“Çox istərdim ki, parlamentin siması dəyişsin”

Akif Nağı: “Heç kəs bizdən xahiş edə bilməz ki, namizədliyini geri götür”



Noyabr ayının 1-də keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca, marafonda iştirak edəcək qurumların adı məlum olmağa başlayıb. Bir müddət əvvəl Qarabağ Azadlıq Təşkilatı da millət vəkili seçimlərində iştirakla bağlı qərar verib.

QAT seçkilərdə "Qarabağa azadlıq!” adlı seçki platforması ilə iştirak edəcək. Parlament üzvlüyünə iddiaçıların bu platforma ətrafında birləşdirilməsi qərara alınıb. Namizədlər arasında təşkilat rəhbəri Akif Nağının adı var. Seçkiyə hazırlıq prosesi ilə bağlı "Şərq”ə müsahibə verən QAT sədri hələlik müzakirəsi gedən üç dairənin birindən namizəd olacağını deyib...

- Akif bəy, nəyə görə deputat olmaq qərarına gəldiniz?

- QAT-ın Milli Məclisdə təmsil olunmasına böyük ehtiyac var. Çünki bir sıra məsələlərin qoyuluşu, vacib qanunların qəbul olunmaması bizi qane etmir. Neçə vaxtdır ki, işğal olunmuş ərazilərlə bağlı qanunun qəbul olunmasını gözləyirik. Bir neçə dəfə bununla bağlı parlament rəhbərliyinə də müraciət etmişik. Amma nəticəsi olmayıb. Həmçinin, cari məsələlərlə bağlı da müəyyən qərarlar qəbul olunmalıdır. Düzdür, QAT təkcə qarabağlıların deyil, bütün azərbaycanlıların təşkilatıdır. Amma biz çalışırıq ki, Məclisin gündəliyində daim Qarabağ məsələsi olsun. Parlamentdə ayrıca Qarabağ Komitəsinin yaradılmasına və vaxtaşırı müzakirələrin keçirilməsinə də ehtiyac var. Bu məsələlərin həlli üçün QAT-ın parlamentdə yer almasını zəruri hesab edirik.

- Namizədliyinizi QAT adından verirsiz, yoxsa müstəqil şəkildə seçkiyə qatılırsız?

- Müstəqil, yəni fərdi qaydada namizədliyimi verirəm. Biz siyasi partiya olmadığımıza görə, təşkilat olaraq seçkidə iştirak edə bilmirik. Ona görə də iclaslarımızdan birində təklif olundu ki, seçkiyə qatılmaq üçün ayrıca "Qarabağa Azadlıq” adlı seçki platforması yaradılsın. Hazırda bunun üzərində iş gedir. Prinsiplərimizi qəbul edənlər platforma ətrafında birləşə bilərlər. Platformanın əsas tezisi Qarabağ məsələsinin hərbi yolla həllinə üstünlük verilməsidir. Mən özüm də həmin ideyanı dəstəkləyən namizəd kimi sözügedən platformada təmsil olunuram. Ona görə də hansısa partiyaya və bloka qoşulmamışam.

- Seçkidə uğur qazanmaq üçün imkanlarınız, resurslarınız nə qədərdir? Dəstəyiniz olacaqmı?

- Yəqin ki, dəstək verənlər olacaq. QAT 20 ildən çoxdur fəaliyyət göstərir. Bu illər ərzində cəmiyyət kifayət qədər tanınıb, öz mövqeyini, xəttini formalaşdırıb. Eyni zamanda bu təşkilatın sədri Akif Nağını da cəmiyyət kifayət qədər tanıyır və hörmət edir. Biz indiyə qədər seçkilərdə iştirak etmişik və ciddi dəstək görmüşük.

- Hansı dairədən namizədliyinizi verəcəksiniz?

- Bir neçə dairənin üzərində fikirləşirik. Onlardan biri yaşadığım Xətai rayonudur. Digəri isə QAT-ın mərkəzi qərargahının yerləşdiyi Binəqədi rayon ərazisinin 8-ci dairəsidir.

- QAT hər hansı partiyanın namizədinə güzəştə gedəcəkmi?

- Namizədlərimiz heç kəsin xeyrinə iddiasını geri çəkməyəcək. Bu, bizim cəmiyyətdə tutduğumuz mövqe ilə bağlıdır. Mən olduğum, eləcə də, namizədlərimiz olan dairələrdə demokratik düşərgə ilə birlikdə əməkdaşlıq etmək olar. Amma heç kəs bizdən xahiş edə bilməz ki, namizədliyini geri götür.

- Xankəndindən namizəd olacağınızla bağlı xəbər nə dərəcədə doğrudur?

- Son müzakirələrdə təşkilat içərisində belə bir iddia gündəmə gəldi ki, mən namizədliyimi Xankəndi seçki dairəsindən irəli sürüm. Əslində bununla bağlı kifayət qədər məntiqli əsaslar, fikirlər var. Xankəndi dairəsindən məhz QAT-ın rəhbərinin təmsil olunması bütün amillər baxımından müsbət bir addım olardı. Çünki Xankəndi Qarabağın simvoludur. Yəni ola bilər ki, namizədliyimi bu dairədən verim. Hələlik üç dairənin üzərində müzakirələr aparırıq. Hesab edirik ki, hər üç dairədən də kifayət qədər elektoratımız var.

- "Bozqurd” batalyonunun sabiq komandiri Nurəddin Xoca da öz namizədliyini irəli sürüb. O da hesab edir ki, parlamentdə qazilərin səsi gəlməlidir...

- Hər kəsin təşəbbüsünə hörmətlə yanaşmalıyıq. Aydındır ki, parlamentdə mövcud olan 125 yerdə cəmiyyətin bütün təbəqələrinin təmsil olunması mümkün deyil. Amma mən də hesab edirəm ki, Qarabağ döyüşçülərinin parlamentdə geniş tərkibdə yer almasına ehtiyac var. Bu, cəmiyyətin əhval-ruhiyyəsinə müsbət təsir göstərəcək. Unutmamalıyıq ki, bizim torpaqlarımız işğal altındadır. Eyni zamanda veteranlarımızın da ciddi problemləri var.

- Seçkidən gözləntiləriniz nədir? İddia edildiyi kimi builki seçkidə parlamentin siması dəyişəcəkmi?

- Sözün düzü, dəyişikliyin ciddi əlamətlərini görmürəm. Amma çox istərdim ki, parlamentin siması dəyişsin. Ən əsası da Qarabağın azadlığını tələb edən bir Məclis olsun. Çox təəssüf ki, indiyədək Qarabağdan seçilən deputatlar bu məsələyə ciddi şəkildə əhəmiyyət vermirlər. Torpaqlarımızın 20 faizi işğal altındadır, lakin bu ab-hava parlamentdə hiss olunmur. Ona görə də parlamentin bu istiqamətdə dəyişməsini istəyirik.

İsmayıl