Yerin altındakı ölüm...

Metroda təhlükəsizlik sədləri çəkilməlidir, amma bu mümkün deyil




Sentyabrın 5-də metronun "28 May” stansiyasında gənc oğlan özünü qatarın altına ataraq intihar edib. Bu hadisədən sonra metroda sərnişinlərin təhlükəsizliyi məsələsi yenidən gündəmə gəlib. Belə ki, bir sıra ölkələrdə sərnişinlərin təhlükəsizliyi baxımından platformanın kənarlarında xüsusi sədlər çəkilir. Boşluqlar yalnız qatarların qapısının açılan hissəsində olur.

Bəs, görəsən, Bakı metrosunda belə sədlərin quraşdırılması gözlənilirmi?
"Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, platformada təhlükəsizlik sədlərinin tikilməsi stansiyanın layihəsi zamanı nəzərə alınmalıdır. Qurum rəsmisinin sözlərinə görə, bu məsələ sadə proses deyil:
"Bilirsiniz ki, metronun əksər stansiyaları çoxdan tikilib və belə bir iş nəzərə alınmayıb. Bu baxımdan bütün stansiyalarda sədlərin quraşdırılması asan məsələ deyil”.
N.Paşayev əlavə edib ki, gələcəkdə belə bir plan nəzərə alına bilər: "Amma indidən bu barədə dəqiq məlumat vermək düzgün olmaz”.
Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov isə metro platformasında təhlükəsizlik sədlərinin çəkilməsinə dünya təcrübəsində rast gəlindiyini deyib: "Köhnə metrostansiyalarda bu cür təhlükəsizlik sədləri olmasa da, artıq bir çox ölkələrdə yeni metrostansiyaların tikintisi zamanı şüşədən sədlər çəkilir. Tam təhlükəsizlik üçün sədd müəyyən hündürlükdə olur və şüşəbəndlərin qapısı da metro qatarlarının qapısı ilə paralel açılır. Yəni, həmin səddin qapıları elə yerlərə qoyulur ki, qatar dayanan zaman üst-üstə düşsün. Çox təəssüf ki, Azərbaycanda yeni tikilən metrostansiyaların heç birində təhlükəsizlik sədləri nəzərə alınmayıb. Hətta əlil insanların metrodan rahat istifadəsi üçün də şərait yaradılmayıb. Bu da yeni metrostansiyaları tikənlərin səriştəsizliyinin göstəricisidir. Başlarından edib, yola veriblər. Halbuki dünyanın əksər ölkələrində son 10-15 ildə tikilən metrostansiyaların hər birində həm əlilliyi olan insanlar üçün rahat infrastruktur, həm də təhlükəsizlik sədlərinin quraşdırılması nəzərə alınıb. Bizdə isə hələ ki, bu tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmayıb. Mövcud metrostansiyaların platformasında təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün əlavə vəsait lazımdır. Hansı ki, bu tədbirləri metro xətlərinin tikintisi zamanı həyata keçirsələr, daha az pul çıxardı. Onu da deyim ki, xaricdə yalnız metro stansiyalarında yox, yerüstü qatarlarda da bu tədbirlər görülür. Hətta aeroportlarda sərnişinləri bir terminaldan o birinə aparan "robot elektriçka”larda da təhlükəsizlik sədləri çəkilir”.
S.Məmmədov metrostansiyalarda təhlükəsizlik sədlərinin çəkilməsinin vacib olduğunu desə də, bunun intiharların qarşısını alacağını düşünmür: "Əgər bir insan özünü öldürməyi qərara alıbsa, bunu harada olsa edəcək. Ancaq metro özünün təhlükəsizliyini təmin etmək üçün bu cür sədlərin çəkilməsində maraqlı olmalıdır. Düzdür, Azərbaycanda heç vaxt yaşanmayıb, amma xarici ölkələrdə basa-bas zamanı insanların qatarın altına yıxılması ilə bağlı faktlar var. Təhlükəsizlik sədləri bu cür bədbəxt hadisələrin qarşısını alır”.

Şəymən