Bazarda zərərli düyü var

“Ayrı-ayrı ölkələrdə qablaşdırılan düyülərin əslində hara istehsalı olması və keyfiyyəti şübhəlidir”



Bir çox sahələrdə saxta məhsulların satışa buraxılmasına adət etmişik. Saxta geyimlər, saxta oyuncaqlar, saxta qidalarla yanaşı, son zamanlar saxta düyülərin satışa buraxılması ilə bağlı xəbərlər yayılmaqdadır.

Ekspertlər də müxtəlif ölkələrdən gətirilən bu məhsulların GMO-lu və orqanizm üçün təhlükəli olmasını vurğulamaqla yanaşı, mənşəyi məlum olmayan düyülərin də gətirilmə ehtimalının yüksək olduğunu qeyd ediblər. Marketlərdə daha çox saxta düyülərin satıldığını deyən ekspertlərə görə, həmin düyülərin əksəriyyəti təbii yolla yetişdirilmir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da ölkəyə saxta düyü gətirildiyini vurğulayıb. Bunun üçün xeyli münbit məqamlar olduğunu bildirən ekspert deyib ki, ölkədə sertifikatlar gətirilən malın partiyası üçün yox, ayla, illə, yəni müddətdən asılı olaraq verilir. Bir illik sertifikat alan şəxs bu müddətdə ən müxtəlif növ düyü gətirib ölkədə sata bilir:

"Ölkədə müstəqil ekspertiza yoxdur. Bu problemlərə görə ölkəyə keyfiyyətsiz, saxta, zərərli düyünün idxal olunması istisna olunmur. Çoxsaylı ölkələrdən bizə düyü gətirilir. Hindistandan, Tayvandan, İrandan, Pakistandan düyü gətirilir. Bilmək olmur ki, Banqladeşdən gətirilən düyü harada qablaşdırılır. Ayrı-ayrı ölkələrdə qablaşdırılan düyülərin əslində hara istehsalı olması və keyfiyyəti şübhəlidir. Bu məhsullar ekoloji çirklənmiş ölkələrdən də gətirilə bilər”.

Şəymən