Dərslər yaxınlaşır, tıxaclara hazır olun





Paytaxt yolları da yeni dərs ilinə hazırlaşır. Bir neçə gündür ki, həm şəhərin yolları, həm də icitmai nəqliyyatda tətbiq ediləcək yeniliklər barədə məlumatlar verilir. Bir sıra yeniliklər isə artıq tətbiq olunmağa başlayıb. Bakı-Sumqayıt sürət qatarının xəttə buraxılması, yeni lyuks avtobuslar, ictimai nəqliyyatdakı marşrut dəyişiklikləri... Metropoliten də sentyabrın 15-dən payız qrafikinə keçiləcəyini, qatarların sayının artırılacağı, intervalların azaldılacağını vəd edir.

Yayda metroda çəkdiyimiz əzablar - 6-7 dəqiqəlik interval məşəqqəti deyirlər, olmayacaq. Görərik... Tədris ilinin başlandığı gün isə daha böyük dəyişiklik və yeniliklər vəd edilir. Bütün bu canfəşanlıq isə adət etdiyimiz tıxacların qarşısının alınması məqsədi daşıyır. Çünki dərslər başlananda şəhərdə hərəkətin necə iflic olduğu hər kəsə məlumdur. Xüsusən də orta məktəblər və ali təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, məlumdur ki, yollar keçilməz hala gəlir. Tıxac üzündən məktəbə gecikən balacalar gözlərinin yaşını axıdır, böyüklər də əsəblərini cilovlaya bilmir.

Amma bunu da deməliyik ki, paytaxtın tıxac probleminin həlli istiqamətində yay mövsümü ərzində də və hətta ondan əvvəl də bir sıra gərəkli işlər görülüb. Məsələn, Birinci Avropa Oyunları ərəfəsində Nazirlər Kabinetinin qərarı ilə idarə və müəssisələrdə iş vaxtlarının müəyyən intervalla dəyişdirilməsi məhz tıxacların yaranmaması üçün atılmış addım idi. Və o zaman belə təkliflər irəli sürüldü ki, iş vaxtları ilə yanaşı, orta və ali məktəblərdə də dərslərin vaxtı müxtəlif olsun. Belədə yollarda sıxlığın qarşısını almaq mümkün olar.

"Yaşıl dalğa” gəlir...

Əsas yeniliklərdən biri də paytaxtın 4 prospekti və 11 küçəsində "yaşıl dalğa” sisteminin tətbiqinə başlanılacağıdır. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "APA-Economics”ə məlumat verilib. Qeyd olunur ki, sistem sentyabrın 15-dən işə düşəcək. Bir sıra yollarda işıqforların yaşıl işığı sönməyəcək - "müddəti uzanacaq”.

"Yaşıl dalğa”nın tətbiq olunduğu küçə və prospektlərin adları da açıqlanıb. Bunlar - Abbasqulu ağa Bakıxanov küçəsi, Rəşid Behbudov küçəsi, Tbilisi prospekti, Üzeyir Hacıbəyov küçəsi, Zərifə Əliyeva küçəsi, Akademik Həsən Əliyev küçəsi, Alfred Nobel prospekti, Hüseyn Cavid küçəsi, Bülbül prospekti, Səməd Vurğun küçəsi, Cəfər Cabbarlı küçəsi, Hənifə Ələsgərova küçəsi, Təbriz küçəsi, Abbas Mirzə Şərifzadə küçəsi və Qara Qarayev prospektidir.

Məlumatda o da bildirilir ki, yeni tədris ilinin başlanması ilə əlaqədar paytaxtdakı təhsil müəssisələrinin yerləşdiyi ərazilər müəyyən olunub və "yaşıl dalğa”lar daha çox məhz bu ərazilərdə tətbiq ediləcək. Bu ərazilərdə avtomobillərin sayı həddindən artıq çox olduğundan avtomobillərin dayanmaması, sıxlığın və tıxacların yaranmaması üçün "yaşıl dalğa” əmri daha çox bu yerlərdə tətbiq ediləcək.

Hərəkət istiqamətləri də dəyişir

Tətbiq olunan başqa bir yenilik bir sıra küçələrdə hərəkət istiqamətinin dəyişdirilməsidir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtın bir neçə küçə və prospektində nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması və maneəsiz hərəkətini təmin etmək məqsədilə bir sıra dəyişikliklər edib. C.Hacıbəyli küçəsi A.Bakıxanov küçəsi ilə kəsişmədən sonra (Gənclik m/st. istiqamətində) bir tərəfli olduğundan və K.Kazımzadə küçəsindən ancaq sağa C.Hacıbəyli küçəsi istiqamətində dönmə nişanı olduğundan, A.Bakıxanov küçəsindən sağa C.Hacıbəyli küçəsi istiqamətində yalnız A.Bakıxanov küçəsindən sağa dönən nəqliyyat vasitələri istifadə edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, A.Bakıxanov küçəsindən sağa C.Hacıbəyli küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin daimi olaraq işıqforun əlavə seksiyasında hərəkətinin təşkil edilməsi haqqında təklif irəli sürülüb.

Asif Məhərrəmov küçəsindən "3-cü mkr dairəsi”nə doğru hərəkət edən nəqliyyat vasitələri Asif Məhərrəmov küçəsindən geriyə dönmə əməliyyatını yerinə yetirmək üçün 3-cü mkr dairəsindən istifadə etmək məcburiyyətində qalırlar ki, nəticədə, 3-cü mkr dairəsində yüklənmə yaranır. Qeyd olunanları nəzərə alaraq, Asif Məhərrəmov küçəsində (dairəyə çatmamış yolötürücünün altında) nəqliyyat vasitələrinin geriyə dönmə əməliyyatını yerinə yetirmələri məqsədi ilə yolun sxemdə göstərilmiş qaydada təşkil edilməsi təklifi irəli sürülüb.

Ceyhun Səlimov küçəsindən "3-cü mkr dairəsi”nə doğru hərəkət edən nəqliyyat vasitələri Ceyhun Səlimov küçəsindən geriyə dönmə əməliyyatını yerinə yetirmək üçün 3-cü mkr dairəsindən istifadə etmək məcburiyyətində qalırlar ki, nəticədə, 3-cü mkr dairəsində yüklənmə yaranır. Qeyd olunanları nəzərə alaraq, Ceyhun Səlimov küçəsində (dairəyə çatmamış yolötürücünün altında) nəqliyyat vasitələrinin geriyə dönmə əməliyyatını yerinə yetirmələri məqsədi ilə yolun sxemdə göstərilmiş qaydada təşkil edilməsi təklifi irəli sürülüb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin hazırladığı bütün təkliflər Nəqliyyat Nazirliyi və Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən təsdiq edilib və müvafiq qaydada icra olunub.

Yeni avtobuslar

Qeyd edək ki, Nəqliyyat Nazirliyi Avropa Oyunları zamanı paytaxta gətirilmiş kondisionerli, lyuks "Bakıbus” avtobuslarını yeni tədris ilinin başlanması ərəfəsində nəhayət ki, marşrut xəttinə buraxmaq qərarına gəldi (yayın qızmar istilərində bakılıların gözü həsrətlə bu avtobusları axtarırdı - red.). NİİM-dən bildirilib ki, bu gündən etibarən Bakı şəhərinin mərkəzi hissəsində "BakuBus” MMC-nin yeni 1 nömrəli marşrut xətti istifadəyə verilib.

Fransa istehsalı olan "İveco” avtobuslar 1 saylı xətt üzrə "28 may” metrostansiyasından başlayaraq, Heydər Əliyev prospektindən keçir və "Koroğlu” metrostansiyasına hərəkət edir. Uzunluğu 17,7 km olan marşrut xətti hər iki istiqamət üzrə 15 dayanacağı özündə birləşdirir və nəzərdə tutulmuş xətt üzrə 12 avtobus fəaliyyət göstərir. Avtobusların hərəkət cədvəli səhər saat 06:00-dan gecə saat 23:00-a qədərdir. Həmçinin "BakuBus” MMC-nin avtobuslarında gediş haqqının ödənilməsi nağd pulla deyil, yalnız BakıKart vahid ödəniş kartları ilə həyata keçirilir. Gediş haqqı isə 20 qəpikdir. "BakuBus” MMC-nin avtobuslarından istifadə edən zaman aşağıdakı qaydalara riayət olunmalıdır: avtobusa yalnız ön qapıdan minib kartı ödəniş aparatına oxutduqdan sonra salona keçilməli; avtobus dayanacaqda dayandıqda salonu yalnız orta və ya arxa qapıdan tərk etmək lazımdır.

"Bakubus” MMC-nin avtoparkında Fransa istehsalı olan 151 "İveco Crealis” və 151 "İveco Urbanway” markalı avtobuslar var. Amma əvvəlcədən müəyyən olunmuş digər xətlərin bu ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur.

Özünüzü tıxaclara hazırlayın...

Göründüyü kimi yeniliklər çoxdur. Bəs bu, paytaxtın məlum sentyabr tıxaclarının aradan qaldırılmasına kömək edəcəkmi?

Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov "Şərq”ə açıqlamasında paytaxt əhalisinin tıxaclara həm fiziki, həm də psixoloji hazır olmasını tövsiyə etdi:

- Tıxaclarsız ötüşməyəcəyik. Hər halda paytaxt sakinləri özlərini tıxaclara hazırlasalar yaxşıdır. Doğrudur, şəhər yollarında da, marşrutlarda da xeyli dəyişikliklər edilib. Bunlar tıxac problemini, yollardakı vəziyyəti bir az yüngülləşdirməyə, tıxac problemini qismən aradan qaldırmağa yönəlmiş addımlardır. Amma bu yeniliklərin nə dərəcədə müsbət nəticə verəcəyi də onların tətbiq olunacağından, sürücülərin qaydalara necə riayət etməsindən asılıdır. Bilirik ki, bəzən sürücülər lazımsız yerə qaydaları pozur, yol nişanlarına əhəmiyyət vermir. Həmçinin də, piyadalar tərəfindən yol hərəkəti qaydaları kobudcasına pozulur. İctimai nəqliyyatda çalışan sürücülərin də çox zaman qayda-qanunlara məhəl qoymadığı məlumdur. Bundan başqa, tıxac probleminin necə həll olunacağı rayon avtomobillərinin şəhərə girişinə qoyulan məhdudiyyətlərin necə tətbiqindən də asılı olacaq. Xüsusilə Sumqayıt istiqamətində sürücülərə alternativ variantlar təklif edilməsi böyük əhəmiyyət daşıyır. Bir halda ki, rayon maşınlarının paytaxta girişinə məhdudiyyətlər var, o zaman onlara imkan yaradılmalıdır ki, ictimai nəqliyyatdan istifadə edə bilsinlər. Bakı-Sumqayıt elektrik qatarının hərəkətini normal təşkil etsələr, bu istiqamətdə avtobus marşrutları çox olsa, şəhərə giriş yüngülləşər. Hesab edirəm ki, Bakı-Sumqayıt qatarı sentyabrın 15-i deyil, bir neçə gün əvvəldən xəttə buraxılmalı idi ki, çatışmazlıqlar varsa, məlum olsun və indidən tədbir alınsın. "Yaşıl dalğa”ya gəlincə, bu sistemi şəhərin hər yerində yaratmaq olar. Bunun üçün çevik tədbirlər həyata keçirilməlidir. Harada tıxac yaranıbsa, orada dərhal "yaşıl dalğa” sisteminə keçilməlidir. Amma biz görürük ki, hansısa yolda tıxac yarandıqda gec reaksiya verilir, tədbirlərin görülməsi gecikir. Nəticədə tıxac daha da uzanır, ətraf küçələri də əhatələməyə başlayır. Bir küçədə tıxacın yaranması, ona bitişik, kəsişən yollarda da avtomatik tıxaca səbəb olur. Tıxac probleminin köklü həlli üçün ümumilikdə şəhərin infrastrukturunda yeniliklər edilməlidir. İctimai nəqliyyatın düzgün təşkili, yol qovşaqlarının düzgün ərazilərdə tikilməsi və s. Tıxacların qarşısının alınmasında ictimai nəqliyyatın yüksək təşkili vacib şərtdir. Avtobusların marşrutunda gərək labirint olmasın. Bir ünvana getmək istəyən vətəndaş iki-üç avtobus dəyişmək məcburiyyətində qalmasın. Vətəndaşın getdiyi ünvana hansısa ictimai nəqliyyat növü daha rahat və daha tez gedirsə, hər kəs ondan istifadə etməyə çalışacaq, şəxsi avtomobilə ehtiyac görməyəcək. Avtobus marşrutları şəhərin hər yerini tor kimi əhatə etməlidir. Bütün istiqamətlərə ictimai nəqliyyat işləməlidir ki, vətəndaşlar da ona üstünlük versinlər. Ona görə deyirəm ki, həyata keçirilən yeniliklər tıxacların qismən aradan qaldırılmasına yönəlib. Nə qədər buna nail olunacaq, yaxın günlərdə görəcəyik.

Məlahət Rzayeva