Sosial ayırmalarda və layihələrdə heç bir ixtisar nəzərdə tutulmayıb

2016-cı il üzrə dövlət büdcəsi həm regiondakı dəyişikliklərə, həm də qlobal faktorlara uyğun olaraq hazırlanmış bir büdcə layihəsidir



"İlin sonuna qədər bütün lazımi tədbirləri görəcəyik ki, iqtisadi inkişaf davam etsin. Gələn il hökumət daha fəal, çevik işləməlidir ki, iqtisadiyyatımız artsın”.

Bunu dünən Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə deyib. Dövlət başçısı bildirib ki, hökumətin bir neçə gün əvvəl keçirilən iclasında gələn ilin büdcə layihəsi müzakirə edilib:

"Artıq bununla bağlı mənə məruzə edildi. Biz bu məsələni daha da geniş müzakirə edəcəyik. Gələn ilin büdcəsi real vəziyyəti nəzərə almalı və daha çox sosial yönümlü büdcə olmalıdır. Əlbəttə, ən böyük prioritet təşkil edən investisiya layihələri də icra edilməlidir. Ancaq prioritet olmayan, o qədər də vacib xarakter daşımayan layihələri büdcə, investisiya proqramlarına salmamalıyıq. İsrafçılığa yol verilməməli, maliyyə nizam-intizamı daha da gücləndirilməlidir. Çalışmalıyıq ki, vəsaitə qənaət edək. İndi bütün ölkələr bu siyasəti aparır, biz də bu siyasəti daha ciddi şəkildə aparmalıyıq. Əvvəlki illərdə biz çalışırdıq ki, ölkə qarşısında duran bütün sosial-iqtisadi məsələləri həll edək. Məhz ona görə bəzi hallarda o qədər də prioritet təşkil etməyən layihələrə də vəsait ayırırdıq”. Prezident bildirib ki, ölkədə sahibkarlığın, biznesin inkişafı üçün möhkəm zəmin yaranıb: "İnfrastruktur layihələri, kreditləşmə və əlbəttə ki, dövlət siyasəti qeyd olunmalıdır. Ona görə də gələn ilin büdcəsinə çox diqqətlə baxmalıyıq. Ən əsas məsələlər büdcədə həllini tapacaq, bütün sosial proqramlar ixtisarsız icra ediləcək. Azərbaycan vətəndaşları əmin ola bilər ki, bu sahədə heç bir ixtisar ola bilməz. Sosial infrastruktur layihələri icra ediləcək. Məktəb, uşaq bağçalarının, xəstəxanaların tikintisi davam edəcək. Eyni zamanda sosial siyasətlə bağlı institusional islahatlar davam etdiriləcək”.
Dövlət başçısı kifayət qədər valyuta ehtiyatımızın olduğunu da bəyan edib: "Azərbaycanın maliyyə vəziyyəti sabitdir, kifayət qədər valyuta ehtiyatımız var. Biz düşünülmüş siyasət apararaq ildən-ilə valyuta ehtiyatlarımızı artırırdıq, bu il də Dövlət Neft Fondunun vəsaitini qoruyuruq. Vaxtilə alınmış bəzi əmlakların qiyməti düşdüyünə, xüsusilə avro, dollar məzənnələri arasında baş verən bəzi dəyişmələr elə fikir yarada bilər ki, Dövlət Neft Fondunun ehtiyatları azalıb. Ancaq reallıqda baxanda görərik ki, Dövlət Neft Fondunun ehtiyatları azalmayıb. Çünki qiymətləndirmə və dünya valyuta kurslarının səviyyəsi ilə əlaqədar bəzi dəyişikliklər edilib. Ancaq biz gələn il də valyuta ehtiyatlarımızı, xüsusi ilə Dövlət Neft Fondunun ehtiyatlarını qorumalıyıq və qoruyacağıq”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın uğurlu inkişafı ilə bağlı heç bir problem görmür: "2016-cı ildə də biz uğurla inkişaf edəcəyik. Ölkə qarşısında duran bütün vəzifələri icra edəcəyik. Gələn ilin xərcləri, investisiya proqramı, maliyyə vəziyyətimizlə bağlı hökumət daha da ciddi işləməli, yeni təkliflər verilməlidir. Ən əsası odur ki, gələn ilin büdcəsi balanslaşdırılmış, reallığı əks etdirən və lazım olmayan xərclərə yol verməyən büdcə olmalıdır”.
İqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, bəzilərinin iddia etdiyi kimi 2016-cı ilin dövlət büdcəsində sosial ayırmaların və ya sosial layihələrin məhdudlaşdırılması nəzərdə tutulmayıb. Onun sözlərinə görə, büdcə ölkənin əsas maliyyə planıdır və bu sahəyə dövlət tərəfindən göstərilən diqqət göz qabağındadır: "Artıq Nazirlər Kabineti tərəfindən təsdiq olunan büdcə layihəsi cənab Prezident İlham Əliyevin sədrliyi ilə müzakirəyə çıxarıldı. 2016-cı il üzrə dövlət büdcəsi həm regiondakı dəyişikliklərə, həm də qlobal faktorlara uyğun olaraq hazırlanmış bir büdcə layihəsidir. Bu büdcə layihəsinin yalnız daxili iqtisadi prinsiplərə deyil, xarici iqtisadi faktorlara da söykənəcəyi ehtimal olunur”.
İqtisadçı bildirib ki, sosial ayırmalarda və layihələrdə heç bir ixtisar nəzərdə tutulmayıb: "Praktik olaraq 2016-cı ilin dövlət büdcəsində sosial ayırmaların və ya sosial layihələrin məhdudlaşdırılması nəzərdə tutulmayıb. Bu sahələrdəki hər bir proses əvvəlki qaydada həyata keçiriləcək”.
V.Bayramlı bildirib ki, müəyyən dərəcədə ixtisarlar infrastruktur sahəsində nəzərə çarpacaq: "Sözsüz ki, infrastruktur xərclərinə yenidən baxılması və bu xərclərin mövcud qlobal xərclərə uyğunlaşdırılması prosesi həyata keçiriləcək. Bununla da infrastruktur sahəsinə ayrılan xərclərin məbləğində müəyyən məhdudlaşdırılmalar olacaq. Amma düşünürəm ki, infrastruktur layihələrinə daha az vəsaitin ayrılması iqtisadiyyatımıza elə də mənfi təsir göstərməyəcək. Dünyada və regionda gedən proseslərə baxmayaraq, Azərbaycan müsbət göstəricilərlə irəliləyir. Neftin qiymətinin dünya bazarında düşməsi iqtisadi inkişafa o qədər də təsir etməyib. Çünki qeyri-neft sektorunun inkişafına son illər böyük diqqət yetirilir ki, bu da iqtisadiyyatın şaxəli inkişafına şərait yaratmış olur”.

İsmayıl