Sterliqov bir daha Qarabağa qayıtmayacaq

“Çünki ortada Azərbaycan dövlətinin iradəsi var”



Rusiyalı iş adamı German Sterliqov yenidən Dağlıq Qarabağa səfər etməyi planlaşdırır. Biznesmen deyib ki, Rusiyaya qayıtmağı bir daha Dağlıq Qarabağa qayıtmayacağı anlamına gəlməməlidir. Sterliqov Qarabağın onun üçün "doğma ev” olduğunu söyləyib və bəyan edib ki, onun orada kiçik təsərrüfatı və dəyirmanı var:

"Mənim Qarabağda yerli şəxslərdən şərikim, böyük oğlanlarım var. Onlar təsərrüfatı idarə edəcək, mən isə ora səfərlər edəcəm”. Xatırladaq ki, German Sterliqov Azərbaycanın icazəsi olmadan Ermənistan tərəfindən işğal olunan ərazilərə səfər etdiyi üçün İnterpol vasitəsilə axtarışa verilib. Məsələyə münasibət bildirən millət vəkili, AVP sədri Fəzail Ağamalı Sterliqovun bir daha Dağlıq Qarabağa qayıtmayacağını düşünür. Onun sözlərinə görə, bu cür açıqlama təskinlik xarakteri daşıyır: "Azərbaycan Sterliqov kimi insanlara qarşı mövqeyini hər zaman ortaya qoyub. Sterliqovun dövlətimiz tərəfindən qara siyahıya salınması da ona olan münasibətin bariz nümunəsidir. Rusiyalı biznesmen bizim üçün arzuolunmaz şəxsdir. Çünki qanunsuz olaraq Azərbaycanın sərhədlərini pozub və beynəlxalq hüquq normalarını tapdalayıb. Yəni konkret cinayətlər törədib”.
Deputat deyib ki, İnterpolun Sterliqovun axtarışını dayandırması təəssüf doğuran haldır: "Sterliqov haqqında cinayət işinin açılmasında Rusiya dövləti də maraqlı olmalıdır. Çünki o, Rusiya vətəndaşıdır. Bu məsələdə Azərbaycan və Rusiya qanunlarının uzlaşdırılması vacibdir. Belə hərəkətlərə yol verən insanlara qarşı sərt mövqe nümayiş etdirilməlidir. Ancaq hesab edirəm ki, Sterliqov bir daha Qarabağa qayıtmayacaq. O, açıqlamasında deyib ki, Dağlıq Qarabağdakı işlərini şəriki və ya oğlu idarə edəcək. Fikrimcə, bu, təsəlliverici sözdür. Çox güman ki, Sterliqovun bundan sonra Qarabağa qayıtması mümkünsüz olacaq. Çünki ortada Azərbaycan dövlətinin iradəsi var”.

İsmayıl