“Bu yanaşma irəli deyil, iki addım geri getməkdir”

“Əslində Ştefan Füle Minsk Qrupunu ittiham etməliydi ki, niyə onların 24 illik fəaliyyəti heç bir nəticə vermir”




"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün həm Azərbaycan, həm də Ermənistan daha fəal işləməlidir”.
Bu sözləri Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə üzrə sabiq komissarı Ştefan Füle deyib. Onun sözlərinə görə, Qarabağ münaqişəsinin tənzimlənməsi üçün iradə, imkan və hazırlıq var: "Sadəcə bunun üçün şərait yaratmaq lazımdır. Kənar vasitəçilər münaqişənin həlli üzərində nə qədər fəal işləsələr də, əsas məsuliyyət hər iki tərəfin siyasətçilərinin üzərinə düşür. Əgər onlar konfrontasiya dilini seçsələr, münaqişənin həllini tapmaq üçün uzun illər gözləmək lazım gələcək”.

Ştefan Fülenin dediklərini "Şərq”ə şərh edən siyasi elmlər doktoru, professor Elman Nəsirli deyib ki, sabiq komissarın fikirləri real vəziyyətə adekvat deyil: "ATƏT-in Minsk Qrupunun 24 illik fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi münaqişənin həllinə heç bir töhfə verməyib. Bununla belə Aİ-nin keçmiş komissarı münaqişənin həlli ilə bağlı öhdəliyi, məsuliyyəti həmsədrlərin deyil, tərəflərin üzərinə atır. Hesab edirəm ki, bu yanaşma irəli getmək deyil, əksinə, iki addım geri getməkdir. Məsələyə bu cür yanaşmaqla problemi həll etmək olmaz. Əslində Ştefan Füle Minsk Qrupunu ittiham etməliydi ki, niyə onların 24 illik fəaliyyəti heç bir nəticə vermir, niyə işğalçı Ermənistana təzyiq edilmir və s. Ermənistan mühüm görüşlərdən əvvəl və sonra təxribatlara əl atır, qeyri-konstruktiv mövqe sərgiləyir. Əgər tərəflər münaqişəni həll edəcəklərsə, onda ATƏT-in Minsk Qrupuna nə ehtiyac var?!”. Politoloqun sözlərinə görə, Ştefan Fülenin açıqlaması münaqişənin həllinə heç bir səmərəlilik gətirə bilməz: "Onun bu davranışı, yanaşması münaqişənin daha da uzadılmasına haqq qazandırmaq kimi dəyərləndirilə bilər.
Fülenin vaxtı ilə təmsil etdiyi Avropa İttifaqı heç vaxt münaqişənin həllində maraqlı olmayıb. Bu qurum hər zaman məsuliyyəti ATƏT-in üzərinə atıb. Bütün bunlar bir daha onu təsdiqləyir ki, beynəlxalq qurumların münaqişənin həlli ilə bağlı heç bir real yanaşması, planı yoxdur”.
İsmayıl