Cocuqların günahı nə?!

Sahildəki hadisə dünyanı şoka saldı, Qərb yenə ağzına su alıb
“İnsan qanından doymayan acımasız beynəlxalq imperializmin barmağı hara dəyirsə, orada ciddi problemlər yaranır”


Ötən gecə Türkiyə sahillərində baş verən hadisə dünyanı şoka salıb. Belə ki, suriyalı qaçqın miqrantları daşıyan iki qayıq dənizdə batıb və hadisə nəticəsində 5-i uşaq olmaqla 12 nəfər boğulub. Dalğalar uşaqların meyitlərini Bodrum sahillərinə çıxarıb. Dənizdə batan 3 yaşlı Aylanın sahildə tapılan məsum cəsədinin fotosu dünya ictimaiyyətini məyus edib, hər kəsi kövrəldib. 3 yaşlı körpənin özündən bir yaş böyük qardaşı Qalibin meyiti isə bir gün sonra dənizdən çıxarılıb. Dünya ictimaiyyəti iki gündür bu acınacaqlı insan dramından danışır və qaçqınları qapılarından geri çevirən Avropa rəsmilərini sərt dillə qınayırlar.

Ancaq hər gün ağız dolusu insan və hətta heyvan haqlarından danışan Qərb təşkilatları ürəkləri sızladan bu faciə qarşısında bir kəlmə də olsun danışmırlar. Deməli, günahsız bir körpə dalğaların vurub sahilə çıxardığı ölü balina qədər dəyərə sahib deyil. Bunun səbəbi isə çox sadədir: - 3 yaşlı Ayla xristian yox, müsəlman uşağıdır.

Özü gərgin dövrünü yaşayan Türkiyə dövləti bir neçə ay ərzində 2 milyondan artıq suriyalı qaçqını ölkəsinə qəbul edib və onlara sığınacaq verib. Amma hər fürsətdə rəsmi Ankaranı ittiham edən Avropa ölkələri hələ də məclislərində 50 qaçqını ölkələrinə buraxıb-buraxmamağı müzakirə edirlər. Egey dənizində isə hər gün insan dramı yaşanır və onlarla qaçqın suya qərq olaraq can verir. Bodrum sahillərində yaşanan faciəyə Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da "twitter” səhifəsində münasibət bildirib: "Avropada miqrantlarla bağlı yaşanan faciənin səbəb və nəticələrinin ədalətli qiymətini zaman verəcək”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, qoca Avropa Suriya və İraqdakı qaçqınların onlara dəxli olmadığını düşünürdülər. Amma yanıldılar: "Avropa rəsmiləri
deyirdilər ki, "qoy qaçqınlar qonşu Türkiyə və İordaniyada yerləşsinlər, bundan bizə nə?”. Yəni Avropa Şərqdəki müharibələri kənardan izləyir, özünü sığortalamağa çalışırdı. Ancaq bir gün suriyalı, iraqlı qaçqınlar daha uzaqlara, Avropa ölkələrinə getməyə qərar verdilər. Avropa Birliyi bir neçə min qaçqını qəbul edib yerləşdirməyi böhran adlandırır, əldən düşən qaçqınları isə məcburi şəkildə geri, müharibənin içinə və səfalətə göndərmək istəyir. Bəs onda milyonlarla suriyalını qəbul edib ölkəsində yerləşdirən, onları qida və yaşayışla təmin edən Türkiyə nə etsin?”.

Tarixçi-alim Dilavər Əzimli də Qərbin biganəliyini tənqid edib: "Almaniyanın kansleri Angela Merkel çıxışında dedi ki, siz qapılarınızı müsəlman emiqrantların üzünə açın və sevinin ki, onlar Məkkəyə deyil, Almaniyaya gəlirlər. Əslində bu, çox dəhşətli müraciətdir. Müsəlman dünyasının istər dövlət, istərsə də dini rəhbərləri bundan nəticə çıxarmalıdır. Bu gün müsəlman dünyası sanki orta əsrlər dövrünü yaşayır. Tayfa ənənəsindən çıxa bilmirlər. Vəziyyət getdikcə ağırlaşır. Müsəlman dünyasında qohumbazlıq, yerlibazlıq at oynadır. Bu ölkələrdə dindarlar da yolunu azmaqdadır. Əgər hər zaman Qərbi ittiham edən müsəlmanlar bu gün həmin xristian qitəsinə üz tutmaq məcburiyyətində qalıbsa, deməli, doğrudan da müsəlman dünyası faciələrə doğru sürüklənir”.

Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı bildirib ki, biz bu rəsmi Xocalıda, Ruandada, Srebrenitsada və digər soyqırımlarda görmüşük: "Suriyada vətəndaş müharibəsi adı altında gedən böyük vəhşi oyunda da bu cür görüntülərə şahid olmuşuq. Məsələ ondadır ki, insan qanından doymayan acımasız beynəlxalq imperializmin barmağı hara dəyirsə, orada ciddi problemlər yaranır. Xüsusən də, həmin coğrafiyada yerləşən ölkələr cəhalətin və geri qalmışlığın əsarətindədirsə, siyasi liderləri dar görüşlü, aydınları yorğundursa, nəticə daha da acınacaqlı olur. İmperializmə müqavimət isə daha çox ağılla, elmlə, məntiqlə göstərilir. Cəhalətə möhkəm bağlanmış müqavimət arzusu isə əslində imperializmin işinə yarayan uğursuzluq formuludur. Bu formulun qurbanları isə məsum uşaqlar və ümumiyyətlə, günahsız insanlar olur. Çox təəssüf...”.

İsmayıl