Dünyanı xaos bürüyür...

Qaçqınları heç bir ölkə qəbul etmək istəmir, gərginlik artır



Son günlərin müzakirə olunan ən mühüm beynəlxalq problemlərindən biri - Suriyadan qaçan miqrantlar məsələsidir. Yaxın Şərqdən Avropaya olan qaçqın axını dünyanın diqqət mərkəzindədir. Üstəlik, Afrika ölkələrindən də qaçqınların artması Avropa liderləri arasında polemikaya səbəb olub. Həmçinin Yunanıstandakı böhran üzündən də qonşu ölkələrə və Qərbi Avropaya üz tutanların sayı artıb.


Bir sıra Avropa ölkələri, istər xalq, istərsə də hakimiyyət bu qaçqın axınından narahatdır və onları öz ölkələrinə buraxmaq istəmirlər. Bəzi ölkələrdə isə bu qaçqın axınına müxtəlif formada etirazlar təşkil edilir. Politoloqlar isə hesab edir ki, sözün həqiqi mənasında Avropada təhlükəli problemə çevrilən miqrant axını hər şeydən öncə ABŞ-ın Yaxın Şərqi siyasətində yanlış hesablamalar aparmasının göstəricisidir.
Avropaya kütləvi qaçqın axınının bu cür problemə çevrilməsinə toxunan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib ki, Avropanın qaçqınlarla bağlı vahid siyasətinin olmaması və ortaq mövqeyə gələ bilməməsi, bu prosesin ağrılı keçməsinə şərait yaradır. "Azərbaycan öz ərazisində yüz minlərlə qaçqını yerləşdirən bir ölkə kimi bu faciənin ağırlığını anlayır. Azərbaycandan fərqli olaraq Avropa böyük əraziyə, eyni zamanda nüfuza malikdir. Bundan əlavə, qaçqın probleminin həllində də müəyyən təcrübəsi var. Ümid edirəm ki, Avropa bu qaçqın axını ilə necə rəftar etməyin yolunu tapacaq”. Qaçqınlar arasında terrorçuların Avropaya daxil olaraq orada terror hadisəsi törətməsi ehtimalına gəldikdə isə deputat deyib ki, hər hansı terror hadisəsi baş verəcəyi təqdirdə, Avropa Birliyi öz müttəfiqlərinin dəstəyi ilə terrora qarşı mübarizəni gücləndirib, onun qarşısını alacaq. Millət vəkilinin fikrincə, bu qaçqın axınının müqabilində Avropanın yaxın gələcəkdə Yaxın Şərqdə hərbi əməliyyatlar yolu ilə sabitliyin yaradılması istiqamətində addımlar atacağına inanmır: "Mən inanmıram ki, yaxın gələcəkdə Yaxın və Orta Şərqdəki konfliktlərin hərbi əməliyyatlar yolu ilə həll olunması istiqamətində ciddi addımlar atılsın. Avropa Birliyi Suriyada və digər ölkələrdə problem həll etmək üçün hərb yolundan çəkinəcək və danışıqlara üstünlük verəcək. Aİ əsasən qaçqınlar problemini həll etməyə üstünlük verəcək”.
Politoloq Elşad Mirbəşiroğlunun qənaətincə də İraqda, Suriyada, ümumiyyətlə, bütün Yaxın Şərqdə vəziyyətin yaşam üçün dözülməz həddə çatdırılması gec-tez belə vəziyyətin yaranmasına gətirib çıxaracaqdı. O, sia.az-a açıqlamasında deyib ki, əksər Avropa ölkələri ABŞ siyasətini dəstəkləməklə miqrantlara görə birbaşa məsuliyyət daşıyırlar: "ABŞ-ın Yaxın Şərq strategiyasına start verilməzdən əvvəl dünyada və Yaxın Şərqdə vəziyyət kifayət qədər stabil idi və orada yaşayan insanlar Avropaya can atmırdılar. Artıq tək canları qalmış bu insanlar həyatlarını qorumaq üçün Avropaya üz tutmaq məcburiyyətindədir. Hesab edirəm ki, bu, Avropaya yaxşı heç nə vəd etmir. Hər şeydən öncə, miqrantların öz vətənlərində vəziyyətin sabitləşməsi istiqamətində təxirəsalınmaz addımlar atılmalıdır. Əks təqdirdə, vəziyyətin indikindən qat-qat ağır və idarəolunmaz olacağı qaçılmazdır. Lakin reallıq ondan ibarətdir ki, ABŞ başda olmaqla, Qərb özlərinin hazırkı Yaxın Şərq siyasətlərində israrlıdırlar. Bu gün Avropa miqrant probleminin tam olaraq öhdəsindən gəlmək iqtidarında deyil. Avropaya üz tutan miqrantların əksəriyyətinin yolda həyatlarını itirmələri də ciddi suallar doğurur. Avropa miqrantları qəbul etməkdə maraqlı deyil, atılan bəzi addımlar isə sırf beynəlxalq ictimaiyyətə hesablanmış, görüntü xarakterli addımlardır. Bəzi Avropa liderləri açıq şəkildə miqrantları Avropaya üz tutmamağa çağırır. Beləliklə, miqrantların müəyyən hissəsinin Avropanın müxtəlif ölkələrdə yerləşdirilməsi hələ çıxış yolu deyildir. Yaxın Şərqdə vəziyyətin stabilləşdirilməsi istiqamətində təsirli addımlar atılmayacağı halda miqrant problemi daha da kəskinləşəcək və bütövlükdə beynəlxalq təhlükəsizlik böyük sual altına düşəcək”.

Şəymən