Türkiyədə istefa səsləri ucalmağa başladı...

Ölkənin müxalifət düşərgəsi Ərdoğan hakimiyyətini tənqid atəşinə tutdu, təkrar seçki problemləri artıracaq




Türkiyə gərginlikdən yaxa qurtara bilmir. Ötən gün Türkiyə Böyük Millət Məclisində yeni hökumət nazirlərinin andiçmə mərasimi baş tutmayıb. Ölkənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyası müstəqil nazirlərin andiçməsinə mane olub.

Xatırladaq ki, nazirlərin məclisdə andiçməsindən sonra Suriya və İraqa qoşun yetirmək məsələsi səsə qoyulacaqdı. Ancaq CHP-li vəkillər 8 nazirin qanunvericiliyə uyğun olmayan şəkildə təyin olunduğunu iddia edərək məclisin gündəmini dəyişib. Onlar iddia ediblər ki, müstəqil vəkillər əslində hakim partiyaya xidmət edirlər.

"Müharibə qərarı almaq utancvericidir”

Daha sonra çıxış edən HDP-li vəkil İdris Baluken Məclisdə müharibə qərarının alınmaq istənməsini pisləyib. O deyib ki, ölkənin dörd tərəfində qan axır. Belə bir dövrdə parlamentin yenidən müharibə, qan qərarı alması TBMM adına utancdır.

"Kürd məsələsi” ilə bağlı da Prezident Ərdoğanı tənqid edən Baluken deyib ki, müvəqqəti hökumət 7 iyun seçkisində ortaya çıxan xalq iradəsinin boşa çıxarılmasıdır: "Çözüm sürəci”ni məhv edən Ərdoğan koalisiya hökumətinin formalaşmasına da əngəl yaratdı”. Baluken bəyan edib ki, HDP-li iki nazir Suriya-İraq təzkərəsinə "xeyir” səsi verəcəklər.

"Türkiyədə hakimiyyət dəyişməsə, axan qan durmayacaq”

MHP başqanı Dövlət Baxçalı müvəqqəti hökuməti sərt tənqid edib və deyib ki, demokratik bir iqtidar hakimiyyətə gəlməzsə, Türkiyədə axan qan dayanmayacaq: "Ərdoğan AKP-ni uzaqdan "pultla” idarə edir və Davudoğlunu kukla kimi oynadır. İndiki müvəqqəti hökumət də Prezidentin maşası vəzifəsini yerinə yetirəcək. Bu hökumət heç bir problemi həll edə bilməz”. Baxçalı bildirib ki, AKP-nin PKK ilə qurduğu "koalisiya” türk millətinə baha başa gəldi: "Çözüm sürəci”nin müəllifləri Türkiyənin bünövrəsinə dinamit qoydular, xalqa xəyanət etdilər.

"Təcili istefa verməlidirlər...”

CHP sədri Kamal Kılıcdaroğlu 13 ildir bu ölkəni idarə edən partiya Türkiyəni çıxılmaz vəziyyətə salıb: "2002-ci ildə AKP hakimiyyətə gələndə ölkədə terror yox idi. 13 ildən sonra nə oldu ki, yenidən PKK ölkənin başına bəla oldu. Türkiyə qan gölünə döndü. Artıq bunu etiraf etmək lazımdır. Türkiyədə ciddi yönətim boşluğu var. İki başlı idarəetmə ilə irəliyə getmək olmaz. Axı bu ölkəni kim idarə edir? Baş nazir Davudoğlu, yoxsa Prezident Ərdoğan? Kim olursa, olsun, əgər bu şəxslər ölkənin təhlükəsizliyini təmin edə bilmirlərsə, onda dərhal istefa verməlidirlər. Bir adamın şəxsi ambisiyaları ilə təkrar seçkiyə gedirik. Baxın, erkən yox, təkrar seçki. Prezident deyir ki, "siz mənim dediyimi etmədiniz, mən də zorla sizə istədiyimi etdirəcəm”.

"Belə ağır şəraitdə təkrar seçki keçirilməməlidir”

HDP başqanı Səlahəddin Dəmirtaş deyib ki, AKP hökuməti seçki qutularını oğurlayacaq və seçkidə saxtakarlıq edəcək: "İndiki vəziyyətdə Türkiyənin şərqində seçki ab-havası yoxdur. Bölgə qarışıqdı. Elə əslində AKP-nin məqsədi də qarışıq bölgədən özünə səs toplamaqdır. Əgər AKP istəyərsə, bir günün içində sandıqlardakı səs faizini dəyişdirə bilər. Hesab edirəm ki, belə bir ortamda erkən seçkiyə getmək hakim partiyadan başqa heç kimin işinə yaramayacaq. Onlardan hər şeyi gözləmək mümkündür, hətta ola bilsin ki, bizim HDP-li nazirləri də vəzifələrindən çıxarsınlar”.

İsmayıl