“Direktor teatrın kollektivini bir-biri ilə üz-üzə qoydu”

Nurəddin Mehdixanlı: “Biz İsrafil İsrafilovla bağlı mövqeyimizdə sona qədər durmuşuq”



Akademik Milli Dram Teatrının ətrafında yaşanan son günlərin gərginliyi böyük müzakirələrə səbəb olub. Akademik Milli Dram Teatrının 29 aktyorunun ölkə başçısına müraciətindən sonra teatrda ab-hava hansı vəziyyətdədir? 29 aktyorun müraciətinə reaksiya necə oldu? Dram Teatrında olan problemlərin həlli hardan başlamalıdır? Bütün bu suallara Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Nurəddin Mehdixanlı cavab verdi. "Şərq”ə danışan Nurəddin Mehdixanlının maraqlı açıqlamaları oldu.

- Dövlət başçısına müraciət edənlərin arasında sizin də adınız var. Teatrda bu qədər ciddi gərginlik nədən yarandı?

- Əslində, biz müraciətimizdə səbəbləri bildirmişik. Akademik Milli Dram Teatrında həqiqətən ciddi problemlər yaşanır. Və müraciətdə də bunlar əksini tapıb. Bizim qeyd etdiyimiz məsələlərə, əslində teatrın kollektivi düz 5 il dözdü, amma nəhayət, qərara gəldik ki, belə bir məktubla ölkə başçısına müraciət edək. Çünki artıq səbrimiz daşdı. Bəzi adamlara bildirmək istədik ki, siz uzun müddət bu sayaq fəaliyyət göstərə bilməzsiz. Bu ölkənin sahibi var, dövlət başçısı var. Bu problemlərlə bağlı bizim bir çox aktyorlarımız, aktrisalarımız ayrı-ayrı mətbuat orqanlarında, KİV-də çıxışlar ediblər. Müsahibələrində teatrdakı özbaşınalıq barədə danışıblar. Yazılar getdi. Amma bütün bunlar vəziyyəti dəyişmir. Bizim bir neçə sənətçimiz, eləcə mən də ayrı-ayrı vaxtlarda Mədəniyyət Nazirliyinə dəvət olunmuşduq. Bizimlə danışıqlar aparılmışdı, söz verilirdi ki, yaxşı olacaq. Ancaq heç nə dəyişmirdi. Biz sonda o qərara gəldik ki, hörmətli cənab Prezidentə müraciət edək, ölkə başçısının yanında bu məsələni qaldıraq ki, Akademik Milli Dram Teatrında baş verənlərə son qoyulsun.

- Reaksiya tezmi gəldi?

- Bəli. Anında məsələyə reaksiya verildi. Teatra dərhal bədii rəhbər və baş rejissor təyin edildi. Dəfələrlə dilə gətirilən problem həllini tapdı ki, Akademik Milli Dram Teatrını baş rejissorsuz saxlamaq olmaz. Bu, kapitansız gəmiyə bənzəyər. Ona görə də teatr sağa vurnuxurdu, sola vurnuxurdu. Teatrda normal ab-hava yox idi, yaradıcılıq minimum səviyyəyə düşüb. Bizim müraciətimizə dərhal reaksiya gəldi deyə teatra bədii rəhbər, baş rejissor təyin olundu. Bu da istəklərimizdən biri idi. Bizim hamımızın yaxşı tanıdığı Azərpaşa Nemətov təyin olundu. Bəzi insanlar başa düşdülər ki, bu ölkədə qanun var, qayda var. Hesab edirəm ki, hər kəs bu məsələdə öz həddini biləcək.

- Azərpaşa Nemətovun gəlişi necə, sizcə, teatrın mühitində dəyişiklik yarada biləcək?

- Sizə bir söz deyim. Azərpaşa Nemətov güclü rejissordu, illərlə tanıdığımız teatr sahəsində hörməti olan bir insandı. Demək olar ki, hər birimizin həyatında onunla hardasa işbirliyimiz olub. Bizim onunla bağlı heç bir problemimiz yoxdu. Azərpaşa Nemətov Azərbaycanda seçilən rejissorlarımızdan biridir. Amma bizi bir az narahat edən məsələ o oldu ki, bizdən, yəni kollektivdən gizlədərək müdir otağında bədii şuranın iştirakı ilə təqdimat olub. Bunun adını təqdimat qoydular. Belə təqdimat Azərpaşa Nemətov kimi sənətçinin adına yaraşmırdı, etik cəhətdən onu belə qapalı təqdim etmək o sənətçinin nüfuzuna yaraşmırdı, nə də 143 illik tarixi olan Teatrın da adına yaraşmırdı. Hər bir idarəyə rəhbər təyin olunduqdan sonra onu idarənin kollektivi ilə da tanış edirlər. Hesab edirəm ki, Azərpaşa Nemətovun Akademik Milli Dram Teatrına təyinatı bizi narahat etməyib, əksinə, onun peşəkarlığına şübhə etmirik. Niyə Azərpaşa Nemətovu təqdim edəndə teatrın bütünlükdə kollektivi ilə iclas keçirməkdən, görüşdən çəkindilər. Ehtiyat etdilər? Oddan qorxan kimi teatrın rəhbəri kollektivlə görüş keçirməkdən qorxur. Biz adam öldürən, terrorist deyilik. Yaradıcı insanlarıq. Nədən qorxur? Sadəcə, bizim istəyimiz o idi ki, teatr uzun müddətdir baş rejissorsuz fəaliyyət göstərir. İsrafil İsrafilov 5 il bizim əsəblərimizlə, səbrimizlə oynayıb. Teatrın 5 illik vaxtı boşa gedib. Kim ixtiyar verib ki, teatrın 5 ili boş getsin. O insan bizim yaradıcılığımızın 5 ilini oğurlayıb, çürüdüb. Bu ixtiyarı ona kim verib? Yoxsa bizim Azərpaşa Nemətovla problemimiz yoxdu, hər birimizin ona hörməti var. Sadəcə, İsrafil İsrafilovla bağlı iddiamız qüvvəsində qalır. Biz kifayət qədər mədəni və tərbiyəli, savadlı insanlarıq. Dövlətimizi də sevirik, qanunlarına da hörmət etməyi bacarırıq. Qanunlara tabe olmağı da sevirik. Hörmətli nazirimizin də qərarına tabe olacağıq. Amma eyni zamanda heç kim bizə haqqımızı tələb etməyə və ya fikrimizi səsləndirməyə mane ola bilməz. Bu bizim haqqımızdı. Bizim nazirimizə də böyük hörmətimiz var (bu məqamda eyhamla bir az gülür). Eyni zamanda bizə də hörmətlə yanaşılmasını tələb edirik və gözləyirik. Biz qanunlara tabeyik. Amma mənə elə gəlir ki, illərini teatra verən sənətçilərə də hörmətlə yanaşılmalıdır. Mədəniyyət Nazirliyinin ictimai əlaqələr şöbəsinin rəhbəri, hörmətli Vüqar müəllim müsahibə verərkən bildirir ki, biz qanunlara tabe olmağı tövsiyə edirik. Biz yaşlı-başlı, kifayət qədər də savadı olan və özünə hörmət etməyi bacaran insanlarıq. Qanunlara kimsənin tövsiyəsi olmadan da tabe olmağı bacaran mədəniyyətə sahib insanlarıq. Düşünürəm ki, bizə kimsənin tövsiyə verməsinə ehtiyac yox idi. Buna da bu qədər qeyri-etik şəkildə fikir bildirməyi düzgün hesab etmirik. Çünki bizim savadımız, əxlaqımız və mədəniyyətimiz var və qanunlara hörmət edə biləcək insanlarıq. Amma bizə də hörmət tələb edirik. Biz İsrafil İsrafilovla bağlı mövqeyimizdə sona qədər durmuşuq, müraciətdə dilə gətirdiyimiz tənqidlərin, iradların da arxasında yenə durmuşuq. Düşünürük ki, dövlət başçısına müraciətimiz də nəticəsini göstərəcək.

- Yəni deyirsiniz ki, İsrafil İsrafilov teatrdan uzaqlaşmalıdır?

- Biz deyirik ki, Akademik Milli Dram Teatrında olan bu gərginlik aradan qalxmalıdır, yaradıcı mühit bərpa olunmalıdır. Bu prosesin ilkin mərhələsi də Azərpaşa Nemətovun teatra gəlişi ilə başlayacaq yəqin. Teatrın direktorunu uzaqlaşdıracaq, ya yox, bu, nazirin qərarıdır. Biz deyirik, teatrda yaradıcı mühitin stabilləşməsini, yaradıcılıq prosesinin qaydaya düşməsini, kollektivin o səhnədə yumruq kimi birləşməsini istəyirlərsə, doğurdan da əgər Akademik Milli Dram Teatrını milli sərvət kimi görürlərsə, bu teatrın milli sərvət olmasına mane olan problemlər aradan qalxmalıdır.

- İlham Əsgərov da müsahibəsində belə bir fikir söylədi ki, Akademik Milli Dram Teatrı əvvəlki nüfuzunu itirib.

- Çox təəssüf ki, İsrafilov öz hökmsüz siyasəti ilə teatrın kollektivini bir-biri ilə qarşı-qarşıya qoydu. İllərlə həmkar olan, dost olan insanlar biri-biri ilə üz-üzə qaldılar. İllərin dostlarını, tərəf-müqabillərini az qala biri-biri ilə düşmənə çevirdi. Bu, onun "əməyinin” nəticəsidir. Hətta teatrda xoşagəlməyən hadisə də baş verdi. Bu, mətbuata da bəllidir. Məhkəməyə qədər davam edən insidentlər yaşandı. Bunun da bir günahkarı var - teatrın direktoru. Çox təəssüf ki, İlham Əsgərovun fikrində həqiqət var ki, teatr əvvəlki nüfuzunu itirib. Sadəcə, bir neçə nəfərin ağılsızlığına görə, şəxsi münasibətlərinə görə teatrın maraqlarını qurban vermək olmaz. Əvvəllər teatrda biri bir yalan danışanda qızarardı, hiss edərdin ki, yalan desə də, bir həya var üzündə. İndi teatrda elə yalan deyənlər var ki, utanmadan, qızarmadan bu yalanı dilə gətirirlər. O qədər o yalanı mükəmməl deyirlər ki. Adamın üzündə bir həya olar da. Onlarda bu həya qalmayıb. Yalanı qızarmadan, həya etmədən elə gözəl deyirlər ki, çaşıb qalırsan ki, üzün niyə qızarmır? Azərbaycan cəmiyyətində haqqın, ədalətin yanında duran insanlara ehtiyac var. Azərbaycan Akademik Milli Dram Teatrının görəcəyi işlər də çoxdu. Biz də mənəvi təfəkkürün inkişafına təkan verməliyik. Bizim gənclərimiz, tamaşaçılarımız teatra tez-tez gəlməlidir, uğurlu tamaşalarımızın sayı çox olmalıdır. Amma bu sayaq savaşlar bitməlidir. Bunun üçün də Akademik Milli Dram Teatrının idarəçiliyində artıq ciddi və yeni mərhələ başlamalıdır. Artıq Azərpaşa Nemətovun gəlişi ilə ümid edirik ki, bu proses başlayacaq. Əgər bu problemlər aradan qalxsa, teatrda ciddi işlər görə biləcəyik. Sizin mətbuat orqanına da təşəkkür edirik ki, bu məsələyə bu qədər ciddi yanaşırsız.

Tahirə Məmmədqızı