Qarabağda savaş ehtimalı böyükdür

Ərəstun Oruclu: “Müharibəni Azərbaycan və Ermənistan deyil, Rusiya başlada bilər”



"Bir neçə günə Qarabağın taleyi həll olunacaq”. Bu barədə millət vəkili, politoloq Sahib Alıyev son zamanlar Ermənistan və Azərbaycan ordusunun başlatdığı təlimlərin mahiyyətindən danışarkən bildirib. Onun sözlərinə görə, bu təlimlərdə edilən məşqlərdən hər iki ölkənin ordusunun həm potensialı, həm də psixoloji durumunun nə yerdə olduğu və ermənilər torpaqlarımızdan çəkilməsə, bütün bunların nəyə aparıb çıxaracağı açıqca görünür:


"Reallıq ortadadır. Ümid edirik ki, ermənilərə havadarlıq edənlər, Azərbaycanla bu və ya digər şəkildə qarşıdurmaya getməkdənsə, onunla strateji müttəfiqliyin indi əvvəlkindən daha çox işlərinə yarayacağını anlayırlar. Anladıqları üçün də erməniləri güzəştə getməyə razı salacaqlar. Əslində, burada elə böyük səy göstərməyə də ehtiyac yoxdur. 1999-cu ilin oktyabrında parlamentlərində baş verən terror aktının arxasında kimin durduğunu və nədən qaynaqlandığını yaxşı bildiklərindən ipə-sapa yatmaz hala gələn Sarkisyan və komandasına sadəcə, "reallığı özünüz də görürsünüz, gedin, içinizdə olanı dilinizə gətirin” demək yetərlidir. Realpolitik deyilən nəsnə hazırda bunu tələb edir”.
Müharibə anonsunu şərh edən "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin sədri, politoloq Ərəstun Oruclu "Şərq”ə bunları söyləyib: "Hər şey anlaşılandır, amma müharibə olmayacağını əminliklə deyə bilmirəm. Əksinə, yaxın 5-10 gün ərzində müharibənin başlanması təhlükəsinin maksimum olacağını düşünürəm. Müharibəni də Azərbaycan və Ermənistan deyil, Rusiya başlada bilər”.
Ekspertin qənaətincə, bölgə böyük oyunların hədəfindədir və Yaxın Şərqdən əli üzülən Rusiya Cənubi Qafqazı Yaxın Şərqdə təsirini bərpa etmək, Əsəd rejimini qorumaq, beləliklə də dünyanın həlledici geosiyasi məkanında söz sahibi olmaq üçün "platsdarm” kimi istifadə edə bilər: "Rusiya XİN rəhbəri Sergey Lavrovun gözlənilmədən Bakıya səfər etməsi, Sarkisyanın Moskvaya dəvət edilməsi, Rusiyanın guya İŞİD-ə hava zərbələri endirməyə hazırlaşması barədə şayiələr, nəhayət, bütün bunlarla sinxron olaraq Azərbaycan-Ermənistan təmas xəttində vəziyyətin gərginləşməsi, fikrimcə, təsadüfi sayılmamalıdır. Çünki iki ölkə (Azərbaycan və Ermənistan) arasında müharibə Rusiyanın geniş miqyasda və böyük ordu hissələrilə Cənubi Qafqaza qayıtmasını təmin edə biləcək çox az mexanizmlərdən biridir. Rusiyanın sıxışdırılıb çıxarıldığı Yaxın Şərqə yeganə dəhlizi bu bölgə ola bilər. Təki mən yanılım və təki müharibə olmasın, o zaman hər cür tənqidi qəbul etməyə də hazıram”.
Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli vurğulayıb ki, Ermənistan Prezidenti Serj Sarkisyanın Rusiyaya səfəri çərçivəsində danışıqların əsasını iki məsələ təşkil edə bilər: "Birincisi, Rusiyaya Qərbin tətbiq etdiyi davamlı və getdikcə sərtləşən sanksiyalar, ikincisi isə ölkə iqtisadiyyatında yaranan ciddi problemlər”.
Həmsöhbətimiz hesab edir ki, rus rublu yenidən özünün ağır günlərini yaşayır: "Ermənistan iqtisadiyyatı Rusiyadan total asılı vəziyyətdə olduğundan, heç şübhəsiz, bu proses ilk növbədə işğalçı dövlətin onsuz da ağır maliyyə-iqtisadi vəziyyətinə sarsıdıcı zərbə endirmiş olur. Qarşıdan payız-qış mövsümü gəldiyindən Ermənistandakı böhran xaos halına keçə bilər. Bu perspektiv S.Sarkisyanın məlum səfərini şərtləndirən əsas amillər sırasındadır. İkincisi, bu səfər Ermənistan-Azərbaycan sərhəddində və qoşunların təmas xəttində özlərinin yaratdıqları təxribatlara Azərbaycan ordusunun sarsıdıcı cavab addımları ilə bağlıdır. Düşmən böyük itkilər verir, təlaş içindədir. Düşmən qorxur. Elə bunun təsdiqi kimi, qorxaqlara məxsus addımlar atır. İndi dinc əhalini hədəfə alıb. Azərbaycan tərəfi bu vəhşiliyin cavabsız qalmayacağını bəyan edib. Düşmən qorxu altında yerli əhalinin təxliyəsini həyata keçirir. Qətiyyən şübhə etmirik ki, təxliyə edilən erməni əhalisi bir də həmin yerlərə qayıtmayacaq. Özlərinin də qeyd etdikləri kimi, "bu lənətlənmiş ölkəni” birdəfəlik tərk edəcəklər. Azərbaycan Silahlı Qüvvələrinin yeni irimiqyaslı hərbi təlimlərə başlaması S.Sarkisyanın yuxusuna haram qatıb. Bax beləcə "yuxusuzluq sindromu” ilə mübarizədə səhhətində son zamanlar ciddi problemlər baş qaldıran S.Sarkisyan Moskvaya üz tutub. Onun bu addımını Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya gözlənilməz səfəri bir qədər də tezləşdirib. Məlum olan odur ki, Ermənistan Prezidenti təlaş içindədir. O qorxur ki, Moskva bu dəfə "göz yaşlarına inanmasın”.

Ayyət Əhməd