Cəbhə xəttinin mühafizə divarları...

Bu divarların müsbət və mənfi tərəfi var


Tovuzun Ermənistanla sərhədində yerləşən Əlibəyli kəndində düşmən güllələrindən qorunmaq üçün divarlar hörülür. Tovuz Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, tikintisinə bir neçə il əvvəl başlanılan divarların inşası davam etdirilir. İstinad divarının tikintisi Ərazilərin Yenidən Qurulması və Bərpası Agentliyinin sifarişi ilə aparılır. Səbəb isə mülki əhalinin təhlükəsizliyinin təminatıdır.

Belə ki, bir neçə il əvvəl inşasına başlanılan divarlar əsasən sosial, təhsil obyektlərini və təmas xəttinə yaxın olan evləri güllədən qorumaq funksiyasını yerinə yetirir. İcra Hakimiyyətindən bildirilib ki, Tovuzun Hacallı kəndində 500 metrə kimi belə divar hörülüb. Əlibəylidə isə 700-

800 metr hörülsə də, bu iş davam etdirilir. Tovuzun düşmənlə sərhədində yerləşən Ağdam kəndində də belə divarların inşası nəzərdə tutulur. Qoruyucu divarların hündürlüyü 4 metr, eni isə 80 santimetrdir. Nəzərinizə çatdıraq ki, Tovuzun Əlibəyli kəndi Ermənistanla təmas xəttinə ən yaxın olan yaşayış məntəqəsidir. Erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində kəndlərin əhalisi təhlükə altında qalır və baş verən atışmalarda yaxınlıqda yerləşən və Azərbaycan tərəfində mülki əhalinin erməni snayperlərinin gülləsinə tuş gəlməsi halları tez-tez baş verir.

O cümlədən də, təmas xəttinə yaxın ərazilərdə məskunlaşmış əhali üçün təsərrüfat işlərində çalışmaq da təhlükəlidir. İstinad divarın hörülməsində məhz bu amillərin rol oynadığı bildirilir.

Bəs, sərhəd boyunca istehkam divarları çəkmək nə dərəcədə doğurdur? Bu öz əlimizlə divarın o üzündən ümidimizi üzmək deyilmi?

Hərbçi-ekspert Azad İsazadə mülki əhalinin təhlükəsizliyi baxımından yanaşdıqda mühafizə divarı çəkilməsini müsbət qarşılayır. Eyni zamanda bunun mənfi tərəflərinin də olduğunu deyib: "Mühafizə divarının tikilməsi yaxın zaman kontekstində müsbət görünür. Mülki əhali qorunmalıdır və mühafizə divarı da bu məqsədlə tikilir. Məsələnin mənfi tərəfi isə budur ki, biz problemi divarın arxasında gizlədirik. Uzun zaman kontekstindən baxanda mənfi tərəfləri getdikcə artır. Mühafizə divarı o demək ola bilər ki, divarın o tayındakı torpaqların artıq bizə aidiyyəti yoxdur. Divardan o tərəfə keçmək fikrimiz yoxdur, bizi ancaq müdafiə olunmaq maraqlandırır, hücuma keçməyəcəyik və s... Bu divar özündə müxtəlif mesajları daşıyır; Ermənistana bir mesajdır, Dağlıq Qarabağ ermənilərinə başqa bir mesajdır, beynəlxalq aləmə tamam başqa mesajdır. Məsələn, Qarabağ erməniləri üçün "biz sizi izolyasiya edirik” mesajı kimi qəbul edilə bilər. Beynəlxalq aləmə isə "müharibə etmək fikrimiz yoxdur” mesajı. Düzdür, mühafizə divarı mülki əhali üçün önəmlidir. Amma unutmayaq ki, divar təhlükəsizliyə zəmanət vermir. Evin ətrafına nə qədər hasar çəksən də, oğrunun içəri keçmək niyyəti varsa, o hasarı aşacaq. Mühafizə divarı da belədir. Elə təsəvvür yaranmasın ki, divar hörülür deyə, əhali erməni gülləsindən xilas olur. Əgər bu mühafizə divarı təmas xəttindən erməni mövqelərinə doğru 100 metr dərinlikdə qurulsaydı, bunu daha çox alqışlayardıq. Belə bir divar Ermənistan tərəfdən tikilsəydi, daha məntiqli olardı. O mənada ki, ermənilər belə "izah” edərdi ki, biz sizdən qorunuruq. İşğala məruz qalan bir ölkənin öz torpaqlarında mühafizə divarı tikməsi isə bir qədər məntiqsiz görünür. Biz öz torpağımızda kimdən qorunuruq? Əgər bu, uzun zaman üçün hesablanırsa, haçansa bu divarı sökmək lazım gələcək. Mülki əhalinin müdafiəsi üçün yeganə vasitə mühafizə divarı deyil. Yəqin ki, başqa yollar, başqa üsullar da var. Hansı tərəfdən baxsaq, istinad divarı Azərbaycan insanına istər-istəməz mənfi təsir bağışlayır. Bu, işğal altındakı torpaqlardan təcrid olunmaq anlamına gəlir”.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə isə qoruyucu divarların çəkilməsinin ancaq müsbət tərəfləri olduğunu və heç bir problem yaşanmayacağını vurğulayıb: "Düşmənlə sərhəddə bu cür mühafizə divarlarından dünyanın bir sıra ölkələrində istifadə olunur. Qonşu ölkələr tərəfindən təhdidə, hərbi təcavüzə məruz qalan dövlətlər adi sərhəd sədləri əvəzinə qoruyucu divarlar çəkirlər. Ermənistanla Azərbaycan sərhədinin bəzi hissəsində də vaxtaşırı erməni əsgərləri tərəfindən təxribatlar olduğuna görə, belə divarların çəkilməsini vacib hesab edirəm. Düşünürəm ki, bu, kəndləri və digər yaşayış məntəqələrini erməni hücumlarından qorumağa imkan verəcək. İnşaat işinin bütün tələbləri yerinə yetirilməklə hörülən bu divarlar həm mülki əhalini Ermənistan snayperlərindən qoruyacaq, həm də həmin ərazilərə nəqliyyatla gediş-gəlişin təhlükəsizliyinə zəmanətdir. Onu da deyim ki, artıq divar çəkilən sahələrdə bu cür provokasiyalar xeyli azalıb. Deməli, sərhəd boyunca bu cür qoruyucu divarların çəkilməsi müsbət haldır”.

Şəymən