MSK müraciət gözləyir

Əliməmməd Nuriyevin təşkilatı parlament seçkilərində “exit-poll” keçirmək niyyətindədir



Seçkilərin şəffaflığını təmin etmək, ictimai rəyin sözügedən prosesə münasibətini öyrənmək üçün hər seçkidə "exit-poll” adlandırılan tədqiqat növündən istifadə edilir. Demokratik idarəetmə sisteminin əsas atributlarından sayılan "exit-poll”u ölkəmizdə ilk dəfə Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) keçirib.

Daha sonralar isə bu iş bütün parlament, prezident seçkiləri, hətta 2009-cu il martın 18-də keçirilən referendum zamanı "ELS” Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY” Monitorinq Mərkəzi, "Proqnoz” Müstəqil Sosioloji Tədqiqatlar Mərkəzi, Konstitusiya Araşdırmaları Fondu tərəfindən də həyata keçirilib. Şübhə yoxdur ki, noyabrın 1-də baş tutacaq parlament seçkilərində də müxtəlif qeyri-hökumət təşkilatları və xarici hüquqi şəxslər "exit-poll” keçirəcəklər. Həmin təşkilatların adından "exit-poll”un keçirilməsinə cəlb edilən şəxslər əsasən seçki hüququ və seçki sistemi üzrə mütəxəssis, yaxud bu sahədə müəyyən təcrübəsi olan şəxslər olmalıdır. Tələblərə cavab verənlər, ümumiyyətlə seçkidə "exit-poll” keçirmək niyyətində olan təşkilat və ya şəxslər qanunvericiliyə uyğun olaraq akkreditasiya üçün sənədlərini oktyabrın 12-dək Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidirlər. MSK isə səsvermə gününə ən azı 10 gün qalanadək "exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası təklifinə cavab verməlidir. Ancaq MSK-nın media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli deyib ki, hələlik belə bir niyyətlə komissiyaya müraciət edən olmayıb.
Seçkidə müşahidəçilik etmək niyyətində olduqlarını deyən Konstitusiya Araşdırmalar Fondunun (KAF) rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, rəhbərlik etdiyi qurum 2013-cü il seçkisində Fransanın "Opinion Way” Tədqiqat Şirkəti ilə birlikdə 60-dan çox seçki dairəsində mütəşəkkil "exit-poll” həyata keçirib: "Biz gördük ki, seçicilər həvəslə intervülərə etimad göstərir və bu tədqiqatda iştirak edirlər. Əldə etdiyimiz təcrübə imkan verir ki, biz noyabrın 1-də baş tutacaq parlament seçkilərində də "exit-poll” keçirək. Bununla bağlı bir sıra texniki işlər var. Xüsusilə resursların bu prosesə cəlb edilməsi ilə bağlı müxtəlif yerli təşkilatlarla müəyyən danışıqlar aparırıq. Çünki bu tədqiqat həm çoxsaylı insan, həm də xeyli maliyyə resurslarının cəlb edilməsini özündə əks etdirir. Eyni zamanda burada texniki resursların cəlb edilməsi məsələləri var ki, bütün bunların hamısı kompleks şəkildə həyata keçirilməlidir. Bəzi xarici təşkilatlarla da bu istiqamətdə danışıqlar gedir. Yəqin ki, xarici təşkilat bizə texniki dəstək formasında bu prosesdə iştirak edəcək. Əgər apardığımız danışıqlar uğurlu alınacaqsa, "exit-poll”un həyata keçirilməsi prosesində iştirak edəcəyik və müşahidə prosesini də qurmağa çalışacağıq”. Ə.Nuriyev "exit-poll”u seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsinin əlamətlərindən biri kimi dəyərləndirib: "Azərbaycanda azad, ədalətli seçkilərin keçirilməsi üçün siyasi iradə özünü nümayiş etdirir”.

İsmayıl