Saakaşvili təhlükəli oyuna girib

Oliqarxlara qarşı mübarizə ona qarşı yeni müxalifət formalaşdırır




Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili öz "facebook” səhifəsində Dnepropetrovsk vilayətinin sabiq qubernatoru İqor Kolomoyskonun ittihamlarına cavab verib. Xatırladaq ki, ukraynalı oliqarx bir müddət öncə, Saakaşvilinin onun haqqında dediklərini şərh edərkən Gürcüstanın sabiq prezidentini "xaltasız it” ilə müqayisə edib və bildirib ki, onu yenidən Gürcüstana göndərmək lazımdır.

Saakaşvili isə ad çəkmədən, oliqarxın ittihamlarına istinad edərək qeyd edib ki, oliqarxın onu etibardan salmaq cəhdləri uğursuzluğa düçar olub. Qubernator onu da xüsusi vurğulayıb ki, Ukrayna xalqının on illərdən bəri azğın bandit hərəkətləri nəticəsində harınlaşmış bu oliqarxlara lazım olduqları yeri göstərəcəyinə inanır.

Məlumat üçün bildirək ki, Saakaşvili bundan əvvəl Ukrayna Baş nazirinin ünvanına da çox ciddi ittihamlar səsləndirib. Söyləyib ki, Ukrayna hökumətini oliqarx maraqlar idarə edir.

Ziddiyyəti şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu "Şərq”ə söyləyib ki, Saakaşvili Odessaya qubernator təyin olunmazdan öncə oliqarx İ.Kolomoyskoy öz adamlarını orada yerləşdirmişdi. Daha öncə Prezident Poroşenko da həmin oliqarxla toqquşmuşdu. Amma görünən odur ki, İ.Kolomoyskoy özbaşınalıq edir. Qrupları istədiyi şəkildə silahlandırır. Düzdü, həmin qruplaşma separatçılara qarşı vuruşurdu. Amma çox qanunsuzluqlar törədirdilər. Sivil ölkələr isə qanunlarla idarə olunur. Qərb Ukraynaya kreditləri şərtsiz vermir. Avropa bildirir ki, oliqarxların əl-qolunu yığışdırmaq lazımdır. Bu məsələlərdən sonra bəzi

oliqarxlar sakitləşdilər. Bəziləri ölkədən çıxdı. Lakin İ.Kolomoyskoyun siyasi iddiaları var. Saakaşvili Odessaya qubernator təyin olunduqdan sonra o, dərin islahatlara başlayıb. Bu da bəzi oliqarxları, o cümlədən İ.Kolomoskoyun maraqlarına cavab vermir”.

Ekspertin qənaətincə, Saakaşvili təhlükəli oyuna girir: "O, hətta baş nazir A.Yatsenyuku da tənqid edir ki, Baş nazir oliqarxların əlində əsir-yesir qalıb. Bu da Saakaşviliyə qarşı Ukrayna hakimiyyəti içində müxalif qüvvə formalaşdırır. Buna rəğmən, qubernator islahat aparmaq istəyir. O, islahata mane olan amillərin adını çəkir. Bir qədər sərt danışır və bu da sonda hakimiyyət içində güclü toqquşmaya səbəb ola bilər”.

Ekspertin fikrincə, Saakaşvilinin istəyi odur ki, Ukrayna hakimiyyəti islahat istəyirsə, hökumətdəki bəzi qruplar əməllərindən çəkinməlidirlər: "Bundan başqa, oliqarxlar siyasi iddialarını geri qoymalıdırlar. Bu da hələ ki, Ukraynada mümkün olmur. Ona görə də, iki qrup arasında toqquşma baş verə bilər. Deyim ki, hökumətdə islahat istəyənlər Saakaşvilini dəstəkləyirlər. Hətta onun Baş nazir vəzifəsinə gətirilməsini istəyən siyasətçilər də mövcuddur. Düşünürəm ki, bu iki qrup arasında toqquşma getdikcə güclənəcək”.

"Saakaşvili baş nazir vəzifəsinə təyinat ala bilərmi” sualına gəlincə, müsahibimiz vurğulayıb ki, bu, indiki halda real görünmür: "Hazırda Saakaşvili Odessadakı islahatların başlanğıcındadır. Gələcəkdə islahatlar uğur qazansa, Odessa Ukraynanın ən çiçəklənmiş bölgəsinə çevrilsə, hamı görəcək ki, Saakaşvili böyük bir uğura imza atıb. Onda onun Baş nazirliyə iddiası arta bilər. O, əvvəl Ukraynada vəzifə tutmaq istəmirdi. Amma sonda qubernator olmağa razılaşdı. Yəni yaxın gələcəkdə onun baş nazir olması istisna deyil. Ukraynada mütləq əksəriyyət düşünür ki, A.Yatsenyuk baş nazir olaraq heç bir nailiyyət əldə edə bilmir. Bunun əvəzində isə Saakaşvili Odessada nə isə etməyə çalışır. Bunu hamı görür. Bir daha qeyd edirəm ki, Saakaşvili Odessada ciddi uğur qazanacaqsa, onun baş nazir təyin olunması ehtimalı yüksələcək”.

Ayyət Əhməd