Nur üzlü insan köçdü

Xalq artisti doğulduğu Masallıda torpağa tapşırıldı
Yeganə: “Vida mərasiminin teatrda baş tutmasına razılıq verən olmadı. Dedilər teatrda indi toz-torpaqdı. Lap orda şərait yox idi. Məgər başqa məkan yox idi ki, Xalq artisti ilə vida mərasimi keçirilsin?”
















Biri-birindən xarakterik obrazları ilə Azərbaycan teatr tarixində yeri olan sənətkarın istər sənəti, istərsə də insani keyfiyyətləri onu xalqa sevdirə bilmişdi. Özünəməxsus səs tembri ilə səsləndirdiyi şeirlər isə ona olan sevgi və tələbatı bir qədər də çoxaltmışdı. Onun vaxtsız ölümü təkcə yaxınlarına zərbə olmadı. İlham Əsgərovun itkisi onu sevən sənət dostlarının, minlərlə sevənlərinin ürəyini sızlatdı.

Ötən gün Xalq artisti İlham Əsgərovla vida mərasimi keçirildi. Vida mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, aktyorun sənət dostları iştirak edib.

Ədalət Vəliyev çıxış edərək İ.Əsgərovun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən, ömür yolundan danışıb və onun yoxluğunu Azərbaycan mədəniyyəti üçün itki kimi dəyərləndirib.

Xalq artisti İlham Namiq Kamal: "Azərbaycanın dəyərli sənətkarı, Xalq artisti İlham Əsgərov dünyasını dəyişib. Məkanı cənnət olsun”.

Əməkdar incəsənət xadimi Məlahət Abbasova: "Bu gün sözün bitdiyi bir gündür... Çox dəyərli, özəl, teatra gəldiyimdə ilk baş rolumu bərabər oynadığım bir sənət dostumu itirdim. Bir neçə ay əvvəl səhvən ona zəng etmişdim. Səsimi eşidəndə çox sevinmişdi. Nə qədər gülmüşdük. Ölüm sənə heç yaraşmadı. Acım çox böyükdür. Səni heç bir zaman unutmayacam. Hər zaman qəlbimdə qalacaqsan, gözəl insan. Məkanın cənnət olsun. Nur içində yat. Nur üzlü insan”.

Əməkdar artist Aybəniz Haşımova da İlham Əsgərovun yaxın dostlarından olub. Aybəniz Haşımova dəfn mərasimində iştirak edib. İlham Əsgərovla bağlı xatirələrini dilə gətirən xanım sənətçi "İlham gözəl ailə başçısı idi, sədaqətli dost idi, gözəl insan idi. Biz 15 ildir onunla toylara gedirik. Mənim üçün qardaş qədər dəyərli bir insanı itirdim. Bilirsiz, dəfn mərasimində iştirak edənlər gördülər ki, İlham nə qədər sevilirmiş. Masallıda xalq sevdiyi sənətkarı necə qarşıladı və onu necə hörmətlə son mənzilə yola saldı, buna yalnız şahid olmaq lazım idi. Bütün Masallı dəfn mərasimində iştirak edirdi. Mən həyatımda belə məqamla rastlaşmamışdım. İnsanların ona hədsiz hörməti hiss olunurdu. Mənim özüm son dəfə yadıma gəlmir ki, elə fəryad çəkərək ağlayaydım. Və mənim kimi də yüzlərlə insan İlham Əsgərovun vaxtsız itkisindən sarsıntı keçirmişdi. Demək ki, xalq dəyər verdiyi sənətkara sevgisini göstərə bilirmiş. İlhamı o qədər hörmətlə dəfn etdilər ki, bu, hər sənətkara qismət olmur. Allah İlhama rəhmət etsin” söylədi.

İlham Əsgərov doğulduğu Masallı rayonunda torpağa tapşırıldı.

İlham Əsgərovla vida mərasiminin niyə Akademik Milli Dram Teatrında keçirilməməsi sualına "Onu teatrın direktoru İsrafil İsrafilovdan soruşun” - deyə cavab verilib.

Teatrdan isə bildirildi ki, aktyorun vida mərasiminin evində baş tutması ailəsinin istəyidir: "Heç bir Xalq artistinin ailəsinə qadağa qoyula bilməz ki, vida mərasimi "Azdrama”da keçirilməsin. Amma bunun üçün ailəsinin də razılığı olmalıdır. İlham Əsgərovun ailə üzvləri belə məsləhət gördülər ki, mərasim evində keçirilsin”.

Dəfn mərasimindən sonra İlham Əsgərovun həyat yoldaşı Yeganə xanımla əlaqə yaratdıq. Xalq artistinin vida mərasiminin niyə teatrda baş tutmadığına aydınlıq gətirməsini istədik. Bəzi mətbuat orqanlarına teatrın rəhbərliyi bildirib ki, Xalq artistinin ailə üzvləri vida mərasiminin teatrda keçirilməsinə razılıq verməyiblər. Yeganə xanım "Şərq”ə açıqlamasında bu söz-söhbətə aydınlıq gətirdi: "Mətbuatda olan yazıları bizə çatdırdılar. Deyilənlər həqiqət deyil. İlham dünyasını dəyişəndə biz teatra məlumat verdik. Amma ordan bizə heç nə demədilər. Vida mərasiminin teatrda baş tutmasına razılıq verən olmadı. Axı İlham Əsgərov elə-belə sənətçi deyildi. Xalq artisti idi. Onun da haqqı var idi. Xalq artisti ilə vida mərasiminə gəlmək istəyənlər çox idi. Amma teatr bu imkanı yaratmadı. Mədəniyyət və turizm naziri cənab Əbülfəz Qarayev, nazir müavini Ədalət Vəliyev şəxsən evimizə gəldilər. Teatrın direktoru İsrafil İsrafilov da gəlmişdi. Amma onun gəlişi bizə arzuolunan deyildi. Amma üzr qapısına gəlibsə, sağ olsun. Teatrdan səs çıxmadı. Dedilər teatrda indi toz-torpaqdı. Lap orda şərait yox idi. Məgər başqa məkan yox idi ki, Xalq artisti ilə vida mərasimi keçirilsin? Mənim nazirimizdən də tək xahişim o oldu ki, İlham Əsgərovu 2-ci Fəxri Xiyabanda dəfn etməyə icazə versinlər. Ancaq bizə bildirildi ki, bu, mümkün deyil. Yaşar Nuridən sonra yer yoxdu. Mən yenə deyirəm, İlham Əsgərov Xalq artisti idi. Biz də ailəsi olaraq istəyirdik ki, Fəxri Xiyabanda dəfn edilsin. Amma icazə vermədilər deyə yaxın qohumlarımız, İlhamın əmiləri onu baba ocağında, doğulduğu torpaqda dəfn etməyi məsləhət bildilər. Düzünü desək, bir az küskün qaldılar. Xalq artistinə verilən dəyər onlara da təsir etdi. Mən istəyərdim ki, İlham bizdən uzaqda dəfn edilsin? İstərdim Bakıda məzarını tez-tez ziyarət edə bilək. Mən nazirimizdən də xahiş etdim. Amma alınmadı. Yenə canları sağ olsun. Nə deyə bilərik ki? Teatrın direktoru da gəlmişdi. Susdu. İstəmirəm bu barədə danışım. Amma İlham Teatrdan küskün getdi. O, illərini Azərbaycan teatrına həsr etmiş bir sənətkar idi. Bircə ailəsi olaraq istəyimiz o idi ki, Fəxri Xiyabanda dəfninə icazə versinlər. O da olmadı”.

Qeyd edək ki, tanınmış aktyor sırağagün qəfildən infarkt keçirib və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onun bir neçə gün öncə ürək əməliyyatı keçirdiyi bildirilir.

Bir məqamı da xatırladaq ki, İlham Əsgərov son müsahibəsini bir neçə gün öncə "Şərq” qəzetinə vermişdi.

Tahirə