Robert Valter sonacan səmimi olacaqmı?

“Qoy məruzə 10-20 səhifə yox, cəmisi bir səhifənin üçdə biri qədər olsun. Amma məruzəçi bildirsin ki, Ermənistan AŞ PA ilə əməkdaşlıqdan imtina etdiyinə görə, onu hazırlamaq mümkün olmadı”



AŞ PA-nın iclasında "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” üzrə məruzəçisi Robert Valter çıxış edərək məruzənin hazırlanmasına Ermənistan tərəfinin maneə yaratdığını bəyan edib.

O bildirib ki, AŞ PA-nın cəhdlərinə və onun çoxsaylı təkidlərinə baxmayaraq, Ermənistan tərəfi məruzəçi ilə əməkdaşlıqdan boyun qaçırır, onun Ermənistana və təmas xəttinə səfərinin təşkilindən imtina edir, bununla da məruzənin hazırlanmasını əngəlləyir. Məruzəçi bəyanatında Azərbaycan tərəfinin əməkdaşlığa açıq olduğunu və müraciəti əsasında cari ilin mart ayında Azərbaycana səfərinin baş tutduğunu, Bakıda bir sıra görüşlər keçirdiyini deyib.

Məsələylə bağlı "Şərq”ə danışan Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Mirzəzadə deyib ki, Ermənistan həmişə özünü çox qeyri-ciddi bir dövlət və beynəlxalq hüquq normalarına barmaqarası baxan bir ölkə kimi tanıdıb: "Neçənci dəfədir ki, işğalçı ölkə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir və ona ünvanlanan suallardan boyun qaçırır. Mən çox arzulayardım ki, məruzəni hazırlayan Valter hər şeyi olduğu kimi qeyd edərək Ermənistanın əməkdaşlıqdan imtina etdiyini bəyan edərdi. Qoy məruzə 10-20 səhifə yox, cəmisi bir səhifənin üçdə biri qədər olsun. Amma məruzəçi bildirsin ki, Ermənistan AŞ PA ilə əməkdaşlıqdan imtina etdiyinə görə, onu hazırlamaq mümkün olmadı. Bunu bəyan edərdi və məruzənin aşağısından öz imzasını atardı. Onda biz görərdik ki, Avropa Şurası Ermənistanı nə cür tanıyır və işğalçıya necə qiymət verir. Amma inanmıram ki, bu, belə olsun”.

Deputat hesab edir ki, hər zaman olduğu kimi, yenə də məruzəni ordan-burdan tapdıqları məlumatlarla dolduracaqlar: "Ermənistanın AŞ PA-da oturan himayədar deputatları da işğalçı dövlətə haqq qazandırmağa çalışacaq. Ermənistan isə mahiyyətdən tamamilə uzaq olan bir mövzuya dair bəyanat verəcək. Amma bununla belə Azərbaycan tərəfi Ermənistanı tutduğu mövqeyə görə növbəti dəfə AŞ PA-da ifşa edəcək”.

İsmayıl