“Rektorlar ali məktəblərdə özlərini xan kimi aparırlar”

Ramin Hacılı: “Bir neçə yüksək vəzifə tutan şəxslərin parlament seçkilərinə qatılmasının qarşısı alınmalıdır”




Parlament seçkisinə namizədliyini irəli sürən gənc siyasətçilərdən biri də Ümid Partiyasının sədr müavini, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılıdır. Partiya funksioneri Nərimanov rayonu birinci seçki dairəsindən namizədliyini irəli sürüb. Xatırladaq ki, hazırda sözügedən dairədən millət vəkili yoxdur.


Belə ki, 2013-ci ildə son seçkilərin qalibi, YAP sədrinin müavini Əli Əhmədov Baş nazirin müavini təyin olunduğu üçün deputat səlahiyyətlərinə xitam verilib. Seçkiyə hazırlıq prosesi ilə bağlı "Şərq”in suallarını cavablandıran Ramin Hacılı deyib ki, məqsədi millət vəkili olaraq vətəndaşlara daha çox faydalı olmaq, ölkənin taleyi ilə bağlı verilən qərarlarda yaxından iştirak etməkdir.


- Ramin bəy, həm partiya, həm də fərd olaraq seçkiyə necə hazırlaşırsız?


- Ümid Partiyası öz namizədləri ilə bağlı seçki qərargahı yaradıb. Qərargah ciddi hazırlıq işi aparır. Partiyamız da bütün namizədlərin sənədləşmə işinə yaxından kömək edir. Şəxsən öz fəaliyyətimə gəlincə, mən də seçki qərargahımı yaratmışam. Ora xeyli könüllü, vəkil və səlahiyyətli nümayəndələr cəlb etmişəm. Onlar mənim təbliğatımı aparacaq, eyni zamanda məntəqələrdə katiblər fəaliyyət göstərəcək. Artıq bütün hüquqi şəxslər müəyyən edilib. İmza vərəqələrini də hazır etmişik və imzatoplama işinə başlamışıq. Bundan sonrakı mərhələdə namizədlərin qeydə alınması və təbliğat-təşviqat kampaniyası olacaq. Biz artıq təbliğat üçün də öz bazamızı formalaşdırmışıq. Saytlardan, plakatlardan və digər təbliğat resurslarından maksimum istifadə edəcəyik.
- Təbliğat kampaniyasında hansısa təcrübəli qurumların, ekspertlərin dəstəyindən istifadə edəcəksinizmi?
- Təbii ki, yardım alacağıq. Amma indidən bunu açıqlamaq düzgün olmaz. Namizədlər qeydə alınandan sonra bu istiqamətdə çox ciddi işlər görəcəyik və texnoloqlardan istifadə edəcəyik.
- Niyə məhz Nərimanov rayonundan namizəd oldunuz?
- Uzun müddət Nərimanov rayonunda ofisimiz olub. Hesab edirik ki, imkanlarımız orada daha genişdir. Bizə çox yaxın insanlar həmin rayonun ərazisində yaşayır. Eyni zamanda bura şəhərin mərkəzidir, qapalı tipli müəssisələr azdır. Həmçinin, hazırda həmin dairənin millət vəkili də yoxdur. Bölgə insanları dərdlərini deməyə deputat tapmırlar.
- İddia olunur ki, builki seçkilərdə gənclər parlamentə düşməkdə daha fəal və istəklidir. Siz də bunu müşahidə edirsiniz?
- Bəlkə müəyyən qədər elədir. Amma düşünürəm ki, cəmiyyətin dinamikası daha artıq olmalı idi. Çünki Azərbaycan elə bir bölgədə yerləşir ki, ölkədə sabitliyin olması üçün seçki prosesinin aktivliyi çox vacibdir. Əgər seçki aktivliyi olmazsa, alternativ sahələrdə aktivlik artacaq ki, bu da Azərbaycan dövlətçiliyi üçün real təhlükələr yaradacaq. Ona görə hesab edirəm ki, seçki prosesində fəallıq nə qədər çox olarsa, Azərbaycan o qədər qazanar.
- Parlamentdə təmsil olunma məsələsində yaşlı və gənc nəsil söhbəti də ortaya atıldı. Bəziləri hesab edir ki, Milli Məclis təcrübəsiz gənclərin yeri deyil. Çoxları isə düşünür ki, parlamentin qoca siması dəyişməlidir. Gənc siyasətçi kimi siz necə düşünürsüz?
- Fikrimcə, yaş məsələsi əsas rol oynamır. Bu, statistik bir şeydir. Deputat gənc də ola bilər, yaşlı da. Əsas məsələ parlamentdə təmsil olunan gənc və ya yaşlı deputatın hansı səlahiyyətlərə malik olmasıdır. Milli Məclisə düşəcək şəxslərin imkanları geniş olmalıdır ki, onlar öz seçicilərinə yardım edə bilsinlər. Onsuz da bugünə qədər biz ancaq yaşlıların məclisini görmüşük. 5 çağırışda Milli Məclisdə yer alan 125 deputatın əksəriyyəti yaşlı olub. Amma biz bunun müsbət nəticəsini görməmişik. Bu gün xalqın parlamentə olan münasibəti birmənalı deyil.
- Bir neçə yüksək vəzifə tutan şəxslərin paralel olaraq deputat seçilməsinə münasibətiniz necədir?
- Bu, mənim ən çox qarşı çıxdığım məsələdir. Eyni vaxtda həm icra strukturunda, həm də qanunverici orqanda təmsil olunmaq ölkə qanunlarına ziddir. Gənc, yaşlı məsələsindən daha çox bunun üzərində dayanmaq lazımdır. Məsələn, universitet rektorlarının, dövlətə bağlı şirkət rəhbərlərinin, ümumiyyətlə, dövlət səlahiyyəti daşıyan şəxslərin deputat olması parlamentin işinə mənfi təsir göstərir.
- İddialardan biri də builki seçkidə parlamentə yeni deputatların seçiləcəyi ilə bağlıdır. Necə düşünürsüz, Milli Məclisdə dəyişiklik olacaqmı?
- Vallah, bu, bizim arzumuzdur. Ümid edirik ki, iddia edildiyi kimi dəyişiklik olacaq. Şəxsən mən də çox istəyirəm ki, parlamentin siması dəyişsin. Ümumiyyətlə, ölkənin bəzi qurumlarında dəyişiklik çox vacibdir. Çünki dəyişiklik inkişaf deməkdir. Yəni olsa, çox yaxşı olar. Ancaq sözün açığı, ciddi dəyişikliyin olacağını gözləmirəm.
- "Facebook”da parlamentdə verəcəyiniz ilk təklifin "təhsilin təkmilləşdirilməsi üçün idarəçilik islahatı” olduğunu yazmısınız. Konkret olaraq nəyi nəzərdə tutursuz?
- Bu gün təhsil nazirinin orta məktəb direktoruna təsir imkanı zəifdir. Çünki məktəb direktoru rayon icra başçısı tərəfindən təyin olunur. Təhsil Nazirliyi isə TQDK ilə mübarizə aparır. Fikir verin, Elm və Təhsil Komitəsi, Prezident Aparatının Humanitar şöbəsi, Milli Elmlər Akademiyası, Bakı Şəhər Baş Təhsil İdarəsi və s. Təhsil sistemində o qədər səlahiyyət bölgüsü, o qədər bürokratiya var ki, təhsil almaq istəyənlər başını itirir. Camaat bilmir problemləri ilə bağlı hansı quruma müraciət etsinlər. Əgər təhsil prosesi bir mərkəzdən idarə olunsa, anlaşılmazlıq olmaz. Bu halda məsuliyyət konkret bir və ya iki orqanın üzərinə düşər. Yəni heç bir qurum məsuliyyəti digərinin üstünə ata bilməz. Universitet rəhbərlərini Prezident təyin edir və onların əksəriyyəti deputatdır. Ona görə rektorlar təhsil nazirini saya saymırlar və muxtar fəaliyyət göstərirlər. Ali məktəb daxilində də özlərini xan kimi aparırlar. Onların cangüdənləri Prezidentin mühafizə xidmətindən daha çoxdur. Bilirsiz, bunlar çox iyrənc bir görüntü yaradır və təhsili insanların gözündən salır.

İsmayıl