu ailənin çox qəribə taleyi var. Həmin ev cəbhə xəttinin 50-60 metrliyində yerləşir. 2000-ci ildə ailə başçısı Nofəl Əliyevi bir dəfə yaralayıblar. Keçən ilin oktyabr ayında yenə Qapanlıya gəlmişdim. Onda da N.Əliyevin oğlunu, Namiq Əliyevi vurmuşdular. İndi isə anası və nəvəsini yaralayıblar. Bu quduzlar bir dinc ailədə atanı, oğulu, ananı və indi də nəvəni yaralayıblar. Bax, belə azğınlarla üz-üzəyik”.

Millət vəkili vurğulayıb ki, dünən saat 3-ün yarısından 4-ə kimi düşmən ordusu kəndi intensiv atəşə tutub: "Belə hadisələr tez-tez olur. Amma kənd camaatı çox mərd və mübarizdir. Əvvəllər belə yaralanma halları çox olurdu. Amma cənab Prezidentin sərəncamı ilə orada istehkam divarları tikildi. Lakin həmin ərazilərin bir hissəsi torpaqla istehkam olunub. İndi torpaqdan olan istehkamda bir az parçalanmalar meydana gəlib. Separatçılar da o nöqtədən atəş açırlar. O torpaq istehkamı yenidən qaldırmaq olmur. Çünki dərhal vururlar. Belə bir məsələ var. Amma şükür ki, hər şey yerindədir”.

S.Alıyev onu da xüsusi olaraq qeyd edib ki, intensiv atışmalara baxmayaraq toy məclisi axıra qədər davam etdirilib: "Rayon rəhbərliyi də orada iştirak edib. Dünən icra başçısı orada olub. Hadisə yerinə baş çəkib. Camaatla söhbətlər aparıb. Xəsarət alanları ziyarət edib. Sağ olsun rayon rəhbərliyi də, yaralılarla maraqlanır”.

Millət vəkili söyləyib ki, hər atəşkəsdə düşmən ordusu layiqli cavabını alaraq geri oturur: "Onları da qıcıqlandıran, azğınlaşdıran budur. Görürlər ki, mövqelərarası atışmada anındaca susdurulurlar”.

Sözügedən hadisənin Rusiya XİN rəhbəri Sergey Lavrovun səfəri ərəfəsində baş verməsinə diqqət çəkən həmsöhbətimiz hesab edir ki, bu, Ermənistanın Minsk qrupunda təmsil olunan ölkə kimi Rusiyaya hörmətsizliyidir: "Və yaxud da ki, belə vasitə ilə işğalçı ölkə göstərmək istəyir ki, Azərbaycana gələn ağamızdır. Onun səfərindən ruhlanaraq bu cür hərəkətə yol veririk”.

Müsahibimiz bəzi beynəlxalq qurumların yarıtmaz fəaliyyətinə də toxunub: "Tərtərdən olan millət vəkili kimi məni təəccübləndirən budur ki, ölkəmizdə kimsə konkret cinayət əməlinə görə həbsə alınandan iki dəqiqə sonra beynəlxalq təşkilatlar səs-küy salırlar ki, Azərbaycanda insan haqları pozulur. Mən onlara müraciət etmişəm. Hətta baş vermiş hadisə ilə əlaqədar Minsk Qrupunun həmsədrlərinin elektron ünvanına məlumat göndərmişəm və reaksiyalarını istəmişəm. Hələ də ortada bir reaksiya yoxdur. İnsan haqları deyib, hayqıran beynəlxalq təşkilatların da reaksiyası gözə dəymir. Necə olur ki, azərbaycanlı öz evində toy edərkən başqa ölkə hərbiçiləri tərəfindən atəşə tutulub, xəsarət alır, və bu, insan haqlarının kobudcasına pozulması kimi dəyərləndirilmir? Nə üçün buna göz yumulur? Qeyd etdiyim faktlar həmin qurumların insan haqlarını qorumadıqlarını, insan haqqı üzərindən alver etdiklərini və ikiüzlülüklərini aydınca ortaya qoyur”.

Ayyət Əhməd