Dövlət nəzarəti gücləndirib

“Bu günə qədər istehsalçı müəssisələr Azərbaycan bazarı üçün qiyməti özləri müəyyən edirdilər”



Prezident İlham Əliyevin 18 mart 2015-ci il tarixli fərmanı ilə Nazirlər Kabinetinə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi tapşırılıb. Fərmanın icrasını təmin etmək məqsədilə müvafiq dövlət qurumları dərhal işə başlayaraq xeyli sayda dərman preparatlarının qiymətini aşağı salıblar. Qiymətlərdəki ciddi endirim ölkə ictimaiyyətinin razılığına səbəb olub.


Prosesi dəyərləndirən millət vəkili Tahir Rzayev deyib ki, Prezidentin dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı tapşırığı çox tədqirəlayiq addımdır. Çünki dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi çox vacib məsələdir: "Çox zaman dərmanların qiymətləri müəyyən işbazlar tərəfindən artırılırdı. Yəni işbazlar dərmanların qiymətlərini özləri bildikləri kimi təyin edirdilər. Bu da əhalinin haqlı narazılığına səbəb olurdu. Ona görə də dərmanların qiymətinin normal olması çox vacib şərtlərdən biridir”.
T.Rzayev vurğulayıb ki, dərmanın qiyməti hər aptekdə fərqli olurdu: "Qiymətlərin sabitləşdirilməsi və eyniləşdirilməsi çox düzgün addımdır. Hesab edirəm ki, bu qərar cənab Prezident tərəfindən əhaliyə göstərilən qayğının, diqqətin bir nümunəsidir. Əhali də bu addımı yüksək qiymətləndirir. Çünki bu addım müəyyən mənada əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edəcək. İnsanlar dərman vasitələrinə əvvəlkindən daha az vəsait xərcləyəcək və yerdə qalan pulu digər ehtiyaclarının təmin edilməsinə yönəldəcək”.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin direktoru Fərid Əliyev da mövzuya dair fikirlərini bildirib. Bir çox qaranlıq məsələlərə aydınlıq gətirən ekspert deyib ki, hazırda ölkədə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin sayı 4500-dən artıqdır: "Bu dərman vasitələrinin qiymətləri mərhələli şəkildə Tarif Şurası tərəfindən təsdiqləndikcə, eyni preparatlar bütün ölkə ərazisində təsdiqlənmiş vahid qiymətlə satılacaq. İlkin olaraq 256 adda dərman vasitəsinin qiymətləri Şura tərəfindən təsdiqlənib və bu qərar cari ilin 15 sentyabr tarixindən qüvvəyə minəcək. Tarif Şurasının avqustun 25-də keçirilən iclasında isə daha 801 dərman vasitəsinin qiyməti təsdiqlənib. Beləliklə, elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənib. Bunun nəticəsində hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46 faiz dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılıb. Bütövlükdə isə, həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94 faizi üzrə qiymətlər aşağı salınıb. Onu da qeyd etmək istərdim ki, keçən ilin analoji dövrü ilə müqayisədə cari ildə dərman vasitələrinin idxalının həcminin hətta artması müşahidə edilir”.
Ekspert hesab edir ki, bəzi dərman vasitələri əczaçılıq bazarından çıxacaq: "Əczaçılıq bazarından real qiymətindən 300-500 faiz baha satılan dərman vasitələrinin çıxması alqışlanan haldır. Xatırladım ki, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin arasında eyni təsiredici maddəyə malik müxtəlif ticarət adları altında dərman vasitələri mövcuddur. Bunlar müxtəlif istehsalçılara aid olan eyni tərkibli, nisbətən baha və ucuz olan dərman vasitələridir. Bu da ölkə əhalisinin müxtəlif təbəqələrinin mənafeyinə xidmət edən haldır. Beləliklə, hər hansı bir dərman vasitəsinin dərman bazarından çıxması onun qıtlığına səbəb olmamalıdır. Çünki demək olar ki, hər bir dərman vasitəsinin eyni təsiredici maddəyə malik olan alternativi mövcuddur. Həmçinin, onu da qeyd edim ki, dövlət qeydiyyatına alınmış bütün dərman vasitələrinin keyfiyyəti eyni dərəcədə yüksəkdir. Təsiredici maddə haqqında məlumat ticarət adı ilə bərabər dərman vasitəsinin qutusu üzərində qeyd olunur. Ona görə də əminliklə deyə bilərik ki, hər hansı dərman vasitəsinin ölkəyə idxalının azalması əczaçılıq bazarında qıtlığın yaranmasına səbəb olmayacaq”.
Fərid Əliyev eyni tərkibli dərman vasitələrinin qiymətlərinin nəyə görə fərqləndiyini də izah edib: "Bütün dərman vasitələri iki qrupa bölünür: orijinal və generik dərmanlar. İcad olunub, tədqiqatlar və kliniki sınaqları aparılmış və ilk dəfə istehsal edilmiş dərman vasitəsi orijinal hesab olunur və aydın məsələdir ki, onun qiyməti yüksək olur. Çünki istehsalçıların gələcəkdə yeni dərman vasitələrini işləyib-hazırlamaq və istehsal etməsinin əlverişli olması üçün 20 illik patent hüququ verilir. Həmin müddət ərzində dərman vasitəsinin istehsalçısı həmin tərkibdə olan dərman vasitəsinin yeganə sahibi olur. Lakin patent müddəti bitdikdən sonra həmin tərkibdə dərman vasitələrinin istehsal edilməsi hüququ digər istehsalçılara verilir. Beləliklə, patent müddəti bitdikdən sonra istehsal olunan dərman vasitələri generik sayılır. Yəni onların istehsalçıları, dərman vasitəsinə aid tədqiqatlar aparmadan istehsalına başlayırlar və əlbəttə ki, bu halda generikin qiyməti orijinaldan aşağı olur. Generik dərman vasitələrinin də müxtəlif istehsalçıları eyni tərkibli dərman vasitələrinə müxtəlif qiymət təyin edirlər. Bu da istehsalçı ölkənin siyasi-iqtisadi vəziyyətindən və qiymətə təsir göstərən bir sıra digər faktorlardan asılıdır. Lakin, bu o demək deyil ki, onların keyfiyyəti fərqlənir. Bir daha deyirəm, keyfiyyətin yeganə zəmanəti dövlət qeydiyyatıdır”.
Vətəndaşları maraqlandıran başqa bir məsələ də ölkəyə idxal olunan dərman vasitələrinin keyfiyyəti ilə bağlıdır. Çoxları belə hesab edir ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsindən sonra qiymətlərin aşağı düşməsi keyfiyyətə də öz təsirini göstərə bilər. Dərman vasitələrinin keyfiyyətinə bu sahəyə milli nəzarətedici orqan olan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən çox ciddi nəzarət olunur.
Qurum rəhbəri bildirib ki, qiyməti təsdiqlənmiş bütün dərman vasitələri dövlət qeydiyyatına alınıb, onların keyfiyyət, effektivlik və təhlükəsizlik parametrlərinin tələblərə uyğunluğu təsdiqlənib: "Dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi sisteminin yaranması ehtiyacı ondan irəli gəlirdi ki, bu günə qədər istehsalçı müəssisələr Azərbaycan bazarı üçün qiyməti özləri müəyyən edirdilər. Çox vaxt bu qiymətlər yüksək olurdu. Artıq qiymətlərin tənzimlənməsi sistemi tətbiq edildikdən sonra bu cür hallara son qoyulacaq və dərmanların qiymətləri istehlakçılar üçün münasib olacaq”.

İsmayıl