Terror Türkiyəni bürüyür

15-dən çox əsgər və zabit həlak olub



Türkiyədə sentyabrın 6-da növbəti dəhşətli terror hadisəsi baş verib. İraqla həmsərhəd Hakkari vilayətinin Yüksəkova rayonunun Dağlıca kəndi ərazisində ölkənin Silahlı Qüvvələrinə məxsus zirehli hərbi texnikanın hərəkəti zamanı yola basdırılmış təxminən 400 kq C-4 tipli partlayıcı maddənin terrorçular tərəfindən partladılması nəticəsində 15-dən çox əsgər və zabit həlak olub. Hələlik ordu rəhbərliyi itkilərin dəqiq sayını açıqlamayıb. Hadisədən sonra Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr PKK mövqelərini bombalayıb. Əməliyyatlar davam edir.

"Əsgərlərin intiqamı alınacaq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hakkari vilayətində çoxlu sayda əsgər və zabitin şəhid olması və yaralanması ilə nəticələnən terror hadisəsinə münasibət bildirib. Ərdoğan hadisədən üzüldüyünü və terrorçuların bunun əvəzini çox ağır ödəyəcəklərini bildirib: "Olay Dağlıcada aparılan təmizlik zamanı minaların ard-arda partladılması nəticəsində baş verib. Baş Qərargah rəisimizin verdiyi məlumatlar üzücüdür. Hazırda orada çətin hava şəraitində əməliyyatlar davam edir. Hamımızın başı sağ olsun, Allah səbir versin”. Ərdoğan əməliyyatların başladığı gündən bu yana 2 minə yaxın PKK-çının məhv edildiyini və terrorçuların Dağlıca hadisəsinin əvəzini də çox ağır ödəyəcəklərini söyləyib. O, Xalqların Demokratiya Partiyasını (HDP) terroru dəstəkləməkdə ittiham edib.

"Terrorçular mühasirədə...”

Türk ordusu Dağlıcada xain hücumdan sonra apardığı əməliyyat nəticəsində PKK terror təşkilatının 250-yə yaxın üzvünü mühasirəyə alıb. Bu barədə Türkiyənin "Sözcü” qəzeti yazıb. Qəzetin məlumatına görə, PKK-nın dünən Hakkaridə gerçəkləşdirdiyi qanlı hücumdan sonra türk ordusu bölgədə geniş əməliyyatlara başlayıb. Dumanlı hava şəraitinə baxmayaraq, terrorçuların təqibi davam etdirilib və Cilo dağında gizlənən 250 terrorçu helikopterlərin də köməyi ilə mühasirəyə alınıb. Hazırda bölgədə əməliyyatların davam etdiyi bildirilir.

"Türkiyə məğlub olacaq, PKK qazanacaq”

Şəhid xəbərlərinə reaksiya verməyən və PKK terror qruplaşmasını tənqid etməyən millət vəkili, HDP başqanı Səlahəddin Dəmirtaş Almaniyanın paytaxtı Berlindəki görüşlərini təxirə salaraq ölkəyə qayıdıb. PKK terror təşkilatının siyasi qanadı hesab edilən HDP-nin sədri və millət vəkili S.Dəmirtaşın Avropada səsləndirdiyi fikirlər isə Türkiyə vətəndaşları tərəfindən etirazla qarşılanıb. Dəmirtaş çıxışında bildirib ki, xalq qarşısında bütün ordular çarəsizdir: "Ərdoğanın sarayının ordusu və polisi məğlub oldu. Məğlub oldular və məğlub olacaqlar da. Polis və əsgərə qalib gəldik. Türkiyə Silahlı Qüvvələri məğlub olacaq, PKK qazanacaq”.

"Şəhidlər üzərindən siyasət təhlükəlidir”

Türkiyədə yaşanan gərgin olayları şərh edən politoloqlar AKP hökumətini sərt tənqid ediblər. Ekspertlərə görə, hökumət PKK-ya qarşı mübarizə aparmaq üçün təcrübəli general tapa bilmirlər. Siyasi icmalçı Qabil Hüseynli deyib ki, Ərdoğan Ali Baş Komandandır, ancaq orduya düzgün rəhbərlik edə bilmir: "Türk ordusuna qarşı dəfələrlə müxtəlif dövlət çevrilişi ittihamları irəli sürərək 124-ə yaxın generalı, admiralı həbs etdiriblər. Bunları etməkdə məqsəd Türk ordusunun zəiflədilməsi idi və məqsədlərinə də çatdılar. Türk ordusu gücünə görə dünyanın 6-cı ordusu olsa da, həmin əməliyyatlar nəticəsində döyüş qabiliyyətini xeyli itirdi. Bu gün ordu PKK kimi partizan müharibəsi aparan terrorçu təşkilatla lazımi mübarizə apara bilmir”. Politoloqun fikrincə, Ərdoğan şəhidlərə görə məsuliyyət daşıyır: "Bu məsələdən istifadə edərək seçki kampaniyasını ortaya atmaq nə qədər məntiqlidir? Ərdoğan "kürd açılımı”nı elan etdi, o vaxt kürdlərin çox hissəsi faktiki olaraq siyasətlə maraqlanmırdı. "Kürd açılımı” elan edildikdən sonra hamısı milli dövlət, ən azından yüksək statuslu muxtariyyət tələb etməyə başladılar”.

"Partizan müharibəsi aparan terrorçular yerli əhalidən dəstək alır”

Q.Hüseynlinin sözlərinə görə, Ərdoğan istənilən situasiyadan seçki üçün istifadə edir: "PKK ilə Türkiyə ordusu arasında iki il olardı ki, atəşkəs var idi. Kürdlər iddia edir ki, atəşkəsi seçkiyə görə, Ərdoğan pozub. Avropa ölkələrində də bu fikir geniş yayılıb. Ərdoğan hər şeydən yaxasını çəkir və hər şeyin günahını paralel dövlət adlandırdığı Fətullah Gülən şəbəkəsində görür. PKK çox xain və insan həyatına susamış bir terrorçu təşkilatdır. AKP öyrənməlidir ki, kimlər, xüsusilə də hansı iş adamları PKK-ya necə yardım göstərir. Öncə bu yardımın kəsilməsinə nail olmalıdırlar”.

İsmayıl