“İstəməzdim “JEK”lər ləğv olunsun”

Sahib Məmmədov: “Çalışmaq lazımdır ki, onlar qeyri-kommersiya - gəlir gətirməyən - qurumlar şəklində dövlət nəzarətində olsun”




Azərbaycanda mənzil-istismar sahələri bir müddət sonra ləğv olunacaq. Bu barədə Milli Məclisin Regional məsələlər daimi komitəsinin sədri Arif Rəhimzadə bildirib. Komitə sədrinin sözlərinə görə, avqustun 31-də Prezident İlham Əliyev tərəfindən yaşayış yeri üzrə arayışların verilməsi və digər məsələlərlə bağlı imzalanan fərmanla bələdiyyələrin və mənzil-istismar sahələrinin üzərindən böyük bir yük götürüldü:

"Bələdiyyələr mənzil-istismar sahələrinin sənədləşmə sahəsindəki funksiyalarını üzərlərinə götürsəydilər, bu, bələdiyyələr üçün böyük yük olardı. Cənab Prezident bu məsələni asanlaşdırdı. Yenilik gələcəkdə bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsinə bir siqnaldır. Yaxın gələcəkdə bələdiyyələr mənzil-istismar sahələrinin digər səlahiyyətlərini də üzərlərinə götürə bilsələr, o halda mənzil-istismar sahələri kənarda qalacaqlar. Qanunvericiliklə bələdiyyələrə belə hüquqlar verilib. Çoxlarının "JEK” adlandırdığı mənzil-istismar sahələri gec-tez ləğv olunacaq.

Məsələni şərh edən Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov "Şərq”ə deyib ki, sovet dövründə mənzillər yerli xalq deputatları sovetinə məxsus idi və yaxud da idarələrin özlərinin mənzil-istismar sahələri vardı: "Onlar həmin binaları idarə edirdilər. Təmir və kommunikasiya işlərinə baxırdılar. İndi binaların hamısı özəlləşdirilib. Ona görə mənzil-istismar sahələri ənənəvi funksiyalarını itiriblər. Bununla belə istəməzdim ki, "JEK”lər ləğv olunsun. Çalışmaq lazımdır ki, onlar qeyri-kommersiya - gəlir gətirməyən - qurumları şəklində dövlət nəzarətində olsun. "JEK”lər binalarda idarəetməni- ümumi kommunikasiya- həyata keçirə bilərlər. Baxın, bina tikib satan şirkətlər MMC yaradıb mülkiyyətçilərdən hər kvadrata görə, 30-50 qəpik pul yığırlar. Bu, tam qanunsuzdur. Yəni hazır strukturları ləğv etmək deyil, indiki şəraitə uyğunlaşdırmaq lazımdır”.

Ayyət Əhməd