Gündüz gəlmə, gecə gəl...

Sentyabrın 15-dən rayon avtomobilləri Bakıya buraxılmayacaq
“Rayon sakinləri yazır ki, bizi Bakıya buraxmırlarsa, Bakı camaatı da rayona gəlməsin!.. Nəticəsi düşünülməmiş bir qərar bu şəkildə ayrı-seçkiliyə səbəb olub artıq”


Sentyabrın 15-dən rayon qeydiyyatında olan minik avtomobilləri gündüz saatlarında Bakıya buraxılmayacaq. Paytaxta gəlmək istəyən rayon sakini maşınını şəhərin girəcəyində ayrılmış xüsusi duracaqlarda saxlayıb, oradan avtobusla, metro ilə (duracaqlar olan yerdə metrostansiya yoxdu axı deyəsən - red.), taksi ilə hərəkətinə davam etməli olacaq.


Bu haqda dünən Baş nazirin müavini Abid Şərifov danışıb. Nazir müavini deyib ki, bu qayda şəhərin cənub və şimalında duracaqlar istifadəyə veriləndən sonra tam qüvvəyə minəcək, rayon qeydiyyatlı avtomobillər sentyabrın 15-dən başlayaraq paytaxta buraxılmayacaq.
A.Şərifov məsələni bir az geniş izah edib. Və bunları deyib:
- Bəzi ekspertlər rayonlardan minik avtomobillərinin Bakıya yalnız axşam saatlarında gəlməsi ilə bağlı təklifi bəyənmirlər. Amma bunun iqtisadi tərəfinə baxmaq lazımdı. Tutaq ki, köhnə "Jiquli” minik avtomobili ilə Bakıya gəlirik. Nə kondisioneri var, filan qədər benzin işlədir, amortizatordan isə danışılası deyil. Yayın istisində otururuq bu maşına, 3-4 uşaqla 4-5 saata Bakıya gəlirik. Halbuki o insanlar avtobusla paytaxta gəlsələr, bu qədər xərcə, əziyyətə düşməzlər. Avtobusla Bakıya gəlmək 2 dəfə ucuz başa gəlir. İkincisi, təhlükəsizlik ən önəmli məsələdir. Əhalisi Azərbaycanla müqayisə olunacaq istənilən Avropa ölkəsini, yaxud elə İsraili götürək. İsraildə 1 ildə avtomobil qəzasında 190-200 nəfər həyatını itirir, Azərbaycanda 1300 nəfər yol qəzalarının qurbanı olur, İsraillə müqayisədə 4 dəfə çox da insan isə xəsarət alır, şikəst olur. Təəssüf ki, heç birimiz bunu düşünmürük. İnsan sağlamlığı hər şeydən önəmlidir”.
Yük avtomobillərinin axşam saatlarında paytaxta daxil olması barədə tələbə toxunan A.Şərifov qeyd edib ki, Bakıda yaşayanların 10 dəqiqəlik yolu 1 saata qət etməsi ciddi narahatlıq doğurur: "Bakıda 3,5 milyon insan yaşayır, bəziləri evindən işə 10 dəqiqəlik yolu 1 saata gedir. Təcili yardım maşınlarının hərəkəti də mümkün olmur. Biz də deyirik ki, yük avtomobilləri Bakıya axşam saatlarında gəlsin. Axşam yolla hərəkət etməyin təhlükəli olduğunu deyirlər. Burada xətalı nə var? Mən burada problem görmürəm”.
Rayonlardan gələn, xəstə insanların olduğu minik avtomobillərinə gəlincə, A.Şərifov bildirib ki, yol polislərinə tapşırıq verilib ki, xəstə insanların olduğu minik avtomobillərinin Bakıya buraxılmasında heç bir problem olmasın: "Bu sahədə heç bir problem ola bilməz”. Maraqlıdır, yol polisləri xəstələri necə ayırd edəcək.
Yoxsa, yol polisləri loğmanlıq kursu da keçir və İbn Sinalıq edib insanın sifətinə baxan kimi onun xəstə olub-olmadığını biləcəklər?!
Belə çıxır, gərək insanın əlində həkimdən kağız olsun ki, filankəs xəstədir, Bakıya müalicəyə və ya müayinəyə gəlir. Bu da əlavə çətinlik. İndi gəl, həkimlərə yalvar ki, başına dönüm, mənə xəstəliyimlə bağlı arayış ver, Bakıya gedə bilim.
Baş nazirin müavini isə deyir ki, sadəcə, ilk növbədə insanların sağlamlığını düşünməliyik:
"Bütün gün yollardakı problemlərdən danışırıq. Kim deyir ki, paytaxta giriş bağlıdır? Bu, səhv düşüncədir. Kim istəyir, minik avtomobili ilə axşam, ya da avtobusla gündüz gəlsin. Ya da minik avtomobilini şəhərin cənub, yaxud şimal çıxışında duracaqda qoyub, şəhərə avtobusla, metro, taksi ilə gündüz gəlsin. Bununla bağlı 3 duracaq olacaq, bu duracaqlardan 2-si sentyabrın 15-dək istifadəyə veriləcək. Bu duracaqda tam şərait var, duracaqlar pulsuz fəaliyyət göstərəcək. Avtobusla şəhərə gəlsinlər, işlərini görüb, geri qayıtsınlar. Bunun nəyi pisdir? Kimsə mənə izah edə bilərmi ki, biz kimisə narahat edirik? Sadəcə, insanların təhlükəsizliyini, rahatlığı barədə düşünürük”.
A.Şərifov rayon qeydiyyatında olan minik avtomobillərinin gündüz saatlarında Bakıya buraxılmaması ilə bağlı tələbin sentyabrın 15-dən, duracaqlar istifadəyə veriləndən sonra tam qüvvəyə minəcəyini də nəzərə çatdırıb.
Belə yerdə deyirlər ki, avazın yaxşı gəlir, oxuduğun "Quran” olsa. İndi gəlin görək, rayon maşınlarına gündüz qadağasının müsbət tərəfləri çoxdur, yoxsa mənfi. A.Şərifov gündüz qadağasında məqsədin yalnız insanların sağlamlığı və təhlükəsizliyin təmin edilməsi olduğuna inandırmağa çalışır.
Yol-hərəkəti qaydalarına və ölkə yollarına bələd adamlarsa bu qadağanın yalnız insanlara əlavə problemlər yaradacağını və narahatlığa səbəb olacaqlarını deyir və əsaslandırırlar da.
"Avtosfer.az” saytının rəhbəri Elməddin Muradlı "Şərq”ə açıqlamasında yaxın günlərdə qüvvəyə minəcək qaydaların rayon sakinləri və sürücülər üçün bir sıra çətinliklər yaradacağını dedi:
- Bayaqdan sosial şəbəkələrdə bu məsələ müzakirə olunur. Rayon sakinləri yazır ki, bizi Bakıya buraxmırlarsa, Bakı camaatı da rayona gəlməsin!.. Nəticəsi düşünülməmiş bir qərar bu şəkildə ayrı-seçkiliyə səbəb olub artıq. Bundan sonra artıq təbəqələşmə də yaranacaq. Kimin maşını Bakı seriyalıdı, kiminki rayon. Sürücülər çalışacaqlar, avtomobillərinə Bakı seriyası alsınlar. Bu da rüşvətə yol aça bilər. Abid Şərifov heç bir problem olmadığını deyir. Problemlərsə "n” qədərdi. Hamı bu ölkənin vətəndaşıdır, Bakı hamımızın paytaxtıdır. İnsanlar pul ödəyib maşın alıb, sən niyə insanlara qadağa qoymalısan ki, Bakıya gündüz gəlmə, gecə gəl?! Niyə gecə gəlsin? Yoxsa, qəzalar ancaq "Jiquli”lərlə törədilir?! Bəs gecə bu köhnə "Jiquli” yola çıxanda təhlükə olmayacaq?! Deməli, nə olur, olsun, təki Bakıda olmasın?!
Məgər Bakıda tıxacları yaradan tək səbəb rayon avtomobilləridir?
Rayon qeydiyyatlı maşınların paytaxtdakı avtomobillərin ümumi sayında çəkisi çox cüzidir. Tıxac yaradan səbəblər başqadır. Sıradan birini deyim; bir market zəng edir "Coca-cola” şirkətinə ki, 5 şüşə gətir. Maşın anbardan yola çıxır, özü də gündüz saatlarında, nə var-nə var, hansısa marketə 5 şüşə "Coca-cola” gətirməlidir. Gündüz saatlarında marketlərin qarşısında sıraya düzülən yük maşınlarıdır, tıxac yaradan. Gecələr barların, restoranların, otellərin önündə o qədər avtomobil olur ki, 3-cü zolağı da zəbt edirlər. Amma heç kim bu maşınları yığışdırmaq, onları cərimələmək fikrinə də düşmür. Sadəcə, buna göz yumulur. Neftçilər prospektində, otelin qarşısında avtomobillər dayanıb, yolun hərəkət hissəsini faktiki qapayırlar. Heç kim onları məcbur edə bilmir ki, 5 metr o yanda "Azadlıq meydanı”ndakı yeraltı avtomobil dayanacağından istifadə etsinlər. Amma şəhərdə elə binalar var ki, sakin maşınını yaşadığı binanın qarşısında 4 saatdan artıq saxlaya bilmir. Əks halda pul ödəməlidir. Sakin məcburdur ki, 4 saatdan bir həyətə düşüb maşınını o yan-bu yana tərpətsin, daha bir 4 saat əldə etsin. Parkomatlar, pullu dayanacaqlar çox bahadır. Saatı 1 manat, 2 manat. İnsanlar bu səbəbdən dayanacaqlara daxil olmaq istəmir. Bilirsiz, paytaxt yollarında da, ölkə miqyaslı yollarda da o qədər problemlər var, bunları həll etmək əvəzinə, lazımsız bir işlə məşğuldurlar. Rayon maşını gəlməsin, gecə gəlsin, gecə yola çıxsın. Niyə kiməsə göstəriş verilməlidir ki, gecə gəl, ya gündüz?! İnsanın hər saatda işi ola bilər. Bəlkə elə bir iş baş verir ki, gündüz gəlməlidir. Harada saxlayacaq maşınını? Duracaqlar da, guya ictimai nəqliyyatın işləməsi də, hamısı formaldır. İnsanlar, sadəcə əziyyət çəkir. Bir müddət əvvəl Nəqliyyat Nazirliyi avtobuslara gecə yola çıxmağı qadağan etmişdi. Düz də etmişdi. Çünki sürücülər yorğun olur, sükan arxasında yuxulayırlar. Gecə saatlarında maşın idarə etmək çox çətindir. Yol qəzalarının əksəriyyəti gecələr baş verir. Xüsusilə də bizim yollarda. Yolların əksəriyyətində lazımi yol nişanları yoxdur, sərt döngələr nişanla bildirilmir, işıqlandırma sistemi düzgün qurulmayıb. Sürücülərin hamısı peşəkar deyil ki, qəzalardan yan keçə bilsin. İndi isə rayon sakininə deyirlər ki, gündüz yox, gecə gəl. Niyə bu insanlar əziyyət çəkib, ailəsini-uşağını maşına doldurub gecə yola çıxmalıdır? Bakı seriyası da 99-dur, rayon maşınlarına da 99 seriyalı nömrə verilir. Yol polisi bunu necə ayırd edəcək ki, bu rayon maşınıdır, o birisi Bakı? Qadağalar əvvəlcə, təkcə rayon qeydiyyatında olan avtomobillərə şamil edilirdi, indi Abşeron rayonunu da bu sıraya qatıblar. Tutalım, birinin maşınında həqiqətən xəstə adamı var, polis də maşınları saxlayıb yoxlayır, indi bu maşın dayanıb gözləməlidir ki, nə vaxt ona növbə çatacaq. Yaxşı, sürücü maşını saxladı duracaqda, bu xəstə adamı avtobuslarda gəzdirməlidir, yoxsa metroya "dartmalıdır”? Bu, heç bir məntiqə sığmır. Rəsmilər bu qərarın ancaq müsbət istiqamətli olduğuna inandırmağa çalışırlar, ancaq hansı tərəfdən baxırsan, başdan-ayağa problem, çatışmazlıqdır. Məncə, bunlar hamısı lazımsız işlərdir. Yollarla bağlı həll olunası nə qədər vacib məsələ var. Ümumiyyətlə, istər paytaxt, istərsə də rayon yollarında yolsuzluq bir problem kimi hələ də qalır. Cənub bölgələrimizdən şimala aparan yollar bərbaddır. Halbuki bu yolları keyfiyyətli etməklə, biz tranzit ölkə ola bilərik. Dövlət büdcəmizə də gəlir daxil olar. Şəxsən özüm Qaxdan gələndə yolların necə təhlükəli olduğunu görmüşəm. Sərt döngələrdə heç bir nişan yox idi. Biz araşdırma aparmışıq və məlum olub ki, paytaxtda və regionlarda 2000-dən çox yol nişanı çatışmır. Magistral yollarda ötməyə icazə verilmir. Baş yol, dairəvi yol, üstünlük nişanları... heç biri yoxdur. Bir sıra yollarda xətlər düzgün çəkilməyib. Piyada keçidləri problemi var. Piyada keçidləri avtobus dayanacaqlarının içinə "soxulub”. Sürücü bilmir, vətəndaş avtobus gözləyir, yoxsa yolu keçir. Sürücülər "ksenon” lampalardan istifadə edir, qarşıdan gələn sürücünün gözü qamaşır, idarəetməni itirir. Biz çalışırıq insanları maarifləndirək, yol hərəkəti qaydalarına riayət etməyə çağırırıq, bu tərəfdən də sürücülərə, bu cür süni əngəllər yaradılır. Rayon maşınlarına Bakı qadağası insanların rahatlığı üçün deyil, tam əksi, narahatlığı artıracaq.

Məlahət Rzayeva