Media həm də biznes institutudur

Ekspertlər menecmentlik institutunun vəziyyətini və problemlərini təhlil edirlər




İnkişaf etmiş ölkələrin təcrübəsinə diqqət yetirdikdə aydın görmək olar ki, belə dövlətlərdə media, o cümlədən mətbu orqanlar reklam sarıdan heç bir korluq çəkmirlər. Azərbaycanda sözügedən sahədə vəziyyətə gəlincə, təəssüf ki, bu sahədə hələ lazımi inkişaf nəzərə çarpmır. Daha doğrusu, qəzetlərin əksəriyyəti hələ də reklam sarıdan ciddi korluq çəkirlər.

Əsas səbəb isə potensial reklamçıların qəzetlərlə işləməkdən yayınmasıdır. Araşdırmalar göstərir ki, burada əsas günahkar tərəf kimi özəl sektor özü çıxış edir. Belə ki, özəl sektor KİV-lə, xüsusən də qəzetlərlə işləməkdə o qədər də maraqlı deyil.

Bu problemlər isə birmənalı olaraq, Azərbaycan da çap mediada menecment sahəsində vəziyyətin qənaətbəxş olmadığı faktını ortaya çıxarır. Elə ekspertlər də etiraf edirlər ki, hələ Azərbaycan çap mediasında menecer fəaliyyəti öz sözünü deyə bilmir. Media Menecmenti dəyişən auditoriya ilə ayaqlaşmaq və bütün istifadə olunan sistem və iş axınının auditoriyaya

düzgün tərzdə çatdırılması və yeniliklərin yaradılması ilə bağlı olan mövzudur. Həmçinin, buraya bazarda fərqlənən və seçilən tərkibə malik məzmunun çatdırılması da aiddir.

Media menecmentinin xususi bir istiqamət olduğunu vurğulayan Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsi Beynəlxalq Jurnalistika kafedrasının dosenti Vüqar Zifəroğlu deyib ki, müasir media-menecer müxtəlif sosial qruplar və aktiv ictimai subyektlər arasında kommunikasiyanı təşkil edən vasitəçidir: "Bu cür peşəkar insan özündə yalnız jurnalist bacarığını deyil, eyni zamanda menecer, iş adamı və analitik xüsusiyyətlərini birləşdirməli, istər mediakontentin hazırlanması, istərsə də media məhsulunun təqdim edilməsi proseslərində kreativ təfəkkürə malik olmalıdır. İndi eyni sualı mən sizə verirəm: Siz bizim media orqanlarının neçə faizində bu fəaliyyəti hiss edirsiniz? Təbii ki, buna böyük ehtiyac var. Çünki media həm də bir biznes institutudur. Və müasir dövrdə informasiya və analitika ən çox dəyər verilən və qiymətli məhsullardan hesab edilir. Bu səbəbdən medianın düzgün idarəçiliyi müasir dövrün başlıca tələbidir. Təəssüf ki, bu işi görəcək kadrlar barmaqla sayılacaq qədər azdır. Ümumiyyətlə, bu sahəyə hələ diqqət yetirilmir. Bu isə yanlış yanaşmadır. Media menecmenti fənni tədris edilməlidir ali məktəblərin jurnalistika fakültələrində. Bu ən azı nəzəri cəhətdən gələcəyin jurnalistlərinə bunun nə demək olduğunu bilməyə yardım etmiş olar”.

Media menecerləri ilə reklam menecerlərini eyniləşdirməyin kökündən yanlış olduğunu vurğulayan V.Zifəroğlu media menecerinin yalnız reklam işi ilə məşğul olmadığını bəyan edib: "Onunla reklam menecerləri məşğul olur. Bax, bizim elə bədbəxtliyimiz bundadır ki, biz hələ media meneceri ilə reklam menecerinin fərqini bilmirik! Media menecment - bütünlükdə media idarəçiliyidir. Reklam menecerliyi isə burada bir parçadır”.

"Yenilik.az” saytının baş redaktoru Xanlar Xoca isə menecment institutunun Azərbaycan cəmiyyəti üçün yeni olduğunu deyib. Onun sözlərinə görə, bu terminin nə olduğunu hələ əksəriyyət tam bilmir: "Amma bazar iqtisadiyyatı dövründə bu, bütün biznes sektoru üçün, o cümlədən də media üçün çox vacib sahədir. Media KİV-dən başqa həm də biznes qurumudur, ona görə də peşəkar menecerlərə bu sahədə böyük ehtiyac var və günü-gündən bu daha çox hiss olunur. Amma bu sahədə peşəkar kadrlarımız yoxdur. Ali məktəblərimizdə menecment fakültələri olsa da, mən bildiyimə görə, sırf media üzrə menecerlər yoxdur. Hesab edirəm ki, həmin fakültələrin nəzdində media üzrə ixtisaslaşma olsa, bu sahədə olan boşluq aradan qalxar”.

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrətə görə, Azərbaycan mətbuatının durumunu nəzərə alaraq ölkəmizdə media menecmenti institutunun problemli olmadığı haqqında danışa bilmərik: "Doğrudur, bəzi mətbuat orqanlarının maddi və texniki imkanları kifayət qədər yüksək səviyyədədir və heç bir şikayətləri yoxdur. Belə qurumlarda menecmentlik institutu da özünü doğruldub. Amma məsələyə ümumi yanaşsaq, Azərbaycanda bu institut hələ də oturuşmayıb. Qəzetlərin əksəriyyətində baş redaktorlar həm də baş direktor vəzifəsini icra edir. Daha doğrusu, redaksiyanın bütün işləri ilə baş redaktorların özləri məşğul olur. Halbuki onlar daha çox yaradıcılıq işi ilə məşğul olsalar, bu, bir növ keyfiyyətin də yüksəlməsinə gətirib çıxara bilərdi. Belə ki, əksər redaksiyalarda media menecerləri olmadığı üçün bütün baş redaktorlar bütün idarəetməni üstlənir və bu da keyfiyyətin aşağı düşməsinə gətirib çıxarır”.

Media menecerlərinin konkret vəzifələrinə gəldikdə isə A.Həsrət bildirib ki, menecmentlik birbaşa idarəetmə ilə bağlıdır: "Bu institut bir biznes strukturu olaraq qəzetlərin idarə

edilməsində başlıca rol oynayır. Mətbuat orqanlarının maliyyə məsələsi, inkişafı, tanıdılması, reklam işləri və bazarda mövqelərinin daha da möhkəmlənməsi məsələləri ilə məşğul olur. Təbii ki, bu işdə yaradıcı kollektivlə koordinasiya da öz yerində olmalıdır. Bunu arxa plana keçirmək olmaz. Menecerin işi oturub məqalə yazmaq və ya şərh vermək deyil, menecer redaksiyanın idarəetməsini baş redaktorun çiyinlərindən alır. Qərb ölkələrində bu işlə məşğul olanların ayrıca komandası belə var. Həmin komanda müxtəlif strukturlara bölünür. Onlar da öz səlahiyyətləri üzrə fəaliyyətlərini davam etdirirlər”.

Azərbaycanda media menecerlərinin peşəkarlığına gəldikdə isə ekspert deyib ki, kadrları da mühit yetişdirir: "Əslinə qalsa, Azərbaycanda peşəkar menecerlərin formalaşması üçün yetəri qədər imkanlar var. Sadəcə, bizim aparıcı kütləvi informasiya vasitələrimiz ayrıca menecerlik institutunun formalaşmasında maraqlı olmalıdırlar. Müşahidələrimə əsasən deyə bilərəm ki, bəzi KİV-lərdə media menecerliyinin müxtəlif atributları gözə çarpmaqdadır. Yəni, yaradıcı jurnalistika ilə məşğul olmadan sırf qəzetin satılması və reklam işinin təşkili ilə məşğul olur. Bütün bunları nəzərə alaraq, "Azərbaycanda media menecerləri yoxdur” demək də doğru deyil. Az da olsa, bu struktur formalaşıb. Son olaraq onu da deyim ki, redaksiyalarda yaradıcılıqla biznes fəaliyyətinin biri-birindən ayrılması ümumi işin xeyrinə olan bir prosesdir. Məncə, aparıcı KİV-lər media menecerləri ilə işləməkdə maraqlı olmalıdırlar”.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin sözlərinə görə, termin olaraq "effektiv idarəçilik” anlayışını ifadə edən menecerliyə Azərbaycan media industriyasında daha çox marketinq və reklam işinin qurucusu, ümumilikdə KİV-in iqtisadi fəaliyyətini yönləndirən vəzifə kimi baxılır: "Media ekspertləri də Azərbaycan mediasının menecment problemlərindən danışanda bu kontekstdə diqqət yetirir, daha konkret desək, KİV-in yayım və reklam işinin necə qurulmasından bəhs edirlər. Məncə, biz nə qədər ki, KİV-in menecment problemini bu iki detalla məhdudlaşdıracağıq, o sürədə KİV-in nə iqtisadi təminat problemini həll edə biləcəyik, nə də uğurlu KİV meneceri məsələsinə gəlib çata biləcəyik. Bu yolda ilk addım KİV-lərin mahiyyətinə baxış müstəvisi konkretləşməlidir; KİV-lər bir kommersiya qurumu olaraq qəbul edilməyincə, KİV-ə baxış kommersiya obyekti kontekstində olmayınca, burada hər hansı uğurlu menecer işinin qurlmasından söhbət gedə bilməz. Normal olaraq KİV-lərin iqtisadi əsasları ilk növbədə reklam gəlirlərindən (ən azı 75 faizi), yayımdan və digər mənbələrdən formalaşmalıdır. Və KİV təsis edən, KİV sahibi olan şəxs və ya qurum da, məhz həmin gəlirdən öz payını götürmək üçün bu KİV-i təsis edir, yaradır. Əgər KİV iqtisadi baxımdan rentabelli olarsa, təbii ki, onun sahibi də savadlı, bacarıqlı menecerlər işə götürməklə işini daha effektiv qurub daha çox gəlir götürməyə çalışar. İndiliksə, ölkəmizdə KİV-ə kommersiya qurumundan daha çox, təbliğat orqanı kimi baxıldığından, siyasiləşmə amili yüksək olduğundan, ayrılıqdan hansısa menecerin burada xariqələr yarada biləcəyindən danışa bilmərik”.

M.Ələsgərli onu da qeyd edib ki, KİV-in təkcə reklam və yayım işində deyil, ümumilikdə idarəçiliyində dəyişiklik olmalıdır: "Bizdə hələ də baş redaktor KİV-in rəhbəri kimi qəbul olunur. Baş redaktor həm işəgötürəndir, həm yayıma, həm reklama nəzarət edən səlahiyyətli şəxsdir, həm də işçiləri əmək haqqı ilə təmin edir. KİV-lərdə effektiv idarəçilik işi qurmaq üçün ilk növbədə bu absurd yanaşma aradan qalxmalı, KİV-lərin strukturlarında ciddi islahatlar aparılmalıdır. Necə olmalıdır məsələsi, artıq geniş bir müsahibənin mövzusudur. Əlbəttə, Azərbaycan KİV-ində ümumiyyətlə menecer işinin qurulmadığını deyə bilmərik. Effektiv idarəçilik işi quran, həm yayım, həm də reklam işini həll edib özünün iqtisadi müstəqilliyini təmin edən KİV-lərimiz var. Düzdür, belə KİV-lər say baxımından ümumi media məkanında 10 faizindən də az yer tuturlar. Amma fakt budur ki, belələri mövcuddur və başqalarına da nümunə ola bilərlər. Amma ümumilikdə söhbət Azərbaycan media məkanında menecer institutunun formalaşmasından və oturuşmasından gedirsə, bəli, burada problemlər var və həll edilməlidir”.

İxtisaslı media menecerlərinin hazırlanmasına gəldikdə isə JuHİ rəhbəri bunun asan məsələ olduğunu deyib: "Əvvəla, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bu fənn tədris olunur. Düzdür, adı menecerlik deyil, səhv etmirəmsə, "Jurnalistika: idarəçilik və iqtisadi təminat” başlığı ilə tədris olunan fənnin daxilindədir. Amma hər halda tədris olunur və bu sahəni bilənlər var. Digər tərəfdən, zərurət yaranarsa, jurnalist təşkilatları bacarıqlı menecerlərin hazırlanması üçün seminarlar, kurslar keçirə, layihələr icra edə bilərlər. Yetər ki, KİV-lərin mahiyyətcə yeniləşmək istəkləri və iradələri olsun”.

Şəymən