Gözləntilər doğrulmur: Seçkidən sonra bəzi komitə və nazirliklər birləşdiriləcək






Ölkədəki iqtisadi proseslər bəzi nazirlik və komitələrin ləğv olunacağı məsələsini gündəmə gətirib. İddialara görə, parlament seçkilərindən sonra bəzi dövlət qurumları ləğv olunacaq və yaxud birləşdiriləcək.

Millət vəkili Zahid Oruc da hesab edir ki, hökumətdə belə birləşdirmələr nəzərdə tutulub. Onun sözlərinə görə, parlament seçkisindən sonra bir neçə nazirliyin ləğv ediləcəyi və digərləri ilə birləşdiriləcəyi gözləniləndir. "Böyük neft pulları gəldiyi zaman nazirliklərin və komitələrin biri-birini təkrarlaması o qədər nəzərə çarpmırdı. Amma hökumət artıq ciddi maliyyə problemləri yaşadığından xərclərə ciddi ixtisarlar etməyi düşünür. Paralel iqtisadi təşəbbüskarlıq, maliyyə fəaliyyəti, bank sektoru, kreditlərlə bağlı məsələlər, o cümlədən kənd təsərrüfatı, aqrar sektorun daha da dirçəlməsi, əhalinin müxtəlif təbəqələrinin həyat şəraitinin yaxşılaşdırılması, kreditləşdirilmə və s. bütün bunlar funksiyaları baxımından biri-birinə yaxın olan dövlət qurumlarının birləşməsini zəruri edir. Bu, avtomatik olaraq hansısa strukturların üzərindən xətt çəkilməsi, insanların öz iş yerlərini itirməsi kimi nəticəyə gəlinməsi deyil. Önəmli olan dəqiq səlahiyyətlərlə bu qurumları təmin etmək və vətəndaş qarşısında qara əməllərdən, çirkli fəaliyyətlərdən, bürokratizmdən kənar işlərini təmin etməkdir. Bu o demək deyil ki, Azərbaycan növbəti ildə büdcə xərclərini sıxacağı üçün avtomatik dövlət qurumlarının üstündən xətt çəkməlidir. Məsələ bu deyil. Dünyada dəqiq normativlər var. Konkret olaraq əhalinin 100 min nəfərinə düşən strukturlar, məmur sayı, məmur aparatı sistemi və s. onların çalışması üçün dəqiq modellər işlənib hazırlanıb”.

Millət vəkili deyib ki, Azərbaycan Avropada mövcud olan məlum mexanizmləri ölkəyə gətirməkdə maraqlıdır. Bu baxımdan, biri-birini təkrarlayan qurumlar birləşdirməlidir: "Bunu ölkə başçısının ideyalarına söykənərək deyirik. Bəziləri bir çox hallarda hansı səbəbdən bu qədər insanın işsiz qalmasına, məmurların fəaliyyətinin üzərindən xətt çəkilməsinə getmək istədiyimizlə maraqlanır. Nəzərinizə çatdırım ki, məmurun sayının daha çox olması bizi qabağa aparmır. Məndə olan məlumatlara görə, seçkidən sonra məhz bu cür paralel qurumların birləşdirilməsinə gediləcək. Hazırda Azərbaycanda ən azı 6-8 qurumun birləşdirilməsi vacibdir və hökumət səviyyəsində bu qurumlar araşdırılır. Əminəm ki, prezident tərəfindən seçkidən sonra bu cür dövlət qurumları arasında birləşmələrin həyata keçirilməsi və daha dəqiq nazirliklərin formalaşması prosesi sürətlənəcək.

Söhbət nazirlikdən daha çox ayrı-ayrı komitə və qurumların birləşdirilməsi, müxtəlif agentliklərin fəaliyyəti ilə bağlı əlaqələndirmələrin aparılması, səhmdar cəmiyyət modelinin kütləviləşməsindən gedir. Səhiyyə sahəsində dövlət xəstəxana sisteminin kütləvi saxlanması effektli deyil. Bəlkə də onların özəlləşdirilməyə çıxarılması daha effektli olar və rəqabət mühitinə təsir edər. O cümlədən, kənd təsərrüfatı sahəsi ilə bağlı məsələlər çevik reallaşdırılmalıdır. Hökumətin optimal modelini qurmaq vacibdir”.

Prezident İlham Əliyevin imzaladığı "Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” fərmanı xatırladan millət vəkili deyib ki, ASAN Xidmət fəaliyyətinin çətiri altına daha yeni-yeni səlahiyyətin verməsinin qlobal mənası nədir? Biz ya hansısa məmurları cəzalandırmalıyıq, bunun yolu onları həbsə göndərməkdir. Bu o qədər də effektiv deyil: "Çünki dərhal onların ətrafında müdafiə istehkamları qurulur və başlayırlar dövləti həmin cinahdan vurmağa. İkinci yolu vəzifədən azad etməkdir. Bu da bəzən istənilən nəticəni vermir. Üçüncüsü isə elə bir idarəetmə islahatı ortaya qoymaqdır ki, bu, vətəndaşların marağına uyğun olsun. Bir çoxlarına elə gəlir ki, ASAN Xidmətdə çalışanlar Avropa məkanında seçilib bura gətirilirlər. Bilmək lazımdır ki, o şəxslər buna qədərki dövrdə elə müxtəlif dövlət idarələrində işləyən adamlardır. Sadəcə, kabinetdə yerlərini dəyişirlər. Gəlib daha fərqli meyar və şərtlərlə işləyirlər. Deməli, onların üzərində hər hansı bir saxta tələblər qoymayanda, normal yanaşma sərgiləyəndə, onlara münasibət düzgün olanda, həmin insanların təşəbbüskarlığına yer verəndə, bu artıq cəmiyyət həyatında hiss olunur, vətəndaş qapı çölündə gözləmir, incidilmir, hansısa qeyri-qanuni tələblərlə üz-üzə qalmır. Vətəndaş zamanını daha yaradıcı və səmərəli istifadə edə bilir. Ona görə də dövlət qurumları arasında bu cür unifikasiyanın aparılması və gələcək dövrdə daha peşəkar idarəetmə sisteminin formalaşdırılması dövlətimiz qarşısında duran ümumi məsələdir. Birmənalı şəkildə bunu "neft gəlirləri azalır və məmurlar çıxıb getməlidir” fikirlərinə endirilməsini bəsit sayardım. Ən başlıca məsələ, hətta neft gəlirləri yuxarı olsa da, bizim bunu etməyimizdir. Amma nəticədə boş qalan və işini dəyişən insanların da təyinatı üzrə başqa bir formada problemlərini yoluna qoymaqdır. Başlıcası iqtisadiyyata geniş meydan verməkdir ki, sahibkarlıq mühiti geniş inkişaf etsin və dövlət strukturlarında özünə yer tapmayan insanlar daha geniş, azad məkanda birləşsinlər, çalışsınlar və millətimizə fayda versinlər”.

Şəymən