Qanlı terror sərhədlərimizə yaxınlaşıb

Ekspertlər isə hesab edir ki, PKK Azərbaycana birbaşa təhlükə törədə bilməz



Türkiyənin İğdır vilayəti ərazisində, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Dilucu gömrük-keçid məntəqəsində çalışan polislər PKK terrorçularının hücumuna məruz qalıb. Məlumata görə, hadisə dünən səhər İğdırın Həsənxan kəndi yaxınlığında baş verib.


Polisləri gömrük məntəqəsinə aparan mikroavtobus terrorçular tərəfindən partladılıb. İlkin məlumata görə, 11 polis məmuru şəhid olub, 3-ü ağır yaralanıb. Ərazidə terrorçularla təhlükəsizlik qüvvələri arasında atışmanın davam etdiyi bildirilir. Şübhəsiz ki, sözügedən terrorçuların Azərbaycanla sərhəddə yaxınlaşması onların Azərbaycana da ayaq açacağı ehtimalını yaradıb.
Politoloq Fikrət Sadıqov isə bunun əksini düşünür. O, "Şərq”ə açıqlamasında qeyd edib ki, PKK-çıların ölkəmizə nüfuz etməsi hələ ki, real görünmür: "Türkiyə uzun müddətdir ki, PKK-dan əziyyət çəkir və onlara qarşı mübarizə aparır. Bir ara Ankara ilə PKK müqavilə bağladı. Terrorçu qruplaşma silahdan istifadə etməyəcəyini vəd etdi. Lakin sonradan sözlərini tutmadılar. Aktivləşərək qanlı olaylar törətməyə başladılar. Aktivlikləri Türkiyədə ötən aylarda keçirilən parlament seçkiləri ilə əlaqədardır. Seçkidə kürdlərin partiyasının baryeri aşması belə fikir formalaşdırdı ki, guya, cəmiyyətdə onları dəstəkləyən qüvvələr mövcuddur. Bu da bir həqiqətdir ki, Türkiyə elitası arasında PKK-çıları dəstəkləyənlər az deyil. Beləliklə, mübarizə yenidən başladı. Heç kimə sirr deyil ki, onlar Türkiyənin çətin vəziyyətində - parlament seçkiləri, hökumətin formalaşmaması və İŞİD-lə mübarizə məqamında fəallaşdılar. Bununla yanaşı, düşünürəm ki, biz Türkiyənin yanında olsaq da, qardaş ölkəni dəstəkləsək də, PKK Azərbaycana birbaşa təhlükə törədə bilməz. Həm də Azərbaycan onların strateji məqsədlərinə daxil deyil”.

Ayyət Əhməd