Dünya qaçqın ordusundan qorxur

Ona görə Türkiyəyə yardım etməklə, prosesi Ankaranın öhdəsinə buraxmaq istəyirlər




Macarıstanın baş naziri Viktor Orban maraqlı təkliflə çıxış edib. O, Avropa Birliyinin miqrant probleminin həllində Türkiyə və digər ölkələrə yardım etməli olduğunu deyib. Məlumata görə, V.Orban miqrantların qəbulu üçün Avropa Birliyi ölkələrinin kvota ayırmasını da düzgün saymayıb:

"Ölkələrə kvota ayırmaqdansa, xüsusi fond təsis edərək miqrantlarla bağlı problem yaşayan ölkələrə, məsələn, Türkiyəyə yardım etmək olar”.

Bundan başqa baş nazir deyib ki, ötən günlərdə Macarıstan ölkə ərazisinə gələn qanunsuz miqrantların 12 min nəfərini Almaniya və Avstriya ərazisinə buraxıb.

Baş nazirin təklifini dəyərləndirən ekspert Azər Allahverənov "Şərq”ə deyib ki, Suriya ərazisində gedən hərbi əməliyyatlar yüz minlərlə insanın qaçqın düşməsinə səbəb olub: "Dinc suriyalılar da hərbi əməliyyatdan qaçaraq yaxın ölkə olan Türkiyəyə üz tuturlar. Onları Türkiyəyə bağlayan din və qohumluq əlaqələridir. Amma bu gün Türkiyənin özü həqiqətən də çox böyük qaçqın axınına məruz qalıb. Rəsmi mənbələrdən bildirilib ki, qardaş ölkədə 2 milyona qədər qaçqın var. Hətta vaxt vardı ki, Türkiyənin "Qızıl Ay” təşkilatı cənub bölgələrində düşərgələr salırdılar. Artıq o düşərgələrin hamısı dolub. İnsanlar Türkiyənin müxtəlif şəhərlərinə yollanırlar. Bu ölkənin müxtəlif şəhərlərində Suriyadan olan on minlərlə qaçqına rast gəlmək mümkündür. Türkiyədə qaçqınlar müəyyən çətinliklərlə üzləşirlər. Bu səbəbdən Avropaya yollanırlar. Avropadan sığınacaq istəyirlər. Avropa ölkələrindən isə daha çox Macarıstana gedirlər. Macarıstanlı baş naizirin təklifinin arxasında məhz bu niyyət durur ki, Türkiyənin potensialını artırmaqla miqrantların Avropa ölkələrinə axınını müəyyən qədər zəiflətmək mümkün olar. Amma düşünmürəm ki, Türkiyənin və eləcə də qaçqın axınına məruz qalan digər ölkələrin potensialını artırmaqla axını önləmək mümkün olsun. Burada müxtəlif variantlar nəzərdə tutula bilər. Burada həm kvota, həm də miqrant axınına məruz qalan ölkələrin gücünün artırılması kimi məsələlər nəzərdə tutula bilər. Bu, daha effektiv tədbirlər planıdır”.

Ayyət Əhməd