Sovetdən qalma ənənə...

Yaşayış yerindən arayışın tələb olunması ləğv edilməlidir




Əksər dövlət strukturlarında vətəndaşlardan yaşayış yerindən arayışın tələb olunması məsələsi problem olaraq növbəti dəfə gündəmə gəlib. Demək olar ki, bu, hazırda sosial şəbəkələrin ən ciddi müzakirə mövzusuna çevrilib. Məsələn, ötən günlərdə iqtisadçı-ekspert Azər Mehdiyev öz "facebook” profilində sözügedən məsələyə diqqət çəkib. Ekspert təklif edib ki, yaşayış yeri haqqında arayış ləğv edilməlidir.

Çünki bu arayış sovet dövründən qalma bir şey olmaqla yanaşı, həm də müasir elektronlaşmış cəmiyyət üçün geridəqalma əlamətidir. Buna rəğmən qeyd edək ki, A.Mehdiyevin fikirlərinin əksini düşünənlər də az deyil. Yəni cəmiyyətdə buna dair birmənalı rəy yoxdur. Kimi onun vacibliyini dilə gətirib qalmasını, kimi isə sovet dövrünün qalığı adlandıraraq, ləğvini istəyir. Ekspertlər də bu məsələnin heç bir hüquqi əsasının olmadığını iddia edir. Belə ki, hüquqşünas Asim Nəsirli "Şərq”ə deyib ki, vətəndaşlardan yaşayış yerindən arayışın tələb olunması 1997-ci il yanvarın 1-dən qanunla qadağan olunub: "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız onun şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir və şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Bundan başqa deyim ki, bir var şəxsin yaşayış yeri, bir də var şəxsin olduğu yer. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür - yəni şəxsin müvəqqəti yaşadığı yer. Vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal qeydiyyata almalı və bu barədə onun şəxsiyyət vəsiqəsinin arxa tərəfində müvəqqəti qeyd aparmalıdır. İndi arxa tərəfinə qeyd vurulmur, sadəcə, şəxsə əlavə sənəd verilir. Yəni, hətta yaşayış yeri üzrə yaşamasa belə, DİN-in orqanları bu şəxslərə sənəd verir və arayışa ehtiyac yoxdur”.

Həmsöhbətimizin fikrincə, vətəndaşdan yaşayış yeri haqda arayışın tələb olunmasına görə qanunvericilik inzibati məsuliyyət müəyyən edir: "Bu məsələyə sahə müvəkilləri nəzarət etməlidirlər. Onun ərazisi üzrə yaşayış yerlərinə yeni köçmüş şəxslərə qeydiyyat barədə xəbərdarlıq edilməli, qeydiyyata düşmürlərsə, inzibati məsuliyyətə cəlb edilməlidirlər. Bu həm də, daxili miqrasiya sahəsində statistikanı üzə çıxarar. Bakı şəhəri ilə yanaşı, digər şəhərlər də hər hansı sahədə tədbirlər planı həmin əhalinin sayına uyğun qəbul edilə bilər. Bəzən DİN əməkdaşları qanunvericiliyin tələblərindən məlumatlı olmurlar. Bir də ki, marağa xidmət göstərmir. Çünki bu cür cərimələnmələr regionların real vəziyyətini üzə çıxaracaq”.

Məsələyə aydınlıq gətirən digər hüquqşünas, millət vəkili Çingiz Qənizadə söyləyib ki, bu gün Azərbaycanda bir çox dövlət qurumları haqlı olaraq yaşayış yerindən arayış tələb edirlər: "Hesab edirəm ki, arayışların tələb olunması qanunla tənzimlənir. Tutaq ki, sosial yardımla bağlı hansısa vətəndaşın sənədləşməsi gedirsə, onun faktiki olaraq harada yaşaması məlum olmalıdır. Və yaxud da kimsə rayondan gəlib, paytaxtda işə düzəlirsə, onun faktiki yaşayış yeri göstərilməlidir. Yəni elə yerlər var ki, orada faktiki yaşayış yerinə ehtiyac olur. Amma elə qurumlar da mövcuddur ki, orada bu arayışlara heç ehtiyac duyulmur. Bu məsələyə birmənalı yanaşmağın tərəfdarı deyiləm. Tutaq ki, güc strukturlarına sənədlər verilərkən buna ehtiyac olur. Bu qurumlarda həmin sənədin tələb olunması qanunauyğundur. Amma lazım gəldi-gəlmədi, vətəndaşdan yaşayış yerindən arayış tələb etmək xüsusiyyəti artıq sovet dövrünə xasdır. Amma ondan tamamilə imtinanın tərəfdarı deyiləm”.

Ayyət Əhməd