“Onlarla heç kim bacarmır”

“Qaraçılarla qanunun dili ilə danışılmasına çətinlik yaradan daimi yaşayış yerlərinin olmamasıdır”



Qaraçıları yola gətirmək olmur. Faktiki köçəri həyat keçirən bu insanlar polisdən də, qanundan da yayınmağı ustalıqla bacarır. Həmçinin, hərbi xidmətdən də. Bakı şəhər Baş Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Qalib Rəhimov Modern.az saytına açıqlamasında qaraçıların yaxalandıqları zaman cəzadan yaxa qurtarmaq üçün sənədlərini təqdim etmədiklərini deyib.

Şöbə rəisi bildirib ki, DİN qaraçılarla mübarizəni davam etdirir, onlar polis tərəfindən saxlandıqda, yaşadıqları yerə - Yevlax rayonuna göndərilir. Qaraçıların yaşadıqları yer üzrə qeydiyyatları olsa da, sənədlərini gizlədir və hərbi xidmətdən yayınırlar.

Dilənçilik, oğurluq, falçılıq...

Qaraçıların mənşəyi barədə məlumatlar da müxtəlifdir. Qaraçılar köçəri xalq sayılır. Beynəlxalq axtarış sistemində qaraçıların Hind-Avropa mənşəli olduğu qeyd edilir:

"Qaraçılara bütün Avrasiya materikində rast gəlinir. Avropa yazıçılarından Prosper Merime, Şarl de Koster və eləcə də Valter Skott öz əsərlərində qaraçıların mənşəyinə ötəri də olsa toxunurlar.

Qaraçıların tarixi hələ də müəmmalıdır. Ancaq bu məlumdur ki, onların ilk kiçik dəstələri XV əsrin əvvəllərində Avropanın şərq hissələrində görünmüşdür; lakin onların Avropaya haradan və nə üçün gəldikləri məlum deyil və qəribə burasıdır ki, az vaxt içərisində bir-birindən çox uzaq olan ölkələrdə onların bu qədər artıb çoxalmasına heç kəs inana bilmir. Qaraçıların özləri də öz adət-ənənələri və mənşələri barədə indiyə kimi heç nə qoruyub saxlamamışlar və əgər onların əksəriyyəti Misiri birinci vətənləri hesab edirsə, bu da onların ta qədimdən indiyə qədər öz aralarında yayılmış bu uydurmaya əsaslanmalarıdır.

Şarl de Koster və Valter Skott da qaraçıların tarixini XV əsrə aid edir. Digər bir məlumata görə, qaraçılar İstanbulun fəthi zamanı Avropaya daxil olmuşlar. Başqa bir mülahizə isə qaraçıların eyni zamanda iki yoldan Avropaya daxil olduqları yönündədir. Bu mülahizəyə görə bir qrup Bosfor boğazından digər qrup isə Cəbəllütariq boğazından Avropaya keçmişdir.

2012-2014-cü illərə olan qeyri-rəsmi məlumata əsasən Azərbaycanda yaşayan qaraçıların ümumi sayı 10 min nəfərə yaxındır. Onlar iki qrupa bölünürlər: fars dilində danışanlar və kurmanc dilində danışanlar.

Qaraçılar tarixən köçəri həyat tərzi sürürlər. Ənənəvi olaraq atçılıqla və maldarlıqla yanaşı, həm də öz dədə-baba sənətləri olan nalbəndlik, xırda məişət avadanlıqları, kənd təsərrüfatı alətləri istehsalı ilə məşğul olurlar.

Qaraçıların özlərinə məxsus elə adət-ənənələri var ki, bunlar heç bir xalqa mənsub deyildir. Misal üçün, qaraçılar ən qədimdən (Şimali Pakistanda, Ərəbistanın şimal bölgələrində) ailə qurarkən qızlar bir qayda olaraq yalnız qaraçı tayfasından olan oğlanlara ərə gedə bilərlər. Qaraçı oğlanları isə başqa millətin nümayəndəsi ilə nadir hallarda evlənə bilərdi. Qaraçılar ailə məsələsində qan qohumluğu əlamətlərini hər şeydən üstün tuturlar.

Amma bu da məlumdur ki, hazırda qaraçı dəstələrinin əsas məşğuliyyəti dilənçilik, oğurluq və falçılıqdır. Bakının metro girişlərində və metro vaqonlarında, parklarda, yol kənarlarında onlara tez-tez rast gəlinir. Özü də qaraçılar bir nəfər hamı üçün, hamı bir nəfər üçün prinsipi ilə işləyir. Əgər kimsə, çaşıb, metroda və ya küçədə qaraçı balasına güldən ağır söz deməyə cürət etsə və ya bir qaraçını təhqir etməyə qalxsa, dəstə üzvləri dərhal haradansa peyda olub, onun müdafiəsinə qalxırlar. Çoxları bunu bildiyindən qaraçılara ümumiyyətlə, baş qoşmağı yersiz sayır və kirimişcə yanlarından ötüb keçməyə üstünlük verirlər. Amma polis haqqında bunu deyə bilərikmi? Polisin əlində qanun kimi güclü silah olduğu halda, onu niyə qaraçılara tərəf "çevirə” bilmir?

Qaraçılarla heç kim bacarmır...

İctimai Təhqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-kriminalist İlqar Altay "Şərq”ə açıqlamasında bildirdi ki, qaraçıları qanuna cəlb etməkdə əsas çətinlik onların daim yerdəyişmələridir:

- Polis orqanları heç də aciz deyil. Sadəcə, qaraçılarla qanunun dili ilə danışılmasına çətinlik yaradan onların daimi yaşayış yerlərinin olmamasıdır. Bəli, onlar haradasa qeydiyyatdadırlar.

Amma qeydiyyatda olduqları ünvanda yaşamırlar. Ümumiyyətlə, qaraçılar daimi yaşayış yeri təfəkkürünə sahib deyillər. Görürsən, bir günün içində bir ailə - arvadlı, uşaqlı harasa "yox oldu”. Onlar yaşayış yerlərini daim dəyişirlər. Bu, onların xarakterindədir. Onlarla, heç kim bacarmır. Avropada da bu problem var, dünyanın digər yerlərində də. Qaraçı hər yerdə qaraçıdır. Onları idarə etmək çox çətindir. Polis orqanları qaraçıları daim nəzarətdə saxlamağa çalışmalıdırlar. Onların yaşayış yerləri müəyyən edilməli və nəzarətdən çıxarılmamalıdır. Hara gedirlər, niyə gedirlər, neçə nəfər gedir, bütün bunlar haqqında polisdə məlumatlar toplanmalıdır ki, lazım gəldikdə həmin məlumatlara istinad edib onları qanuna tabe olmağa vadar etsinlər. Qaraçıların qeydiyyat məsələsini də, onlara vətəndaşlıq verilməsi məsələsini də sistemə salmaq olar.

Məlahət Rzayeva