92 yaşlı “Zaqatala” qəzeti

Bu qəzet 4 dəfə əlifbamızın, 3 dəfə isə çap texnologiyasının dəyişməsinə şahidlik edib”




Region mətbuatının nüfuzlu mətbu orqanlarından sayılan "Zaqatala” qəzeti 1923-cü ilin mart ayının 8-də fəaliyyətə başlayıb. Əvvəllər "Zaqatala kəndçisi” adı ilə nəşr olunan qəzet 1991-ci ilin oktyabrından "Zaqatala” adı altında fəaliyyətini davam etdirib. Nəşr olunduğu uzun müddət ərzində böyük uğurlar əldə edən qəzet o dövrlərdə Azərbaycanda ana dilində nəşr olunan 23 qəzetdən biri olub.


"Zaqatala” qəzetinin birinci nömrəsi cəmi 2 səhifə çıxıb və nəşr olunduğu tarix etibarı ilə bütün yazılar Beynəlxalq Qadınlar gününə həsr olunub. Qəzetin ilk redaktoru o dövrdə Zaqatala Rayon Qəza İnqilab Komitəsinin sədri olan, məşhur inqilabçı Zəkəriyyə Balaxlinski olub. Ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin jurnalist kadrlarının hazırlanmasına göstərdiyi böyük diqqət sayəsində "Zaqatala” qəzeti də perspektivli və istedadlı kadrlarla zənginləşib. Ona görə də qəzetin fəaliyyətinə həmişə yüksək qiymət verilib, onun əməkdaşları müxtəlif fəxri adlara və mükafatlara layiq görülüblər. Müxtəlif illərdə qəzetin əməkdaşlarından iki nəfəri "Əməkdar mədəniyyət işçisi” fəxri adına, bir nəfər "Qızıl qələm” və Həsən bəy Zərdabi adına mükafatlara layiq görülüb, müxtəlif yaradıcılıq müsabiqələrinin diplomları ilə təltif olunublar. Uzunömürlü mətbu orqanın şərəfli ömür yolundan danışan "Zaqatala” qəzetinin baş redaktoru, Əməkdar mədəniyyət işçisi İbrahim Bəxtiyaroğlu deyib ki, qəzetin taleyində iftixar etməli, qürur hissi keçirməli elə hadisələr olub ki, onlar barədə həyəcansız danışmaq mümkün deyil: "İlk vaxtlar qəzetin əhatə dairəsi 3 məkanı - Zaqatalanı, Balakəni və Qaxı əhatə edirdi. Bu qəzet düz 7-8 il ərzində bölgənin ilk mətbu orqanı kimi fəaliyyət göstərib. Ötən əsrin 20-ci illərində bölgələrdə qəzet çıxarmaq çox çətin bir iş sayılırdı. Əvvəla ixtisaslı kadrlar yox idi. İkincisi, iki səhifədən ibarət olan və əski ərəb əlifbası ilə nəşr olunan qəzeti hərf-hərf yığmaq, əllə çap etmək lazım gəlirdi. O dövrdə "Zaqatala”nın bəxti gətirmədi. Son araşdırmalarımıza əsasən deyə bilərik ki, qəzetin ilk redaktoru Zəkəriyyə Balaxlinski olsa da, qəzetin ərsəyə gəlməsində 1920-1930-cu illərdə Zaqatala qəza və inqilab komitələrində birinci şəxs sayılan Xəlil Ağamirovun xidmətləri az olmayıb. Belə ki, Xəlil Ağamirov 1910-1912-ci illərdə "Kaspi” mətbəəsində mürəttib işlədiyi üçün qəzet işini az-çox bilirdi. Zamanın tələblərinə uyğun olaraq qəzetimiz sonralar, yəni 1923-1962-ci illərdə "Kolxozun səsi”, 1962-1991-ci illərdə "Qırmızı bayraq” və nəhayət, 1991-ci ilin sonundan isə "Zaqatala” adları altında fəaliyyət göstərib”. İ.Bəxtiyaroğlunun sözlərinə görə, "Zaqatala” qəzeti fəaliyyət göstərdiyi 92 il ərzində 4 dəfə əlifbanın, 3 dəfə isə çap texnologiyalarının dəyişməsi zamanı meydana gələn çətinlikləri yaşamalı olub. Qəzet Balakən, Zaqatala və Qax rayonlarının mətbu orqanı funksiyasını yerinə yetirib. Hər 3 rayonun yetirmələri onilliklər boyu Zaqatalada nəşr olunan qəzetin fəaliyyətində yaxından iştirak edib, müxtəlif vəzifələrdə çalışıblar. Son 50 ildə qəzetə Nadir Əliyev, Rəcəb Rəcəbov, Əli Süleymanov, Sevil Sadıxova, Şaban Musayev, Zenfira Nəsibova və mən rəhbərlik etmişik. Yerli qəzetimizdə ilk qələm təcrübələri dərc olunan Əhməd İsayev, Hikmət Əzimov, Qurban Cəbrayıl və çoxlu sayda qələm sahibləri Azərbaycan mətbuatının tanınmış nümayəndələri olublar. Qəzetin fəaliyyətinə həmişə yüksək qiymət verilib, onun əməkdaşları müxtəlif fəxri adlara və mükafatlara layiq görülüblər”. Qəzetin baş redaktoru bildirib ki, "Zaqatala” qəzeti bölgə qəzetləri içərisində müxtəlif yaradıcılıq müsabiqələrində ən fəal iştirak edən qəzetlərdən biridir: "Qəzetin əməkdaşları son bir neçə ildə dəfələrlə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibi olub, diplomlarla və pul mükafatları ilə mükafatlandırılıblar. Bundan əlavə, qəzetin əməkdaşları Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi müsabiqələrdə yaxından iştirak edərək mükafata layiq yerlər tutublar”. İ.Bəxtiyaroğlu bildirib ki, "Zaqatala” qəzeti arxada qoyduğu onilliklər ərzində daim yeniliklər etməyi ilə diqqət mərkəzində olub: "Məsələn, ötən əsrin 70-80-ci illərində əlamətdar hadisələrə həsr olunmuş buraxılışlar olurdu. Son 5-6 ildə isə qəzetimiz bölgə qəzetlərinin içərisində ilk dəfə olaraq A-2 formatına keçib, müəyyən sayları 4, qalanı isə 2 rəngdə çap olunur. Hazırda rayon icra hakimiyyətinin yaxından köməkliyi ilə ayda 4 dəfə oxucuların görüşünə gəlir. "Zaqatala” qəzeti heç vaxt bölgə insanlarının inamını qırmayıb, daima onlarla birgə olub. İndi saralmış qəzet səhifələrini vərəqlədikcə, ötən illər bir kino lenti kimi gözümüzün önündən keçir. Minlərlə zaqatalalıların, habelə qonşu Balakən və Qax rayonlarının sadə insanlarının şəkilləri, barələrində yazılan sözlər əbədi ünvan kimi qalmaqdadır. 20 ildən artıqdır ki, biz müstəqillik ideyasından sonsuz qürurla söhbət açırıq. Bu tarixi nailiyyətdən biz də payımızı ala bilmişik. Söz və mətbuat azadlığından bəhrələnmişik, dünya qəzet texnologiyasına yiyələnmişik”.
Baş redaktor deyib ki, yazılarımızın təməlində nikbinlik, azərbaycanlı olmağın fəxarəti yaşayır: "Zaqatala” qəzeti fəaliyyətini bu gün də uğurla davam etdirir. Hər həftə oxucularının görüşünə gəlir, Zaqatala rayonunun ictimai-siyasi və iqtisadi-mədəni həyatını geniş surətdə əks etdirən müxtəlif səpkili yazılar dərc edir ki, həmin yazıları oxucular maraqla qarşılayırlar. Qəzet redaksiyanın nəzdindəki kompüter mərkəzində yığılır və səhifələnir. Qalan digər proseslər isə Bakı şəhərində, "Azərbaycan” nəşriyyatında tamamlanır. Qəzetimiz 1500 tirajla iki rəngdə çap olunaraq, rayonumuzun bütün yaşayış məntəqələrini, idarə, müəssisə və təşkilatlarını əhatə etməklə yayılır”.
İ.Bəxtiyaroğlu region mediasının, xüsusilə də "Zaqatala” qəzetinin üzləşdiyi problemlərdən də söz açıb: "Qəzetimiz də daxil olmaqla bu gün region mətbuatının maddi-texniki bazası arzuolunan səviyyədə deyil. Məsələn, "Zaqatala” qəzetinin, çox təəssüf ki, bu günə kimi ayrıca binası yoxdur. İndiyədək qəzetin redaksiyası darısqal, normal iş şəraitindən uzaq bir məkanda yerləşib. Digər tərəfdən region qəzetlərinin maliyyə problemləri hələlik tam öz həllini tapmayıb. Bu da əmək haqlarının artırılmasına, yeni avadanlıqların alınmasına, qəzetin dövriliyinin artırılmasına ciddi əngəllər törədir. Ən ciddi problemlər sırasında regionda mətbəənin olmamasını da ayrıca qeyd etmək lazımdır. Mətbəənin olmaması səbəbindən qəzetlərin nəşr xərcləri ilbəil artır. "Zaqatala” qəzeti Bakı şəhərində nəşr olunduğundan əlavə vəsaitin xərclənməsi zərurəti yaranır. Bundan əlavə qəzetin oxuculara çatdırılmasında istər-istəməz əlavə vaxt itkisi meydana gəlir”.
Baş redaktorun sözlərinə görə, rayon qəzetlərinin əksəriyyətində bu gün nisbətən yaşlı və təcrübəli əməkdaşlar çalışır: "Elə bizim "Zaqatala” qəzetinin yaradıcı heyətinin üzvləri 35-40 il iş stajına malik işçilərdir. Doğrudur, təcrübəli, jurnalistikanın sirlərinə yetərincə bələd olan insanlarla işləmək nisbətən rahatdır. Lakin etiraf olunmalıdır ki, region qəzetləri gələcək uğurlu fəaliyyətlərini davam etdirmək üçün yeni media anlayışına malik, çevik və müasir informasiya-texnologiyasını geniş şəkildə istifadə etməyi bacaran, gənc və perspektivli kadrlarla təmin olunmalıdır. Çox təəssüf ki, bu vəzifəni yerinə yetirmək əksər qəzetlərə, o cümlədən "Zaqatala” qəzetinə bugünədək müyəssər olmayıb. Biz qəzetimizə gənclərin gəlməsi, burada möhkəmlənməsi üçün tərəfimizdən hər bir addımı atmağa hazırıq. Lakin ara-sıra qəzetimizə təcrübə keçmək üçün gələn gənc jurnalistlərin nəzəri hazırlıqları aşağı səviyyədədir, onlarda seçdikləri peşəyə qarşı məhəbbət hissi azdır. Görünür, jurnalist kadrlarının hazırlığının əsaslı şəkildə yaxşılaşdırılması üçün respublika səviyyəsində daha ciddi addımlar atılmalıdır. Jurnalistlərin peşə hazırlığına diqqət ilk növbədə bu işlə məşğul olan jurnalistika fakültələri tərəfindən artırılmalıdır”.
İ.Bəxtiyaroğlu bildirib ki, region qəzetləri bu gün rayon icra hakimiyyətləri ilə əməkdaşlıq şəraitində fəaliyyətlərini davam etdirir. Onun sözlərinə görə, rayon icra hakimiyyətlərinin yerli qəzetlərə dəstəyinin artırılmasına hər zamankindən indi daha çox ehtiyac hiss olunur: "Lakin reallıq elədir ki, bu gün rayon icra hakimiyyətləri yerli qəzetlərə birbaşa maliyyə dəstəyi vermək imkanından məhrumdur. 1996-cı ildə "Azərbaycan” qəzetində yerli qəzetlərin fəaliyyətinin mövcud durumunun müzakirəsinə həsr olunmuş səhifədə təklif etmişdik ki, region qəzetlərinin birbaşa maliyyələşməsi üçün rayon icra hakimiyyətlərinin smetasında vəsait ayrılması nəzərdə tutulsun. Günü bu gün də məsələnin bu şəkildə həlli açıq qalır. O ki qaldı yerli dövlət qurumlarından informasiyanın əldə olunmasına, burada elə bir çətinlik nəzərə çarpmır”.
Baş redaktor hesab edir ki, bölgələrdə medianın inkişafı üçün dövlət səviyyəsində ayrıca bir proqramın qəbuluna ehtiyac var: "Çünki region mətbuatının hüquqi və iqtisadi əsaslarına dair bir çox məsələlər hələ də tənzimlənməmiş qalır. Rayon qəzetlərinin reklam bazarı, demək olar ki, yox səviyyəsindədir. Araşdırmalarımız göstərir ki, yerli idarə, müəssisə və təşkilatlar bir sıra reklam materiallarının məhz yerli qəzetlərdə dərc olunmasında daha çox maraqlıdırlar. Çünki reklam materiallarının yerli qəzetlərdə yerləşdirilməsi xərcləri daha ucuzdur və reklam materialları verənləri tam qane edir. Bölgələrdə medianın inkişafı üçün atılacaq digər addım ən müasir çap texnologiyasına malik mətbəələrin yaradılmasıdır. Belə mətbəələrin regionlarda yaradılması yerli mətbuatın inkişafında önəmli rol oynaya bilər. Bölgələrdə mətbəələrin yaradılması qəzetlərin dövriliyini kəskin surətdə artırmaq imkanı yarada bilər. Məsələn, "Zaqatala” qəzetinin çoxdandır ki, gündəlik qəzet nəşri barədə ayrıca layihəsi işlənib. Hesab edirik ki, müasir dünyagörüşünə malik zaqatalalı oxucular gündəlik rayon qəzetini almağı çox istərdilər. Vaxtaşırı bu barədə bizə müraciət edənlər də az deyil. Lakin reallıq elədir ki, biz bu gün düşündüyümüz və hazırladığımız gündəlik qəzet nəşri layihəsini mətbəələrin olmaması səbəbindən ərsəyə gətirə bilmirik”.

İsmayıl


Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb