Qazi seçkiyə qoşuldu

“Heç olmasa parlamentin 50 faizinin dəyişməsini istəyirik”
Nurəddin Xoca: “Biz ictimai həyatda müəyyən qədər fəal olan adamlarıq. Ancaq parlamentin 80 faizini tanımırıq”



Keçmiş döyüşçü, "Boz Qurd” batalyonunun sabiq komandiri Nurəddin Xoca qarşıdan gələn parlament seçkilərində namizədliyini irəli sürmək fikrindədir. Nurəddin Xoca namizədliyini 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən verəcək.

Bu barədə "Şərq”ə danışan Qarabağ qazisi deyib ki, həmin dairənin ərazisində xeyli sayda köhnə döyüş yoldaşları var. N.Xoca onların dəstəyinə ümid etdiyini bildirib: "Axı niyə parlamentdə qazi olmasın?! Niyə döyüşçülər Milli Məclisə düşüb qazilərin problemlərini, dərdlərini qaldırmasınlar? Biz çoxdan fikirləşirdik ki, qazilərdən biri öz namizədliyini irəli sürsün. Təbii ki, seçilib-seçilməyəcəyimiz ayrı məsələdir. Amma ən azından bu təşəbbüsü etmək borcumuzdur”. N.Xocanın sözlərinə görə, bütün müharibə adamları seçki kampaniyasında ona yardım edəcəklər: "Şükür Allaha, Sabirabad, Saatlı, Kürdəmir zonası Qarabağ müharibəsində ən fəal iştirak etmiş biz zonadır. Bu şəhərlərin camaatı çox şəhid verib, veteranları çoxdur. Həm onlar, həm də digər vətəndaşlar seçkidə məni dəstəkləyəcəklər. Bilirsiz, biz aşağı təbəqənin adamıyıq. Özümüz hardayıqsa, o təbəqədən də səs gözləyirik. Niyyətimiz həmin aşağı təbəqənin problemlərini parlamentdə gündəmə gətirməkdir”.

Keçmiş döyüşçü hazırkı parlamentin susqunluğundan da şikayət edib: "Biz ictimai həyatda müəyyən qədər fəal olan adamlarıq. Ancaq parlamentin 80 faizini tanımırıq. Onların adlarını bilmirik, səslərini eşitmirik. Sadə camaat isə heç Milli Məclisin 95 faizini tanımır. Bilirsiz ki, Qarabağ veteranlarının və şəhid ailələrinin "straxovka” pulu var. Bu, cəmi 3-4 milyon pul deməkdir, amma 10 ildən çoxdur ki, ailələr, qazilər həmin pulu ala bilmir. Dəfələrlə bu məsələni qaldırmışıq. Ancaq xeyri yoxdur. Ona görə də istəyirik ki, parlamentdə səsimizi eşitdirək”.

"Boz Qurd” batalyonunun sabiq komandiri bəyan edib ki, Azərbaycanın düşünən bütün insanları illərdir dəyişiklik istəyirlər: "Bu, bizim arzumuzdur. Parlamentin simasının dəyişməsi, xüsusən gənclərin gəlməsi daha yaxşı olar. Biz də əlimizdən gələn yardımı gənclərə edərik. Hər halda cəmiyyət üçün gənc təfəkkür illər boyu sümükləşmiş, qocalmış təfəkkürdən daha faydalıdır. Heç olmasa, parlamentin 50 fazinin dəyişməsini istəyirik. Həqiqətən bu milləti fikirləşənlər, camaatı irəli aparmağı bacaran insanlar Məclisə düşməlidir”.

Qazi deyib ki, media onun namizəd olmaq istəməsini çox gözəl qarşıladı və keçmiş döyüşçünü dəstəklədi: "Mətbuatdan umduğum dəstəyi aldım. Ümid edirəm ki, təbliğat dövründə də media bizdən dəstəyini əsirgəməyəcək”.

İsmayıl