Zəlzələ ayıblarımızı açır

Masazırda qır yatağının üstündə tikilən evləri təhlükə gözləyir



"Əgər sürüşmənin qarşısını almaq istəyiriksə, 7 metr dərinədək gedib alt qata çatmalıyıq. Sonra isə bərkidici işlər görülməlidir. Amma 2-3 evdən ötrü, ya da hansısa yeni tikililərdən ötrü belə bir çətin, məsuliyyətli işə başlamaq lazımdırmı?”


Bu günlərdə Şəkidə baş verən zəlzələ Azərbaycanın seysmik bölgə olduğunu sanki bir daha xatırlatmış oldu. Hadisədən sonra keçirilən mətbuat konfransında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Şəkidə baş verən zəlzələnin zəlzələ ocaqlarını oyatmaq ehtimalı olduğunu da istisna etməyib. Qeyd edək ki, Şəkidə 7 bal gücündə zəlzələnin baş verməsi yeni tikilən binaların keyfiyyəti ilə bağlı tərəddüdlü fikirləri də yenidən gündəmə gətirib. Q.Yetirmişli Masazırda qır yatağı üzərində lap təhlükəli zonada tikilən evlər və binaların köçürülməli olduğunu bildirib: "Masazırda qır yatağı üstündə evlər, binalar tikiblər. Tədqiqat apardıq, ən gərgin sahələri aşkarladıq. Yəqin ki, dövlət qurumları tərəfindən lazımi addımlar atılacaq”.
Müstəqil Memarlar Assosiasiyasının prezidenti, memar Zemfira Budaqova isə Azərbaycanın hər zaman seysmik zona kimi tanındığını qeyd edib: "Sovet dövründə də bu cür təhlükələr vardı. Aktivliyi ilə seçilən ərazilər vardı ki, orada 7-8 ballıq episentrlər hər zaman gözlənilən idi. Ancaq indi əvvəllər zəlzələ təhlükəsi olmayan yerlərdə belə təkanlar büruzə verməyə başlayıb. Bu isə tikinti şirkətlərinin daha diqqətli olmasını şərtləndirir. Aktiv zonaların artması səbəbi ilə paytaxtda tikilən göydələnlər 9-11 bala uyğun hesablanmalıdır. Çünki son vaxtlar yerin relyefində müəyyən dəyişikliklər baş verib. Yer qabığı dəyişib və suyun səviyyəsi əvvəlki illərlə müqayisədə qat-qat artıb. Bu da çöküntülərə yol açır. Ona görə də indi bir sıra ölkələrdə yerin seysmikliyi öyrənilir. Azərbaycanda da bu sahədə vəziyyət qaneedicidir. Hündür tikililərin seysmoloji dayanıqlığı zəlzələyə dözümlüdür. İndiki şəraitdə orada yaşamağın heç bir təhlükəsi yoxdur. Amma indi bu sahədə problemlər yoxdur demək də doğru olmaz, lakin hazırda ciddi təhlükə ilə üzləşmək ehtimalı azdır. Çünki binalar yüksək texnologiya əsasında, yüksəkballı zəlzələlərə davamlı şəkildə inşa olunur. Həm də ki, son illər tikintilərin zəlzələlərə dözümlülüyünə nəzarət var. Ancaq çox təəssüflər ki, bəzi yerlərdə keyfiyyətə göz yumulur və nəticədə bina necə gəldi ucaldılır. Hesab edirəm ki, bu istiqamətdə tədbirlər gücləndirilməlidir ki, peşmançılıq olmasın. Belə ki, əvvəl Azərbaycan üçün seysmik göstərici 5-7 bal idisə, indi bu rəqəm artıq 9-11 bal olub. Ona görə də, tikinti şirkətləri yerin seysmikliyini nəzərə alıb bina inşa etməlidir. Əks halda, göydələnlər domino daşı kimi üst-üstə gələ bilər”.
Z.Budaqova deyib ki, tikinti şirkətlərindən hansı birisi yerin hazırkı seysmikliyini nəzərə alıb bina inşa edibsə, həmin şirkət üzüağ olacaq: "Yox, əgər kimsə qayda-qanuna əməl etməyib, büdcəsini az xərcə salıbsa, o zaman üzüqara olacaq. Xatırlayırsınızsa, 2000-ci ildə Bakıda qeydə alınan güclü zəlzələ zamanı binalar üzüağ çıxdılar. Bəlkə də, zəlzələnin episentri dənizdə olduğu üçün ciddi fəsadlar törədə bilmədi, həmin episentr torpaqda olsa idi, itkilərimiz olardı”.
Masazırda qır yatağının üstündə tikilən həyət evlərinin təhlükəsizliyinə gəldikdə isə memar deyib ki, burada da elə bir təhlükəli hal yoxdur. Çünki yerin üz qabığı 1-2 mərtəbəli evlərə dözə bilər.
Z.Budaqova deyib ki, qır yatağının üzərində çoxmərtəbəli bina da tikmək olar, o şərtlə ki, həmin bina yerin üz qabığının qaldıra biləcəyi ağırlıqda olsun: "Qır yatağı da gil yatağı kimi bir şeydir. Hər ikisi təhlükəli ərazi hesab olunur. Bina tikməzdən əvvəl qır yatağının dərinliyi araşdırılmalı və üst qatın davamlılığı nəzərə alınmaqla binanın hündürlüyü müəyyən edilməlidir. Dəfələrlə məsələ qaldırmışam ki, dəniz kənarında hündür binalar tikmək olmaz. Həmin ərazilər gil qatının üzərində olduğu üçün binaların hündürlüyü 5-6 mərtəbəni keçməməlidir. Çünki hazırda bütün Yer kürəsində suyun səviyyəsi qalxıb. Belə bir vaxtda, düşünün ki, Abşeron yarımadası gil təbəqəsinin üzərində "oturub”. Gil qatı suyun içindədir. Biz istəsək də, bunun qarşısını ala bilmərik. Suyun səviyyəsi qalxdıqca, gil təbəqəsini tərpədir. Gil təbəqəsinin qalınlığı 7 metrdir. Suyun səviyyəsinin qalxması ilə sahil boyu yerləşmiş binaların hamısına təhlükə yaranır. Su qalxdıqca torpağı isladır, torpaq da gil qatından ibarət olduğundan yumşalır, sürüşməyə meyillənir. Su tədricən binaların özülünü isladır və yumşaldır. Belə şəraitdə, əlbəttə ki, binalarda çat da əmələ gələ bilər, binalar uçub-dağılar da. Əgər sürüşmənin qarşısını almaq istəyiriksə, 7 metr dərinədək gedib alt qata çatmalıyıq. Sonra isə bərkidici işlər görülməlidir. Amma 2-3 evdən ötrü, ya da hansısa yeni tikililərdən ötrü belə bir çətin, məsuliyyətli işə başlamaq lazımdırmı? Ondansa sürüşmə ehtimalı böyük olan əraziləri tərpətmək lazım deyil”.

Şəymən