Tural Abbaslı: “Onlar mənim üçün maraqlı deyillər”

“Ölkə siyasətində heç bir nəticə əldə edə bilməyən müxalifət aqressiyasını öz daxilinə yönəldib”


AXCP sədri Əli Kərimliyə bağlı olan şəxslər sosial şəbəkələrdə Müsavatın üzvü, "Ağ Blok”un təmsilçisi Tural Abbaslıya qarşı kampaniya aparır, onu sosial şəbəkələrdə tənqid edir və bəzən söyürlər. Buna səbəb T.Abbaslının AXCP daxilində baş verən hadisələrə bir qədər fərqli münasibət ifadə etməsidir.

Cəbhəçilər gözləyirmiş ki, T.Abbaslı partiya daxilində baş verən hadisələrdə Əli Kərimlini müdafiə edəcək. Lakin Abbaslı tam fərqli mövqe ortaya qoyub: "Razi Nurullayev uzun müddət Əli Kərimlinin müavini olub. Ə.Kərimli bu statusu müavininə həvalə edibsə, deməli, ona inanırmış, etimad göstərirmiş. Əgər R.Nurullayevə inanmasaydı, ona bu vəzifəni verməzdi. Mənim üçün hələ də təəccüblüdür ki, qəflətən nə baş verdi ki, adam öz müavini ilə düşmən səviyyəsinə çatdı?!”. Sosial şəbəkədə ünvanına deyilənlərlə bağlı "Şərq”ə danışan "Ağ Blok”un təsisçisi Tural Abbaslı deyib ki, ölkə siyasətində heç bir nəticə əldə edə bilməyən müxalifət aqressiyasını öz daxilinə yönəldib: "Hazırda müxalifət düşərgəsi iqtidardan daha çox özü-özünü tənqid edir, özlərindən düşmən yaradırlar. Sosial şəbəkələr çıxandan sonra isə internet üzərindən mənəvi fikir terroru aparmağa başlayıblar. Adını da qoyublar "ictimai qınaq”. Əgər kimsə onlar kimi düşünmürsə, onu dərhal düşmən, xain elan edirlər. Mən yalançı qınaqdan qorxan adam deyiləm. Kim nə istəyir desin. Həm Allahın, həm də xalqın qabağında üzüm ağdır. Ona görə də barəmdə yazılanlara fikir vermirəm. Onlar mənim üçün maraqlı deyil. Seçki ilidir, qoy getsinlər seçki ilə məşğul olsunlar”.

T.Abbaslı bildirib ki, kiminsə söz deməyə cəsarəti çatırsa, buyurub açıq debata gəlsin: "Açıq müzakirədə onların cavabını verərəm. Mənim hər məsələyə öz münasibətim var. Kiminsə xoşuna gəlmək üçün heç kimin tərəfini saxlamıram. Nə Əli Kərimlini, nə də Razi Nurullayevi müdafiə edirəm. Ümumiyyətlə, bu məsələyə çox qarışmaq istəmirəm. Çünki bu gün R.Nurullayevin yanında yer alan Rafiq Daşdəmirli cəbhəçilərin bütün mitinqini təşkil edən, partiya üçün böyük fədakarlıq göstərən şəxs olub. İndi mən birdən-birə o adama necə satqın deyim? Ən gözəl və layiqli qiyməti zaman özü verəcək. Vaxt var idi ki, Əli Kərimli ilə yanaşı, cəbhədən ayrılan Mirmahmud Mirəlioğlunu da satqın, xain elan etmişdilər. Amma bu gün həmin iki şəxs bir blokda təmsil olunurlar”.

İsmayıl