“Mən öz ideyalarımı reallaşdırmağa çalışıram”

Aqşin Yenisey: “Parlamentdə hansısa qanunun qəbul olunmasında iştirakçı olmaq məni o qədər də maraqlandırmır”




Parlament seçkisinin vaxtı yaxınlaşdıqca, deputatlığa namizədliyini irəli sürənlərin sayı artmaqdadır. Xüsusən, builki seçkilərdə gənclərin daha çox aktivlik nümayiş etdirdiyi müşahidə olunur. Parlamentdə təmsil olunmaq istəyənlər arasında siyasilərlə yanaşı, digər fərqli peşə sahibləri də var.

Amma görünən odur ki, qələm sahibləri, yazıçılar və şairlər deputat olmaq həvəsində deyillər. Çünki seçkilərə az zaman qalsa da, indiyədək sadəcə bir yazar öz namizədliyini irəli sürüb.

Söz adamlarının parlamentə meyl etməməsinin səbəblərindən danışan tanınmış şair Aqşin Yenisey "Şərq”ə açıqlamasında deyib ki, onun Milli Məclisdə qanun qəbul etməkdən daha maraqlı iddiaları var: "Demək olar ki, hər seçkidə gənclərin aktivliyi, ümumi canlanma müşahidə olunur. Hətta prezident seçkisində belə müxtəlif peşə sahibləri ölkəyə rəhbərlik etmək eşqinə düşürlər. Sözsüz ki, bunların hamısını cəmiyyət özü tənzimləyəcək. Çünki burda iddialar yox, son nəticələr öz sözünü deyəcək”. A.Yeniseyin sözlərinə görə, qələm adamlarının seçkilərdə iştirak etməməsinin özünəməxsus səbəbləri ola bilər: "Konkret özüm haqqında deyim ki, mənim üçün öz peşəmə, yaradıcılığıma aid daha başqa fikirlərim, iddialarım var. Mən öz ideyalarımı reallaşdırmağa çalışıram. Parlamentdə hansısa qanunun qəbul olunmasında iştirakçı olmaq məni o qədər də maraqlandırmır. Yəni düşünmürəm ki, mütləq parlamentdə yerim olmalıdır. Daha yaxşı olar ki, öz romanlarımdakı qəhrəmanların arasında olum. Amma yenə deyirəm, bu mənim subyektiv fikrimdir. Ümumi yazarlar adından danışmıram. Əlbəttə, kimsə eyni anda yazıçı, millət vəkili, prokuror və tibb elmləri namizədi olmaq istəyirsə, bu, həmin adamın müstəqil fikridir. Qoy olsun, yəqin ki, heç olmasa, bu peşələrin birində uğur qazanacaq”.

İsmayıl