Əli Əlirzayev: “Mən milli sərvətəm”

“Xalqın məni dəstəkləmədiyini hardan bilirlər, nəylə ölçürlər?”



Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov YAP Səbail rayon təşkilatı Şurasının üzvü Əli Əlirzayevin ittihamlarına cavab verib. S.Novruzov bildirib ki, partiya bir neçə dəfə onun namizədliyini dəstəkləyib, sonuncu dəfə də dəstəkləməsinə baxmayaraq, seçicilər onu seçməyib, istəməyiblər.

Məlumat üçün bildirək ki, Ə.Əlirzayev YAP-la bağlı ittihamı Modern.az saytına açıqlamasında səsləndirib. O, üzvü olduğu partiyadan incikliyini gizlətməyərək, qarşıdakı parlament seçkilərində namizəd olmaq istədiyini, ancaq YAP rəhbərliyinin bu addımı dəstəkləməyəcəyini vurğulayıb.

S.Novruzovun cavabına sərt reaksiya verən Ə.Əlirzayev "Şərq”ə müsahibəsində bildirib ki, xalqın adından danışmağa heç kimin ixtiyarı yoxdur: "Xalqın məni dəstəkləmədiyini S.Novruzov haradan bilir. Bunu nəylə ölçür. O, 2005-ci ildə olan məsələləri deyir. Siyavuşun izahatına heç bir ehtiyacım yoxdu. Xalqım məni dəstəkləyir və sevir. Mən xalqın üzünə çıxmağı bacaran adamam.

- Əli müəllim, YAP sizi dəstəkləməsə, seçkilərə namizədliyinizi partiyadan kənar, müstəqil şəkildə irəli sürəcəksinizmi?

- Xeyr. Ötən dəfə mənə 200 səs yazdılar. Guya ki, xalq məni dəstəkləməyib. Amma mən 4 yüz səs yığmışdım. Həmin səslə qeydiyyatdan keçə bilərdim. Bununla mənə "Əli müəllim, çəkil” dedilər.

- Sizə qarşı niyə bu mövqedə dayanıblar?

- Mən obyektiv, möhkəm və işgüzar adam olmuşam. İkiüzlü olmamışam. Kimisə boğazdan yuxarı tərifləməmişəm. Kiməsə möhtac olmamışam. Heç kəsdən mənzil istəməmişəm. Həmişə düz danışmışam.

- Bəziləri iddia edir ki, hazırda Ə.Əlirzayev mövqeyini dəyişib. Bu, doğru yanaşmadırmı?

- Əlbəttə yanlışdır. Mən Şahbuzda, Babəkdə ciddi işlərlə məşğul olanda indikilər çay gətirməklə məşğul olurdular. Həmişə H.Əliyevin yanında olmuşam. Onu dəstəkləmişəm.

- Əksər millət vəkili yaşlı nəslin nümayəndəsinin parlamentə gəlməsini istəmir. Bunun səbəbini nəylə izah edərdiniz?

- Çünki "91-lər” ağır günlər görüb. Bütün tarixi faktları bilir. Hər kəsin dünənindən və bugünündən məlumatlıdırlar. İndi kimlərsə ortaya çıxıb vəzifədə qalmaq və yenidən deputat mandatı almaq məqsədilə özünü yaxşı göstərməyə çalışır. Bundan başqa, yaşlı nəsil təcrübəlidir. Yaşlı nəslin öz parlament ənənəsi mövcuddur. Yaşlı nəsil xalqın mənafeyini müdafiə edir. Deputat olan adam xalqın mənafeyindən çıxış etməlidir. Mən xalqın mövqeyindən çıxış edib, deyəndə ki, əmanətlər qaytarılsın, deyirdilər ki, Ə.Əlirzayev müxalifətə keçib. Burada nə var ki? Baxın, bu gün əmanətlər qaytarılıb. "2020-ci ilə baxış konsepsiyası” məhz bizim fikirlərimiz əsasında hazırlanıb. Mən uşaq deyiləm ki, akademiklərlə oturub-durmuş adamam. Mən milli sərvətəm. İndi gəlib, kimlərsə bizə meydan oxumaq istəyir. Onlar hansı məktəb keçiblər? Deputat mandatından istifadə edib, doktor olublar. Deputatlıqdan istifadə edib müəssisə yaradıblar. Əksəriyyəti müxalifətçi olub. Mənsə müxalifətlə oturub-duran adam olmamışam. Amma parlamentdə eləsi var ki, yüzlərlə partiya dəyişib. YAP-ın ilk təşəbbüskarlarından biri mən olmuşam. Ona görə də bizim parlamentdə olmağımızı istəmirlər. Onlar bizi görəndə həyəcanlanırlar. Çünki biz hər şeyi daha yaxşı və dəqiq bilirik.

Ayyət Əhməd