Magistr və doktorantlara hərbi xidmətdən möhlət veriləcək

“Elm haqqında” qanundakı mübahisəli məsələlər həllini tapıb



"Elm haqqında” qanun layihəsinin Milli Məclisin payız sessiyasında yenidən müzakirəsi gözlənilir. Qanun layihəsinin tam hazır vəziyyətdə olduğunu deyən Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyevin sözlərinə görə, ötən müddət ərzində qanun layihəsi ilə bağlı millət vəkillərinin təklifləri, iradları tam nəzərə alınıb.

Qanun layihəsi tam təkmilləşdirilib və ikinci oxunuş üçün tam hazır vəziyyətə gətirilib. Qanun layihəsində elə də ciddi dəyişikliklər olmadığını vurğulayan millət vəkili deyib ki, bir neçə mübahisəli maddələr var idi ki, onlarla da bağlı ümumi bir məxrəcə gəlinib. Bütün konstruktiv təkliflər nəzərə alınıb: "Gözlənilir ki, oktyabr ayında Milli Məclisin iclaslarının birində "Elm haqqında qanun” layihəsi yenidən müzakirə edilsin. Ən azından komitədə bir dəfə baxıla bilər”. Qeyd edək ki, ilk oxunuşdan keçən "Elm haqqında” qanun layihəsində Azərbaycanda magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi, özəl elmi müəssisələrin yaradılması, Azərbaycan Milli Elmlər Akademiyasına elmi fəaliyyəti

maliyyələşdirmək məqsədi ilə Azərbaycanın qanunvericiliyində qadağan olunmayan digər fəaliyyət növləri, o cümlədən sahibkarlıqla məşğul olmaq hüququnun verilməsi nəzərdə tutulub.

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev "Şərq”ə açıqlamasında deyib ki, "Elm haqqında” qanunun qəbul olunması həm elmin, həm də təhsilin inkişafını sürətləndirəcək: "Elmi nailiyyətlər, ideyalar, yanaşmalar təhsilin sürətli inkişafına əsas yaradır. Buna görə də elm haqqında sənədin qəbulu gələcəkdə elmlərin uğuruna səbəb olacaq və onun nəticələri təhsilin yüksək səviyyəyə qalxmasına şərait yaradacaq”.

Ə.Ağayevin sözlərinə görə, "Elm haqqında” qanun layihəsində öz əksini tapan elmi fəaliyyətlərin təşkili məsələsi də çox təqdirəlayiqdir: "Bəzən olurdu ki, alimlər elmi fəaliyyətini həyata keçirmək üçün çoxlu zaman və vəsait sərf edirdilər. Onların işini yüngülləşdirmək və asanlaşdırmaq lazımdır.

Elmdəki pərakəndəliyin aradan qaldırılmasında qanunun rolu çox böyükdür. Hər şey qanunla tənzimlənəndə nəticələr məqsədəuyğun olur”.

Magistr və doktorantlara hərbi möhlətin verilməsinə gəlincə isə ekspert bunun tərəfdarı olduğunu bildirib: "Çünki magistr və doktorant hərbi xidmətə yollanır. Bu müddət ərzində elmdən uzaq düşür. Xidmətlə bağlı problemlər işə düşəndə öyrəndiklərini unudur. Zəifləmə halı meydana gəlir. Qayıdandan sonra təkrara ehtiyac yaranır. Əksəriyyəti bunu etmir və elmdən uzaqlaşır. Hərbi xidmətdən möhlətin tətbiqi təhsildə fasiləsizliyi həyata keçirməyə xidmət göstərəcək ki, bu da çox yaxşı haldır”.

Ə.Ağayev də artıq ilk oxunuşdan keçən qanun layihəsinin tezliklə reallaşacağı arzusundadır. Qəbul olunduğu təqdirdə qanunun icrasına güclü nəzarət olunmasını vacib sayan professor deyib ki, hər kəs üzərinə düşən məsuliyyəti qanuni şəkildə yerinə yetirməlidir: "Qanunun aliliyi qorunsun. Vəzifəli və imkanlı adamlar təhsilimizə qanunsuz müdaxilələrini dayandırsınlar. Tək istəyim budur ".

Şəymən